Eltun Süleymanov:"Akademik Zərifə Əliyeva insanlara nur bəxş edən elm və mərhəmətin simvolu kimi yaddaşlarda yaşayır"

Bəzən elə ömürlər olur ki, onlar yalnız yaşandıqları dövrə deyil, bütöv bir xalqın yaddaşına işıq salır. Akademik Zərifə Əliyevanın həyat yolu məhz belə talelərdəndir. Onun adı Azərbaycan tibb elmi ilə yanaşı, humanizm, mərhəmət və yüksək mənəviyyat anlayışları ilə birgə çəkilir. 15 aprel – bu böyük şəxsiyyətin anım günü – sadəcə bir tarix deyil, həm də insanlığa xidmət edən ömrün dərin ehtiramla xatırlandığı gündür.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, 1923-cü ilin baharında, Naxçıvanın Şahtaxtı kəndində dünyaya gələn Zərifə Əliyeva, gənc yaşlarından elmə və insanlara xidmətə könül verdi. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı ali təhsil onun gələcək həyat yolunun möhkəm təməlini qoydu. Hələ tələbəlik illərindən fərqlənən zəhmətkeşliyi və məqsədyönlülüyü onu qısa zamanda peşəkar həkim və perspektivli alim kimi tanıtdı. Onun elmi fəaliyyəti Azərbaycan oftalmologiyasının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Xüsusilə XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə Zərifə xanımın adını xalqın yaddaşına həkk etdi. O, yalnız laboratoriyalarda deyil, ölkənin ən ucqar bölgələrində də çalışaraq xəstəliyin səbəblərini araşdırır, insanlara şəfa bəxş edirdi. Bu, sadəcə bir həkimin fəaliyyəti deyildi – bu, insan talelərinə toxunan bir missiya idi. Zərifə Əliyevanın elmi maraqları geniş və çoxşaxəli idi. Qlaukoma, virus mənşəli göz xəstəlikləri, görmə orqanının peşə patologiyası kimi mühüm istiqamətlərdə apardığı tədqiqatlar tibb elminə dəyərli töhfələr verdi. Onun əsərləri və monoqrafiyaları bu gün də həkimlər üçün etibarlı mənbə olaraq qalır. O, yalnız alim deyildi. O, müəllim idi, tərbiyəçi idi, insanlara yol göstərən bir ziyalı idi. Gənc həkimlərin yetişdirilməsində göstərdiyi səylər, onların peşəkar və mənəvi inkişafına verdiyi töhfələr Zərifə xanımın ən böyük xidmətlərindən biri kimi dəyərləndirilir. Onun “Yüksək etimad” əsəri həkimlik peşəsinin mənəvi tərəflərini açaraq bu sənətin müqəddəsliyini bir daha təsdiqləyir. 1981-ci ildə nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülməsi onun elmi fəaliyyətinə verilən beynəlxalq qiymətin göstəricisi idi. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə onun elmi zirvəyə yüksəlişinin məntiqi nəticəsi oldu.
Zərifə Əliyevanın həyatı yalnız elmi nailiyyətlərlə deyil, həm də dərin insani keyfiyyətlərlə zəngin idi. O, sadəliyi, səmimiliyi və insanlara olan sonsuz sevgisi ilə seçilirdi. Onun üçün həkimlik sadəcə peşə deyil, bir həyat fəlsəfəsi idi. Bu fəlsəfənin mərkəzində isə insan dayanırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. 1985-ci il aprelin 15-də dünyasını dəyişən Zərifə Əliyeva cismani olaraq aramızdan ayrılsa da, onun yaratdığı elmi irs və mənəvi dəyərlər bu gün də yaşayır. Onun adı ilə fəaliyyət göstərən tibb müəssisələri, onun yetirmələri və davamçıları bu böyük irsi yaşadır və inkişaf etdirirlər.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımın şəxsiyyətini belə xarakterizə edirdi: “O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymazdı”. “Zərifə xanım Azərbaycan qadınının bütün mənəvi keyfiyyətlərini özündə birləşdirən nadir şəxsiyyət idi”. “Onun ailəmizin formalaşmasında və mənim həyatımda rolu əvəzsizdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə anası haqqında xatirələrində qeyd edir ki, Zərifə xanımın həyat fəlsəfəsinin əsasında uşaqlıqdan gələn xeyirxahlıq, sevgi və insanlara bağlılıq dayanırdı. Onun sözlərinə görə, Zərifə Əliyeva ömrünün son anlarına qədər mənəvi gücünü qoruyub saxlamış, həyatın faniliyini anlayaraq yaxşılığın əbədi olduğunu qəbul etmişdi. Cənab Prezident İlham Əliyev vurğulayır ki, o, yalnız böyük alim deyil, həm də övladlarını yüksək dəyərlər ruhunda tərbiyə edən qayğıkeş ana idi və bu xüsusiyyətləri ilə hər zaman örnək olaraq qalır.
Akademik Zərifə Əliyevanın ömür yolu bir daha sübut edir ki, elm və insanlıq bir arada olduqda həqiqi böyüklük yaranır. Onun adı və xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillərə ilham verəcəkdir-deyə E. Süleymanov fikirlərini tamamlayıb.
- 2

