Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq

Azərbaycan-Özbəkistan əlaqələri qədim tarixə, bu günün çağırışlarına və gələcək perspektivlərə söykənir. Azərbaycanla Özbəkistan arasında əlaqələrin, münasibətlərin tarixi qədimdir. Səlcuqların, Xarəzmşahın, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrlər, qərinələr keçdikcə yeni mahiyyət və məzmun almış, keyfiyyətcə yeni mərhələlərə qədəm qoymuşdur. İnsaf xatirinə etiraf edək ki, Bakı ilə Daşkənd arasında əlaqələrin inkişafında keçmiş SSRİ-nin də rolu az olmayıb. Hər iki müttəfiq respublikanın eyni dövlətin tərkibində olması bu əlaqələri təkcə ittifaqdaxili deyil, ikitərəfli formatda da inkişaf etdirib. Özbək və Azərbaycanın, o zamanın təbirincə desək, zəhmətkeşlərinin qarşılıqlı səfərləri, həmin səfərlərdə mədəniyyət və incəsənət xadimlərinin də iştirakı təkcə iqtisadi deyil, eyni zamanda mədəni sahədə əməkdaşlığın inkişafında mühüm rol oynamışdır. Daha bir faktı da xatırlamaq yerinə düşər. 1930-cu illərdə qırmızı imperiyanın cəza maşınının kütləvi repressiyyaları zamanı on minlərlə azərbaycanlının sürgün edildiyi Orta Asiya regionunda soydaşlarımızın özünə sığınacaq tapdığı yerlərdən biri də Özbəkistan olmuşdur. Əminliklə deyə bilərik ki, Azərbaycanın bu gün Özbəkistanla əlaqələrinin yüksək səviyyədə olmasında ora sürgün edilmiş soydaşlarımızın müəyyən rolu var. Azərbaycanla Özbəkistan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindən sonra daha da inkişaf etməyə başladı. Həmin dövrə Azərbaycan-Özbəkistan arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı da demək olar. Doğrudur, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Amma Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra Özbəkistanla da əlaqələrdə, qarşılıqlı münasibətlərdə bir sıçrayış, inkişaf müşahidə edilməyə başladı. Bu, bir tərəfdən, Heydər Əliyev kimi böyük siyasi təcrübəyə malik liderin Azərbaycana rəhbərlik etməsi ilə bağlı idisə, digər tərəfdən, onun hələ SSRİ zamanında Özbəkistan rəhbərliyi ilə qurmuş olduğu dostluq, qardaşlıq münasibətləri ilə əlaqədar idi. Özbəkistan Prezidenti İslam Kərimov və Azərbaycanın dövlət başçısı Heydər Əliyev SSRİ zamanından qalan dostluq, qardaşlıq münasibətlərinə söykənərək müstəqil dövlətlərimiz arasında bütün sahələr üzrə əlaqələri yeni mərhələyə daşıdılar. Məhz həmin təməl bugünkü əlaqələrin daha yüksək səviyyədə olmasının ilkin şərti kimi tarixə yazılır. Bu baxımdan Prezident İlham Əliyevin hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirməsi təsadüfi deyil: "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar". Əsası Heydər Əliyev və İslam Kərimov tərəfindən qoyulan bu siyasəti indi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev yeni məzmun və formada inkişaf etdirirlər. Dövlət başçıları səviyyəsində mövcud olan dostluq-qardaşlıq əlaqələri Azərbaycanla Özbəkistanı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanları açır. Türk kökünə bağlılıq, qan və can qardaşlığı nəticəsində iqtisadi tərəfdaşlığın hazırkı səviyyəsi onu deməyə əsas verir ki, bu əlaqələr sabah daha da genişlənəcək. Məlumdur ki, Özbəkistanın dənizə çıxışı yoxdur. Amma Azərbaycan körpü rolunu oynayaraq qardaş ölkənin dünya iqtisadiyyatına inteqrasiya etməsində yardımçı olur. Şərqlə Qərb arasında nəqliyyat əlaqəsini təmin edən Orta dəhlizlə bağlı hər iki ölkə ortaq mövqedən çıxış edir. Bu, Özbəkistanın Azərbaycanı Avropaya çıxış əldə etmək üçün əsas ölkə kimi qəbul etməsində də görünür. Söhbət Çin-Özbəkistan-Türkmənistan və Qazaxıstan-Azərbaycan marşrutu üzrə məhsulların Avropa bazarlarına tədarükündən gedir. Bundan əlavə, sənayenin inkişafı sahəsində Özbəkistanın potensialı və Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlar hər iki ölkə üçün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə böyük imkanlar açır. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana edəcəyi növbəti səfərin ölkələrimiz arasında əməkdaşlığa daha güclü təkan verəcəyi şübhəsizdir. Səfər həm iqtisadi-ticarət, investisiya tərəfdaşlığının daha da genişlənməsinə yol açacaq, həm də enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin potensialını işə salacaq.
Sənaye kooperasiyası ilə bağlı məsələlər hər iki dövlətin iqtisadi tərəfdaşlığında duran mühüm layihələrdəndir. Xəbər verildiyi kimi, ötən ay Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilmişdir. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətraflı şəkildə təhlil etmişdir. Məlum olmuşdur ki, enerji sahəsində çox yaxşı perspektivlər var. Azərbaycanın enerji şirkətləri Özbəkistanla qarşılıqlı əlaqələr quraraq birlikdə fəaliyyət göstərirlər. Ümumiyyətlə, Azərbaycanın və Özbəkistanın bütün istiqamətlər üzrə birgə uğurlu fəaliyyəti uzun illər üçün nəzərdə tutulub. Məhz bu amil prezidentlərin avqustun 23-də verdikləri birgə bəyanatlarında xüsusi vurğulanmışdır. Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verən ilk ölkələrdəndir. Xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihə də Özbəkistana məxsusdur. İşğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagirdlik məktəb binası inşa olunub. Bu barədə Prezident İlham Əliyev fikirlərini belə ifadə edib: "Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən, deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq".
- 2