Qlobal istiləşmə, yoxsa lokal sərinləşmə?
Qorxmaz İbrahimli: "Bəzi mütəxəssislər bu halı "hava anomaliyası" kimi izah etsə də, əslində..."
İyulun ortası yaxınlaşsa da, Azərbaycanda hələ də yay istisi tam olaraq hiss olunmur. Xüsusilə Bakıda və Abşeron yarımadasında qeyri-adi sərin hava müşahidə olunur. Bu isə sosial şəbəkələrdə və ictimaiyyət arasında haqlı suallar doğurur: İqlim dəyişir? Qlobal istiləşmədən danışıldığı bir dövrdə sərinləşmə nə ilə bağlıdır?
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, ölkəyə son günlərdə Arktika bölgəsindən soyuq hava kütlələri daxil olub: “Bu hava kütlələri şimaldan, daha dəqiq desək, Arktikadan hərəkət edərək ölkəmizə qədər gəlib çıxıb. Azərbaycanın coğrafi mövqeyi mülayim-subtropik iqlim qurşağına düşdüyü üçün belə sərin hava bizim üçün adətən gözlənilməz sayılır. Lakin bu, iqlim dəyişikliyinin təsirləri fonunda son illərdə daha tez-tez rast gəlinən haldır. Bu cür hava şəraiti xüsusilə çimərlik turizminə və turizm infrastrukturlarına ciddi təsir göstərir. İnsanlar dənizə getməkdən imtina edir, bu isə həmin ərazilərdə fəaliyyət göstərən restoran və kafelərin gəlirinə mənfi təsir edir. Bundan əlavə, günəş şüasının az olması sağlamlıq baxımından da bəzi problemlər yarada bilər. Günəş şüasının orqanizm üçün əvəzolunmaz rolu var. D vitamini çatışmazlığı, psixoloji gərginlik, xroniki yorğunluq kimi hallar günəşsiz günlərdə daha tez-tez müşahidə olunur. Odur ki, bu cür hava şəraiti yalnız iqtisadi deyil, həm də tibbi aspektdən risklər yaradır”.
Onun sözlərinə görə, bu təbii proses hər il olmasa da, bir neçə ildən bir təkrarlana bilər. Məsələn, pandemiyadan əvvəlki illərdə və hətta 2000-ci illərin əvvəllərində də oxşar hava şəraiti qeydə alınıb. Hətta yaz aylarının soyuq keçməsi kənd təsərrüfatında meyvə-tərəvəz məhsuldarlığına mənfi təsir göstərmişdi: “Bəzi mütəxəssislər bu halı sadəcə "hava anomaliyası" kimi izah etsə də, daha geniş baxış bucağından yanaşanlar bu kimi hadisələrin artıq sistematik xarakter aldığını deyirlər. Dünyanın müxtəlif bölgələrində qeyri-adi hava şəraitinə daha çox rast gəlinir - Avropada leysan yağışlar, ABŞ-da ekstremal istilər, Asiyada isə tayfun və quraqlıq. Bu isə iqlim sisteminin balansının pozulmasından xəbər verir. Azərbaycanda da artıq yaz-payız keçidləri əvvəlki illərlə müqayisədə fərqli cərəyan edir. Əvvəllər may ayı isti keçirdisə, indi iyunun ortalarına qədər hava dəyişkən və qeyri-sabit olur. Bu tendensiya təkcə gündəlik həyatımıza deyil, kənd təsərrüfatına, turizmə, enerji sərfiyyatına və səhiyyəyə də təsir göstərir. Mütəxəssislər xüsusilə yay-payız aylarında Bakıda əsən güclü şimal küləklərinə qarşı diqqətli olunmasını tövsiyə edir. Küləkli və sərin hava tənəffüs yolları infeksiyalarının artmasına, oynaq ağrılarına və allergik reaksiyalara səbəb ola bilər. İnsanlar hava şəraitinə uyğun geyinməli, bədənlərini soyuqdan qorumalıdırlar. Xüsusən uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər belə havalarda daha ehtiyatlı davranmalıdır".
Yaxın günlər üçün proqnozlar isə bir qədər ümidvericidir. Ekoloqun fikrincə, bu cür sərin hava şəraiti uzunmüddətli deyil və artıq bir neçə gün ərzində yerini tipik yay istilərinə verəcək: “Təbiətdə sabitlik yoxdur. Hər şey dəyişkəndir və bu hava da keçicidir. Qısa müddət ərzində 30 dərəcəni aşan istilərin geri qayıdacağını proqnozlaşdırmaq olar”.
Beləliklə, mütəxəssislər hesab edirlər ki, hazırda müşahidə olunan sərin yay günləri təlaş doğurmamalıdır. Bu, həm lokal hava sirkulyasiyası ilə, həm də daha geniş miqyasda iqlim dəyişiklikləri ilə əlaqəlidir. Lakin bu cür hallar artdıqca, iqlim dəyişikliyi məsələsinə daha ciddi yanaşmaq və adaptasiya planları hazırlamaq zərurəti ortaya çıxır.
- 0