Manaf Ağayev: Görkəmli alim, mərhəmətli insan, müqəddəs ana
Tarix təkcə hadisələr deyil, tarix həm də tarix qurub yaradanlar haqqında düşüncələrdi, bu düşüncələrin bəşəri dəyəridi, insanlığı şərtləndirən amillərə sədaqətin ehtişamıdı. Belə tarixlər tarixi hadisələrlə səsləşəndə daha yaddaqalan, daha dünyəvi, daha yaşadılmalı olur. Belə ömür yaşayanlara sağlığında da böyük şəxsiyyət deyilib, son nəfəsindən sonra da. Ötən əsrdə Azərbaycanımızın və azərbaycançılığın cəfakeşi olmuş bir ömür illər sonra da işıqlı ömür kimi anılmaqdadır. İşıq ifadəsi gerçək işıq məzmunludu. O işıqlı insan – Zərifə Əziz qızı Əliyeva insanların gözlərinin işığının keşiyindəydi.
1923-cü ildə Naxçıvanda, Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdu. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdu, 1947-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdi. Niyyətlə yaşanılan illərə həmişə sabahların yolgöstərəni deyilib. O yol ürəklərdən keçdiyinə görə, o yol yolun yolçusunu işıqlığa çıxardığına görə, o yol tarixin sabahlarını nişan verən yolun işığına döndüyünə görə deyilib...
Manaf Ağayev - Zərifə Əliyeva belə bir ömür yaşadı. 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. Bu başlanğıc işığa bəşəri sevginin başlanğıcı olacaqmış...
Mövcud müalicə üsul və metodları ilə kifayətlənməyən həkimlər insanlar üçün, insanlıq üçün elmi gümanlarda ümid işığı axtarır. Zərifə xanım da bu yolu seçibmiş; 1950-ci ildə aspiranturaya daxil oldu. Elmdən işıq istəyirdi, elmin işığını təbabətə gətirmək istəyirdi. Bu axtarışlarda İbn- Sinalıq işığı da vardı, Zərdüştlük işığı da; mümkünsüzləri mükünləşdirmək niyyəti və xeyirli düşüncələr, xeyirli düşüncələrə görə xeyirxahlıqlar...
1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində işləyən həkim Zərifə Əliyeva oftalmoloq kimi tanındı; işıqlı niyyət işıqlı fəaliyyət oldu...
Ötən əsrin ortalarında siyasi rejim kapitalizmdən üstünlüyünü bütün vasitələrlə təsdiqləməyə çalışırdı. İstehsal prosesi vətəndaşların sağlamlığına pərsəng olsa da ideoloji qarşıdurmanın ağrılarını vətəndaşlar yaşayırdı.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, bəzən tam korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Belə bir qorxulu infeksiya ilə mübarizə təkcə oftalmologiyanın deyil, ümumən səhiyyənin fəaliyyətinin başlıca qayəsi idi; oftolmologiya dövrün səhiyyəsinin öncülü olmuşdu. Oftalmoloqlar bu istiqamətdə müxtəlif tədqiqat problemlərini ciddi araşdırır, elmi yeniliklərin istahsalata tətbiqi imkanlarını müəyyənləşdirirdilər.
Oftalmoloq Zərifə Əliyeva da bu sahənin elmi mütəxəssisi kimi traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. Bu iştirak kabinetlərdə araşdırmalar aparmaqla, müalicə prosesində tezislərdən nəticələrə gəlməklə məhdudlaşmırdı. Oftalmoloq kimi Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu...
Tədqiqatlar elmi tezislərin düzgün müəyyənləşdirilməsinə əsaslanırsa, arqumentlərin bir-birindən asılılığı və bunların funksiyaya (nəticəyə) təsiri mövcud elmi biliklər sistemində yeniliyə yönəldilirsə, nəticələr uğur gətirir. Zərifə Əliyeva 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Elmi nailiyyət elmin nailiyyəti idi və bu, Azərbaycan mühitində insan amilinə ehtiram kimi tarixləşdi; sosial xəstəlik olan traxoma oftalmoloq Zərifə Əlyevanın elmi təxəyyülü ilə aradan qaldırılacaqdı. Həm də qısa müddətdə...
Zərifə xanım alim idi, Azərbaycanlı idi, yüksək intellektə, yüksək insani duyğulara, geniş dünyaduyumuna malik olan alim idi, vətəndaş idi, insan idi. Bu xarakter bir həkim ömrünün mahiyyətini müəyyənləşdirirdi və cəmiyyət də, elm də, dövlət də belə bir insanın elmi idrakını böyük ehtiramlarla, böyük sevgilərlə dəstəkləyirdi.
Traxoma təkcə sənaye müəssisələrində yayılmamışdı, bu infeksion xəstəlik respublikanın uşaq evlərində də yayılmışdı. Bu, tibb elmləri namizədi Zərifə xanım Əliyevanı təkcə həkim kimi deyil, həm də bir ana kimi narahat edirdi. Bu istiqamətdə fəaliyyəti respublikanın coğrafiyasını əhatə edirdi. Kiçik bir informasiya onun özünü də səfərbər edirdi, müəyyənləşdirdiyi oftalmololoqlar qrupunun da həmin əraziyə ezam edilməsinin hüquqi, xidməti və insani əsası olurdu; uşaq dünyasını hədələyən qaranlıqlara vaxtında işıq yönləndirilirdi...
“Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi. Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi” (Xalq yazıçısı Elmira Axundova).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anasını bənzərsiz sevgilərlə xatırlayır: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi” .
1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilən tibb elmləri namizədi Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyasını H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdi. Opponentləri də, müdafiə Şurasının üzvləri də bu elmi işin elmi dəyərini yüksək qiymətləndirdilər. Az sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri seçildi.
Bir neçə monoqrafiyanın (“Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”) müəllifi olan tibb elmləri doktoru Zərifə Əliyevanın bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub. “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olan professor Zərifə xanım Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirildi. Cəmiyyət, bu sıradan Azərbaycan səhiyyəsi belə bir alimin, belə bir insanın yubileyini ruhun işığında qeyd etdi.
Akademik Zərifə xanım Əliyeva həm də publisistik düşüncəyə, publisistik təfəkkürə malik alim idi. Onun yaradıcılığı təkcə tibb elmi ilə məhdudlaşmırdı, böyük alim, böyük vətəndaş həm də gənc həkimlərin həm peşə fəaliyyətlərinin optimallaşmasının, həm də onların cəmiyyətdə vətəndaşlıq mövqeyinin yüksəlişinin qayğıkeşlərindən biri idi. Onun “Yüksək etimad” kitabı həkimin şəxsiyyət kimi formalaşması baxımından Ana sözüdü, Həkim sözüdü, Alim sözüdü, Müəllim sözüdü.
Akademik Arkadi Nesterov deyirdi ki, Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər: “Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu”.
Professor, Əməkdar elm xadimi Nina Şulpina Zərifə xanımın bir alim, pedaqoq, həkim kimi istedadının çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirdiyini söyləyirdi: “O, canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi. İnsani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdir”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Zərifə xanımı sonsuz sədaqətlə, qənirsiz sevgi ilə xatırlayırdı: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Həyatı insanın əməlləri, xalq üçün, dövlət üçün, dövlətçilik üçün gördüyü xeyirxah işlər gözəlləşdirir...
Zərifə xanım Əliyeva əbədiyyən belə anılacaq. Belə ömür yaşadığına görə...
- 1