İlham Əliyev Xankəndidə açılışlar etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
Fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.
Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.
Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.
Müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir.
Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.
Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.
Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcək. “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək. Müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək. İlkin mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranıdır.
Qeyd edək ki, bu cür müasir Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.



- 0