AMEA-nın yaradılması Azərbaycan elminin inkişafında mühüm rol oynayıb

Elm hər bir xalqın intellektual və mədəni inkişafının əsas göstəricisidir. Azərbaycanın elmi mühitində bu istiqamətdə mühüm rol oynayan əsas elmi mərkəz Azərbaycan Milli Elmlər Akademiyasıdır. 1945-ci ildə təsis edilən Akademiya, ötən səksən il ərzində ölkənin elmi potensialının formalaşmasında, milli kadrların yetişdirilməsində və beynəlxalq elmi inteqrasiyada mühüm nailiyyətlər əldə etmişdir. İlk prezidenti akademik Yusif Məmmədəliyev olmuşdur. Akademiyanın tərkibinə fizika, kimya, tarix, dilçilik, ədəbiyyat, coğrafiya və digər sahələr üzrə institutlar daxil idi. Bu dövrdə əsas məqsəd milli kadrların yetişdirilməsi və təbii sərvətlərin elmi əsaslarla öyrənilməsi idi. İlk illərdə elmi tədqiqatların əsas istiqamətləri respublikanın təbii ehtiyatlarının öyrənilməsi, sənaye və kənd təsərrüfatının inkişafına elmi dəstək verilməsi idi. Bununla yanaşı, milli humanitar elmlərin – tarix, dilçilik və ədəbiyyatşünaslığın sistemli şəkildə inkişafı üçün də zəmin yaradılmışdır.
XX əsrin ikinci yarısında AMEA-nın elmi məktəbləri formalaşdı. Akademiklər Həsən Əliyev, Əli Quliyev, Mirəli Qaşqay, Zərifə Əliyeva, Lev Landau kimi alimlərin fəaliyyəti ilə Azərbaycan elminin beynəlxalq nüfuzu artdı. Bu illərdə neft kimyası, fizika, tarix və filologiya sahələrində fundamental tədqiqatlar aparıldı. Azərbaycan müstəqillik qazandıqdan sonra AMEA-nın qarşısında yeni vəzifələr durdu. 2000-ci illərdə elmi idarəetmədə islahatlar aparıldı, regionlarda elmi mərkəzlər və filiallar yaradıldı. Akademiya beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı gücləndirdi, gənc tədqiqatçıların inkişafı üçün proqramlar həyata keçirildi. Bu mərhələdə AMEA-nın strukturunda islahatlar aparılmış, regional elmi mərkəzlər yaradılmış, elmi-tədqiqat institutlarının fəaliyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. AMEA BMT, UNESCO, İSESCO, TÜBİTAK, Rusiya, Türkiyə, Avropa və Mərkəzi Asiya ölkələrinin elmi qurumları ilə əməkdaşlıq əlaqələrini genişləndirmişdir. Rəqəmsallaşma prosesləri, “Elm” portalının yaradılması, gənc alimlərin beynəlxalq konfranslarda iştirakı və startap təşəbbüslərinin dəstəklənməsi kimi layihələr elmi fəaliyyətin yeni mərhələsini müəyyən etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi təkcə bir qurumun tarixi deyil, Azərbaycan elminin və ziyalılıq ənənəsinin bayramıdır. Bu illər ərzində AMEA respublikanın elmi potensialını formalaşdırmış, yüzlərlə alim yetişdirmiş və ölkənin intellektual inkişafına töhfə vermişdir.
Gələcəkdə də AMEA-nın əsas məqsədi — Azərbaycan elminin beynəlxalq aləmdə rəqabətqabiliyyətli mövqeyinin möhkəmləndirilməsi və milli elmi irsin qorunması olacaqdır.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru
- 1

