London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur
Ekspert: “Orta dəhliz hazırda bütün qlobal oyunçuların iştirak etmək və pay sahibi olmaq istədiyi layihədir”
Avropa İttifaqının ardınca Böyük Britaniya da Azərbaycan ərazisindən keçən Orta dəhlizə qoşulmaq istiqamətində fəaliyyətlərə başlayıb. İyulun 2-də Britaniya parlamentinin yuxarı - Lordlar Palatası Londonda “Orta dəhliz: strateji investisiya və əməkdaşlıq imkanları” adlı Xəzər nəqliyyat əlaqəsinə dair yüksək səviyyəli dəyirmi masa keçirib. Tədbirlə bağlı açıqlanan məlumata görə, Böyük Britaniya Qazaxıstan, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Asiyanı Avropaya birləşdirən mühüm multimodal ticarət marşrutu olan, Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsində artan strateji marağını təsdiqləyib.
Britaniya Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya üzrə Ticarət nümayəndəsi Lord Con Alderdays marşrutun iqtisadi və strateji əhəmiyyətini vurğulayıb, bütün region ölkələrini bu marşruta üstünlük verməyə çağırıb və Böyük Britaniyanın regional infrastrukturun inkişafına dəstək üçün artıq atdığı konkret addımları qeyd edib: “Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi Azərbaycanın aviasiya sektorunda ilk sövdələşməni tamamlayıb. Qazaxıstan və Gürcüstanda liman və dəmir yollarının təkmilləşdirilməsini qiymətləndirir və nəqliyyat infrastrukturu üçün 20 milyard funt sterlinqlik yeni maliyyələşdirmə paketi ayırıb. Qazaxıstan, Qırğızıstan və Özbəkistan keçən il London Fond Birjasında suveren istiqrazların buraxılışları vasitəsilə əlaqələndirmə layihələrini maliyyələşdirmək üçün 10 milyard dollar cəlb edib”.
Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov bildirib: “Söhbət yalnız Qazaxıstan ərazisindən dəhliz kimi istifadə etməkdən getmir. Biz burada istehsal və əlavə dəyər yaratmaq istəyirik - xammalın, o cümlədən nadir torpaq metallarının emalı, hazır məhsulların Böyük Britaniyaya və başqa yerlərə ixracı.”
Millət vəkili və Böyük Britaniyanın Türkiyədəki Ticarət Nümayəndəsi Əfzal Xan Böyük Britaniyanın regiona daha geniş strateji diqqət yetirdiyini qeyd edib: “Bu inkişaf Böyük Britaniya və Türkiyənin yenidən işlənmiş Azad Ticarət Sazişi üzrə danışıqlar apardığı mühüm vaxta təsadüf edir. Böyük Britaniya hökuməti regionla iqtisadi və ticarət əlaqələrimizi gücləndirməyə sadiqdir.”
Qeyd edək ki, ötən ildən etibarən Avropa İttifaqının da Çindən Avropaya uzanan, Rusiya ərazisindən kənardan keçən Orta dəhlizə - Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə diqqəti kəskin artıb. 2024-cü ilin mart ayında rəsmi Brüssel marşrutun zəif həlqələri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanda infrastrukturla bağlı layihələrə 4,7 milyard avro ayırıb. Bu ilin aprelində Səmərqənddə keçirilən yüksək səviyyəli Aİ-Mərkəzi Asiya sammitində Brüssel Orta dəhlizin inkişafına güclü dəstəyini ifadə edib. Aİ region ölkələrində bu marşrut boyunca infrastrukturun yaradılması və modernləşdirilməsinə 12 milyard avro sərmayə qoymağı öhdəsinə götürüb.
Moskva da öz növbəsində Mərkəzi Asiya ölkələrinin Rusiyadan yan keçən və Avropa İttifaqı ilə tərəfdaşlıq şəraitində ticarət marşrutu inkişaf etdirməsindən narazılığını gizlətmir. Rusiya dəhliz iştirakçısı olan Mərkəzi Asiya ölkələri arasında nifaq salmağa, müxtəlif layihələrlə onları bir-birindən ayırmağa çalışır. Bu sahədə o, Çindən gələn mallar üçün əsas tranzit nöqtə olan Qazaxıstanı kənarda qoymaqla Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanla birgə nəqliyyat dəhlizi yaratmağa belə başlayıb. Moskva hər vəchlə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşığın genişlənməsinə qarşı çıxır. Burada əsas məqsəd, əlbəttə, Orta dəhlizin inkişafına mane olmaq, Çindən Avropaya yükdaşımaları öz infrastrukturuna möhtac qoymaqdır.
Orta dəhlizin əsas həlqələrindən olan Azərbaycanı da Rusiya diqqətindən kənarda qoymamağa çalışır. Belə ki, Moskva Bakını öz maraqlarına cavab verən Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin icrasında aktivləşdirməklə, infrastrukturun bu layihə üçün cəlbinə, bununla da Orta dəhlizlə yükdaşıma imkanlarını aşağı salmağa cəhd edir. Belə bir məqamda Böyük Britaniyanın Orta dəhlizə maraq göstərməsi, onun inkişafı üçün addımlar atması ilk növbədə Rusiyanın maraqlarına zərbədir. Bəs Azərbaycan və Orta dəhlizin digər iştirakçıları üçün Londonun layihəyə qoşulması nələr vəd edir?
Siyasi şərhçi Asif Nərimanlının “Yeni Müsavat”a dediyinə görə, Orta dəhliz hazırda bütün qlobal oyunçuların iştirak etmək və pay sahibi olmaq istədiyi layihədir: “Qlobal güc balansının bu marşrutun uzandığı coğrafiyada müəyyənləşəcəyi də görünür. Bu baxımdan, Böyük Britaniyanın Orta dəhlizə dəstək verməsi Londonun qlobal siyasi proseslərdə aktivləşmək istəklərindən irəli gəlir. I Dünya müharibəsindən sonra Britaniya pərdə arxasına çəkilərək, proseslərə yön vermək xəttini izləyirdi. Lakin XXI əsrdə, xüsusilə 2020-ci ildən sonra Londonun qlobal proseslərdə aktivləşməsi müşahidə olunur, Britaniyanın 2030 hədəflərində də bunlar yer alır. Britaniyanın Orta dəhlizdə aktivləşmək istəyi əslində indiyə qədər arxa fonda həyata keçirdikləri siyasətin açıq müstəviyə çıxmasından qaynaqlanır. Fikrimcə, bu, ABŞ-ın Orta dəhliz planının Londonun gündəliyinə tam uyğun olmamasından qaynaqlanır. ABŞ Baydenin dövründə Çini Orta dəhlizdən kənarlaşdırmaq və Mərkəzi Asiya-Avropa xəttini inşa etmək istəyirdi, Trampın dövründə də eyni plan müəyyən korrektlərlə tətbiq oluna bilər. Britaniya isə Pekin-London xəttinin inşasını və bu xəttə nəzarəti, o cümlədən, marşrut boyu coğrafiyanı təsirində saxlamaq siyasətini izləyir. Bununla yanaşı, Britaniya Rusiyanın bu dəhlizdə pay sahibi olmasını istəmir”.
Şərhçiyə görə, Londonun hədəflərini açıq elan etməsi Orta dəhliz layihəsinin daha da aktuallaşması ilə nəticələnəcək, eyni zamanda dəhliz uğrunda qlobal mübarizəni daha da kəskinləşdirə bilər.
İqtisadçı Eldəniz Əmirov isə bildirir ki, Böyük Britaniyanın Orta dəhlizə yanaşmasında strateji dəyişikliyin əsas səbəbi Londonla Çin arasında münasibətlərin yeni mərhələyə keçməsindən qaynaqlanır: “Bunu real olaraq geoiqtisadi çevriliş də adlandırmaq olar. "Brexit"dən sonra Böyük Britaniyada ticarət sahəsində bir sıra problemlər yaranmağa başlayıb. Bilavasitə ticarət sektoru yenidən dizayn edilir. Çinlə münasibətlərdə yeni və praqmatik nəticələrin əldə olunmasına ehtiyac var. Bu ehtiyac Orta dəhliz infrastruktunun daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə, texnologiyaların tətbiqinə zərurət yaradır. Bu baxımdan Böyük Britaniya deyir ki, mən də Orta dəhlizdəyəm. Ötən il Böyük Britaniya ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 98,4 milyard dollar təşkil edib. Bu dövriyyənin 68,7 milyard dolları Britaniyanın Çindən idxalı, 29,7 milyard dolları isə ixracının payına düşüb. Yəni göründüyü kimi, Britaniyanın Çinlə ticarətində 60 milyard dollara yaxın bir kəsir var. Buna görə də London yeni fürsətlər axtarır, məsələyə bir qədər fərqli rakursdan baxmağa başlayır. Bir sıra sahələrdə Britaniya sənayesi idxaldan kəskin asılı vəziyyətdədir. Bu idxal əsasən Çindən reallaşır. Çin bu ölkənin idxalında 3-cü böyük paya malikdir. İki ölkə arasındakı ticarət göstəricilərinə baxsaq, görərik ki, Britaniya Çinə daha çox bahalı məhsullar, lüks avtomobillər, kosmetika, mühəndislik avadanlıqları və sair satır. Çindən isə sənaye istehsalı üçün lazım olan malları idxal edir. İki ölkənin qurduğu iqtisadi strukturu komplementar adlandıra bilərik".
İqtisadçı bildirir ki, Böyük Britaniya 2025-2027-ci illərdə 89 mal kateqoriyası üzrə Çindən idxal tariflərini sıfırlayıb: “London bu addımı ABŞ-ın Çin mallarına idxal rüsumlarını kəskin artırdığı bir zamanda atıb. Məqsəd idxalı ucuzlaşdırmaqla sənaye istehsalının maya dəyərini aşağı salmaq, ölkədə inflyasiyanı cilovlamaqdır. Orta dəhlizə qoşulmaq bu kontekstdə meydana gəlib. Düşünürəm ki, Britaniyanın Orta dəhlizə marağı 2027-ci ildən sonra da davam edəcək. Əks halda, heç vaxt ona yüksək həcmli yatırımlar edilməzdi”.
E.Əmirovun dediyinə görə, Böyük Britaniyanın Orta dəhlizə qoşulması layihə üçün böyük üstünlüklər yaradacaq: “İlk olaraq qeyd edim ki, Britaniyanın layihədə olması onunla bağlı sabitlik, təhlükəsizlik təminatı deməkdir. Bu, dəhliz üçün risklərin sığortalanması, infrastruktur dayanıqlığının təmin olunması deməkdir. Eyni zamanda əlavə maliyyə mexanizmləri yaradılacaq, Britaniyanın layihəyə inteqrasiyası hüquqi prosedurların, gömrük proseslərinin avtomatlaşdırılması imkanları genişlənəcək. Britaniya Beynəlxalq İnvestisiya Şirkəti dəhlizə sərmayə yatıracaq və daha sonra onun arxasında dayanacaq. Bu, digər investorlar üçün yaşıl işıq demək olacaq. Çünki Britaniya elə bir ölkədir ki, onun hansısa layihədə iştirakı, dəstəyi bütün dünya üçün təhlükəsizliyə qarantiya kimi qəbul edilir, investisiya cəlbini asanlaşdırır. Orta dəhlizin illik dövriyyəsinə dair proqnozların Britaniyanın qoşulmasından sonra bir qədər də artırılmasına və özünü doğrultmasına şərait yaradacaq”.
Qeyd edək ki, Azərbaycan müstəqilliyin ilk illərindən Böyük Britaniya ilə sıx ticari-iqtisadi əlaqələr yaradıb. Ölkəmizdə həyata keçirilən ən böyük neft-qaz layihələrində aparıcı rol bu ölkənin BP şirkətinə məxsusdur. Azərbaycanın neft-qaz sektoruna yatırılan 200 milyard dollardan yuxarı xarici investisiyanın mühüm hissəsi Böyük Britaniyaya məxsusdur. BP şirkətinin açıqladığı planlardan aydın olur ki, neft-qaz sektorundakı əməkdaşlıq ortamüddətli dövrdə yeni layihələr hesabına daha da genişləndiriləcək. Bütün bunlar Britaniyanın Orta dəhlizə qoşulmasının Azərbaycan üçün müsbət təsirlərinin daha çox olacağını deməyə əsas verir.
- 0