Qələbəyə aparan bu mübarizədə ən çətin, eyni zamanda ən şərəfli mərhələ isə Şuşanın azadlığı oldu

Şuşa - Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi. Onun işğaldan azad edilməsi yalnız hərbi yox, mənəvi və tarixi baxımdan da mühüm əhəmiyyətə malikdir.
Şuşa... Bu ad Azərbaycan xalqı üçün yalnız bir şəhər adı deyil. O, tarixdir, mədəniyyətdir, qürurdur və azadlıq arzusudur. Şuşa Zəfərinə gedən yol isə nə bir gündə, nə bir ayda qət edilib. Bu yol ağrılarla, itkilərlə, səbrlə və sonunda böyük qələbə ilə dolu idi.
1992-ci il 8 may - Azərbaycan xalqı üçün ağır, unudulmaz bir tarix. Ermənistan silahlı qüvvələri Şuşanı işğal etdi. Şuşanın işğalı yalnız fiziki bir şəhərin itirilməsi deyildi. Şuşanın itirilməsi həm strateji, həm də simvolik baxımdan xalqımız üçün böyük, eyni zamanda xalqın mənəvi gücünə, mədəni yaddaşına və tarixinə vurulan böyük zərbə idi. Şuşa - Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın şəhəri idi. Onun susması ilə sanki xalqın musiqisi, sözləri, nəfəsi də susdu. O vaxtdan etibarən "Şuşaya qayıdış" Azərbaycan xalqının qəlbində bir ümid, bir hədəf oldu. Bu ümid xalqımızın yaddaşında iz saldı, arzularını yönləndirdi, ruhunu diri saxladı. Xalq “Şuşaya qayıdacağıq” deyə ümidlə yaşadı.
Şuşa 28 il işğal altında qaldı. Bu illər ərzində şəhər mədəniyyətsizləşdirildi, tarixi abidələr dağıdıldı, erməniləşdirmə siyasəti həyata keçirildi. Azərbaycan isə həm siyasi, həm diplomatik, həm də hərbi baxımdan hazırlığını davam etdirdi.
27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən Müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün başlanmış haqlı mübarizə idi. Başlanan Vətən Müharibəsi bu ümidin gerçəyə çevrilməsi üçün başlanğıc oldu. Azərbaycan Ordusu peşəkar şəkildə planlanmış hərbi əməliyyatlarla bir neçə istiqamətdə irəlilədi. Bu, sadəcə bir hərbi əməliyyat deyildi - bu, millətin ruhunun zəfəri idi.
Qələbəyə aparan bu mübarizədə ən çətin, eyni zamanda ən şərəfli mərhələ isə Şuşanın azadlığı oldu. Şuşaya gedən yol düz hərbi texnika ilə yox, dağlar, meşələr və qayalıqlarla dolu yollarla keçdi. Azərbaycan xüsusi təyinatlı qüvvələri, əsgərlərimiz piyada olaraq, texnika olmadan dağlardan keçərək şəhərə daxil oldular. Bu, hərbi taktika baxımından unikal və cəsarətli bir addım idi.
8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev Şuşanın azad edildiyini xalqımıza və dünyaya elan etdi. Şuşanın azad edilməsi bütün xalq üçün göz yaşları ilə qarşılanan bir zəfər xəbərinə çevrildi. Bu gün Zəfər Günü kimi yaddaşımıza yazıldı.
Cənab Prezident İlham Əliyev müsahibəsində qeyd etmişdi:- “Mən Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! “
Bu gün rəsmi olaraq "Zəfər Günü" kimi qeyd olunur.
Bu zəfər bizə bir daha göstərdi ki, torpaq uğrunda savaş təkcə silahla deyil, milli ruh, birlik və səbrlə qazanılır. Şuşaya gedən yol uzun və çətin oldu, amma bu yol bizi öz kimliyimizə, öz tariximizə və gələcəyimizə qovuşdurdu.
Şuşanın Azadlığı ilə...
- Azərbaycanın qüruru və mədəniyyət paytaxtı geri alındı.
- Ermənistanın hərbi və psixoloji üstünlüyü tamamilə sındırıldı.
- BMT qətnamələrinin yerinə yetirilməsində böyük addım atıldı.
- Regionda yeni reallıq formalaşdı.
İşğaldan sonra Şuşada sürətli bərpa işlərinə başlandı:
- Tarixi abidələr bərpa edilir (Xurşidbanu Natəvanın evi,Yuxarı Gövhər Ağa məscidi və s.)
- “Şuşa – 2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edildi.
- Beynəlxalq tədbirlər və mədəni festivallar bura qaytarıldı.
Bu zəfər bizə bir daha sübut etdi: haqlı olan millət gec-tez qalib gəlir. Şuşaya gedən uzun yol həm tariximizin sınağı, həm də xalqımızın mərdliyinin simvoludur.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil
məktəbinin əməkdaşı Aybəniz Cəfərova
- 1

