ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
ABŞ Dövlət Departamenti xaricdə yerləşən təxminən 30 diplomatik nümayəndəliyin bağlanmasını nəzərdən keçirir.
Bu barədə "The New York Times" qəzeti Dövlət Departamentinin daxili sənədinə istinadən məlumat yayıb.
Xaricdəki diplomatik nümayəndəliklərin və həmin qurumlarda çalışan əməkdaşların ixtisarı barədə ABŞ mediası hələ mart ayında yazmışdı. Həmin vaxt yalnız 10-a yaxın konsulluğun bağlanmasından söhbət gedirdi.
Qəzetin məlumatına görə, bağlanması planlaşdırılan diplomatik missiyaların əksəriyyəti Avropa və Afrika ölkələrində yerləşir. Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenada kimi ölkələrdəki ABŞ səfirliklərinin bağlanması nəzərdə tutulur. Sənəddə həmçinin Somalidəki səfirliyin tamamilə bağlanması və ya ciddi şəkildə ixtisar edilməsi, Bağdaddakı Diplomatik Dəstək Mərkəzinin isə tamamilə bağlanması təklif olunur.
Əlavə olaraq, bağlanması və ya ixtisarı tövsiyə olunan konsulluqların əksəriyyəti Avropadadır. Bunlara Fransada beş konsulluq (Bordo, Lion, Marsel, Renn, Strasburq), Almaniyada iki konsulluq (Düsseldorf, Leypsiq), Bosniya və Herseqovinada iki konsulluq (Mostar və Banya Luka) daxildir. Bundan başqa, Yunanıstan, İtaliya, Portuqaliya, Böyük Britaniya, Kamerun, İndoneziya, Cənubi Afrika Respublikası və Cənubi Koreyada da bir neçə konsulluğun bağlanması planlaşdırılır.
Qəzetin qeyd etdiyi kimi, əgər bu planlar reallaşsa, ABŞ Avropa, Afrika və Şərqi Asiya üzrə diplomatik nümayəndəliklərin sayına görə Çinə liderliyi verəcək.
Xatırladaq ki, daha əvvəl "The Washington Post" qəzeti ABŞ prezidenti Donald Trampın administrasiyasının Dövlət Departamentinə ayrılan büdcəni demək olar ki, iki dəfə azaltmağı planlaşdırdığını yazıb. Beynəlxalq təşkilatlara ayrılan vəsait isə daha ciddi şəkildə – təxminən 90% azaldılacaq. Bu planlara görə, BMT, NATO və daha 20 beynəlxalq quruma ayrılan maliyyə dəstəyi dayandırılacaq. İstisna yalnız MAQATE və ICAO kimi bəzi təşkilatlar olacaq.
- 0