Polşa yanğınlarının sirri açıldı: Kremlin sifarişi ilə törədilib – RƏSMİ
Polşada 2024-cü ilin may ayında baş verən iki böyük yanğının Rusiyanın sifarişi ilə törədildiyi ortaya çıxıb.
Bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi (ABW) və Daxili İşlər Nazirliyi yeni məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, Varşavada (23 may) və Radom şəhərində (30 may) yerləşən tikinti materialları anbarlarında baş vermiş yanğınların səbəbkarı 27 yaşlı Kolumbiya vətəndaşıdır. İstintaqın ilkin nəticələrinə görə, həmin şəxs Rusiya xüsusi xidmət orqanlarından aldığı təlimatlar əsasında hərəkət edib.
ABW və Prokuratura Krajowe-nin Lublindəki bölməsi tərəfindən aparılan araşdırmalarda şübhəlinin Polşa ərazisində təxribatçı fəaliyyət göstərdiyi, bu fəaliyyətlərin isə terror xarakteri daşıdığı müəyyən edilib. Yanğınlar zamanı anbarda böyük maddi zərər qeydə alınsa da, hadisələr nəticəsində insan tələfatı və ya genişmiqyaslı dağıntılar baş verməyib.
Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Yatsek Dobjinski (Jacek Dobrzyński) bildirib ki, bu hadisə Rusiyanın Avropa İttifaqı ərazisində təxribat və sabotaj fəaliyyətlərinin daha bir nümunəsidir və bu, təkcə Polşaya qarşı yox, bütövlükdə Qərbə qarşı yönəlmiş hibrid müharibə taktikasının bir hissəsidir.
27 yaşlı kolumbiyalı barəsində “terror aktı törətmək məqsədilə qəsdən yanğın törətmək” ittihamı irəli sürülüb. Bu maddə ilə Polşa qanunvericiliyinə əsasən, onu 10 ildən ömürlük həbs cəzasınadək cəza gözləyir.
Hazırda istintaq davam edir və hadisənin mümkün bağlantıları, həmçinin Rusiyanın digər təxribat planları araşdırılır.
- 0