Qələbədən sonra dövlət səviyyəsində Füzulinin dirçəldilməsi prioritet xəttə çevrildi
17 oktyabr – “Füzuli şəhəri günü” Azərbaycan tarixində həm qürurun, həm də milli iradənin simvolu kimi xüsusi yer tutur. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan Füzuli düzənlik və alçaq relyeflə seçilir; ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə qovuşur. Rayon 1 386 km² sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqanla həmsərhəddir və Araz boyunca İranla sərhəd təşkil edir. Tarixən Qarabağa “giriş qapısı” sayılan bu yurd yerində 1827-ci ildə Qarabulaq adlı yaşayış məskəni salınmış, 1930-cu ildə həmin bazada Qaryagin rayonu yaradılmış, 1959-cu ildə isə dahi şair Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayona Füzuli adı verilmişdir. Bir şəhər və 78 kənddən ibarət olan rayon yalnız coğrafiya deyil, poeziya və mənəviyyat anlamı daşıyan adın məsuliyyətini illərlə şərəflə yaşadıb.
İkinci Qarabağ müharibəsində Füzuli uğrunda döyüşlər cənub-şərq cəbhəsinin ən gərgin, eyni zamanda ən şərəfli mərhələlərindən oldu. Düşmənin illərlə möhkəmləndirdiyi bir neçə müdafiə xətti Ordumuzun qətiyyəti qarşısında yarıldı, təmas xətti barədə yaradılmış miflər dağıdıldı. Əməliyyat planının özünəməxsusluğu – düşmənin gözləmədiyi istiqamətdən şəhərə daxil olunması – strateji üstünlüyü təmin etdi və qarşı tərəfə yalnız bir seçim qoydu: qaçmaq. 17 oktyabr 2020-də Ali Baş Komandan İlham Əliyev Füzulinin azad edildiyini elan edərək xalqımıza qələbə müjdəsi verdi; bu qələbə Şuşaya yol açdı, Qarabağın hərbi-siyasi taleyini birdəfəlik dəyişdi.
Qələbədən sonra dövlət səviyyəsində Füzulinin dirçəldilməsi prioritet xəttə çevrildi. 26 noyabr 2020-də təsis olunan “Füzulinin azad olunmasına görə” medalı ilə 25 325 hərbi qulluqçu təltif edildi ki, bu da əsgərimizin igidliyinə verilən ən ali qiymətlərdən biridir. Eyni zamanda, Füzuli minalanmanın intensivliyinə görə ölkənin ən çətin rayonlarından hesab olunur: yüz mindən çox mina təhlükəsiz qayıdışı və təsərrüfat dövriyyəsini ləngidir. Buna baxmayaraq, “Böyük Qayıdış” çərçivəsində bərpa-quruculuq geniş vüsət alıb və 2026-cı ilin sonuna qədər 22 min insanın Füzuliyə qayıdışı hədəflənib. İnfrastruktur layihələri, sosial obyektlər və iqtisadi təşəbbüslər bu hədəfə xidmət edir.
Prezident İlham Əliyevin azad edilmiş torpaqlara ardıcıl səfərləri Füzulidə quruculuğun canlı salnaməsidir: 16 noyabr 2020-də şəhərdə üçrəngli bayrağımız ucaldıldı, Zəfər yolunun təməli qoyuldu; 14 yanvar 2021-də Füzuli-Şuşa avtomobil yolu və Füzuli hava limanının təməli atıldı; cəmi səkkiz ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanı 26 oktyabr 2021-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə açıldı. 23 avqust 2023-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə məktəb istifadəyə verildi; 12 mart 2024-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Uşaq Yaradıcılıq Mərkəzi açıldı, eyni gün Qırğızıstan Prezidenti Sadır Japarovla şəhərin Baş planı təqdim olundu; 17 may 2024-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə səfər dostluq və həmrəyliyin növbəti nümunəsi kimi yadda qaldı. 31 iyul 2023-də 17 oktyabrın “Füzuli şəhəri günü” elan edilməsi isə bu tarixin dövlət səviyyəsində əbədiləşdirilməsidir.
İşğaldan azad edilərkən Füzulidə üzə çıxan dağıntının miqyası heyrətamiz dərəcədə ağır idi – belə ki, Prezident İlham Əliyevin “bayraq sancmağa heç bir yer tapmadıq” sözləri o mənzərəni dəqiq təsvir edirdi. Bu gün isə həmin yerlərdə yeni küçələr, məktəblər, ictimai binalar və istehsal sahələri qurulur; Özbəkistanın təşəbbüsü ilə məktəb, Qazaxıstanın təşəbbüsü ilə Uşaq Yaradıcılıq Mərkəzinin inşası qardaş ölkələrin mənəvi-siyasi dəstəyinin təcəssümüdür.
Əbədi yaddaşımıza həkk olunmuş 17 oktyabr təkcə bir qələbə tarixi deyil, həm də milli iradənin, dövlət müdrikliyinin və xalq birliyinin təntənəsidir. Bu gün Füzuli şəhəri azadlığın, dirçəlişin və yenidənqurmanın canlı rəmzinə çevrilib. İşğaldan sonra xarabalığa dönmüş bu torpaq indi müasir şəhər planlaması, yeni yolları, məktəbləri, hava limanı, sənaye və sosial infrastruktur obyektləri ilə gələcəyə inamla addımlayır. Burada aparılan bərpa işləri sadəcə tikinti deyil – bu, bir millətin öz tarixi haqqını bərpa etməsinin, yenidən doğuluşunun simvoludur.
Ramana qəsəbəsi, 337 nömrəli tam orta məktəbin
direktor əvəzi Ayşən Rzayeva
- 1