Şimali Kipr Baş Nazirinin Köməkçisi Fikri Ataoğlu “Əbədi Birlik” gəncləri ilə görüşdə: “Azərbaycan bizim həssas olduğumuz bir məkandır”
Şimali Kipr Türk Respublikasının naziri Türk Dünyası gənclərinə dəstək mesajı verdi
Şimali Kipr Türk Respublikasının Baş nazirinin köməkçisi, Turizm, Mədəniyyət, Gənclər və Ekologiya Naziri, Demokrat Partiyasının (DP) başqanı cənab Fikri Ataoğlu Türk Dünyası gənclərini birləşdirən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüş, birliyin sədri Şahin Əliyevin təşəbbüsü və dəvəti ilə baş tutub.
Cənab Fikri Ataoğlu görüşdə çıxış edərək Şahin Əliyevə təşəbbüs üçün təşəkkürünü bildirib və Şimali Kiprdən Azərbaycan və bütün Türk Dünyası gənclərinə səmimi salamlarını çatdırıb.
Ataoğlu: "Türk Dünyası üçün gənclər arasında qurulan körpülər gələcəyin təməlidir"
Nazir Fikri Ataoğlu öz çıxışında Azərbaycan və Şimali Kipr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə sahib olduğunu vurğulayıb:
“Azərbaycan bizim həssas olduğumuz bir məkandır. Biz burada hər zaman Azərbaycanın haqq işinin yanında olmuşuq və olmağa da davam edəcəyik.
Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasındakı dostluq, qardaşlıq və könül bağı bizim üçün xüsusi bir önəm daşıyır.
Bu münasibətləri daha da inkişaf etdirmək üçün mədəniyyət, turizm, gənclər siyasəti və təhsil sahələrində yeni layihələr həyata keçirməyi qarşıya məqsəd qoymuşuq.
İnanıram ki, gənclərimiz arasında qurulan bu körpülər gələcəkdə daha güclü əməkdaşlıqların əsasını təşkil edəcəkdir.
Əbədi Birlik Gənclər İctimai Birliyi kimi qurumların bu istiqamətdə atdığı addımları çox dəyərli hesab edir və dəstəkləyirik.
Azərbaycan və Şimali Kipr gəncləri birgə layihələr, mədəniyyət festivalları və təhsil proqramları vasitəsilə bir-birini daha yaxından tanıyacaq, ortaq dəyərlərimizi və milli irsimizi gələcək nəsillərə birlikdə daşıyacaqlar.
Türk Dünyasının gücü, birliyi və gələcəyi bu cür səmimi əməkdaşlıqların nəticəsində daha da möhkəmlənəcəkdir.”

Şahin Əliyev: "Bir millət, bir ürək, bir gələcək anlayışı ilə birgəyik!"
Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev isə çıxışında Fikri Ataoğluna görüş dəvətini qəbul etdiyi üçün minnətdarlığını ifadə edib və Şimali Kipr Türk Respublikasının apardığı mübarizəyə dəstək verdiklərini bildirib:
“Türk Dünyası və bizim can qardaşımız Şimali Kipr üçün etdiyiniz bu qutlu mücadilədə daim yanınızdayıq!
Şimali Kipr Türk Respublikasının haqq səsini dünyaya çatdırmaq, Türk kimliyinin və haqlarının qorunması üçün göstərdiyiniz qətiyyətli mübarizə hər birimizin qürur mənbəyidir.
Əbədi Birlik Gənclər İctimai Birliyi olaraq, gənclərimizlə birgə Şimali Kiprin yanında olmağa, qardaşlıq körpüsünü daha da möhkəmləndirməyə davam edəcəyik.
Bir millət, bir ürək, bir gələcək anlayışı ilə Türk Dünyasının və Şimali Kiprin haqq işində hər zaman birgə addımlayacağıq!”
Görüş zamanı Türk Dünyası gəncləri arasında mədəni, elmi və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, mədəniyyət festivallarının təşkili və təhsil proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılaşmalar əldə olunub.
Fikri Ataoğlu Türk Dünyasında ortaq kimliyin qorunub inkişaf etdirilməsi üçün gənclərin rolunun artırılmasının vacibliyini xüsusi olaraq qeyd etdi.
Əbədi Birlik Gənclər İctimai Birliyi Türk Dünyası gənclərini bir araya gətirmək, milli dəyərləri yaşatmaq və qardaş dövlətlərin birliyini daha da gücləndirmək istiqamətində fəaliyyətlərini davam etdirmək əzmindədir.
- 1