Ukrayna müharibəsinin taleyini bu ölkə həll edə bilər
Ekspertin fikrincə, Çin istəsə, Rusiya ordusu cəbhədə irəliləyə bilməz
ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloq maraqlı açıqlama verib. Amerikalı rəsmi bildirib ki, Rusiya Çindən asılı vəziyyətə düşüb və artıq “kiçik tərəfdaş” rolunu oynayır, Pekin isə hərbi və iqtisadi sahədə strateji üstünlüyə malikdir. Qeyd edib ki, Çinin dəstəyi olmasa, Rusiya hökumətinin uzun müddət Ukraynaya qarşı müharibə apara bilməz.
Onun sözlərinə görə, Pekinin köməkdən imtina etməsi cəbhədə hadisələrin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər: “Əgər Çin köməkdən imtina edərsə, bu, döyüş meydanındakı vəziyyəti tez bir zamanda dəyişə bilər”.
Amerikalı diplomat Kremlin Rusiya Silahlı Qüvvələrinin gücü ilə bağlı bəyanatlarını da şübhə altına alıb, Rusiya ordusunun sistemli zəifliklərini və yerli uğurlarına baxmayaraq, genişmiqyaslı hücumlar həyata keçirə bilmək qabiliyyətində olmadığını söyləyib. Bundan əlavə, o, Moskvaya təzyiq vasitəsi kimi xüsusilə maliyyə aktivləri və neft ixracı sahələrində sanksiyaların gücləndirilməsinin effektivliyini vurğulayıb.
Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz Keyt Kelloqun fikri ilə tam razılaşır. Siyasi şərhçinin fikrincə, heç Çin də Rusiyanın onun “proksi” qüvvəsi olduğunu gizlətmir: “Bilirsiniz ki, bir müddət əvvəl Avropaya səfər edən Çinin xarici işlər naziri Van Yi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşmüşdü. Kallas xanım ondan xahiş etmişdi ki, Rusiyanı dəstəkləməsinlər, Ukrayna savaşı bitsin. Van Yinin cavabı isə maraqlı olmuşdu. Demişdi ki, Çin Ukrayna savaşının tezliklə bitməsində maraqlı deyil. Çünki əmindir ki, Ukraynada savaş bitən kimi ABŞ Çinə hücum edəcək. Van Yinin bu səmimi etirafı ondan xəbər verir ki, Çin istədiyi an Ukrayna savaşını bitirə bilər. Amma maraqlarına uyğun olmadığı üçün bunu etmir.
Açığını deyim, çinlilərin Rusiyaya bu yanaşması istənilən qürurlu dövlət üçün üzqızardıcıdır. Sanki Kremlin üzünə deyirlər ki, sən bizim “proksimizsən”. Sənin taleyinə biz qərar veririk. Biz istəsək, sən öz vətəndaşlarının kütləvi ölümü qarşılığında ayaqda dayana bilərsən, istəməsək, səni hansısa Qərb ölkəsinə qurban verər, ərazilərinizi bölüşdürərik".
Heydər Oğuz onunla da razılaşır ki, Rusiya genişmiqyaslı hücumlar həyata keçirə bilmək qabiliyyətini çoxdan itirib: "Savaşın ilk aylarında Kiyevin həndəvərinə qədər irəliləyən rus ordusunu hətta yaxşı təchiz olunmamış Ukrayna əsgərləri qısa müddət ərzində Dneprin sağ sahillərindən püskürtməyi bacardı. Ukrayna savaşı bir daha sübut etdi ki, rus ordusu müdafiəni pis bacarmır, amma onun hücum qabiliyyəti bərbaddır. Bu da ondan irəli gəlir ki, Rusiya öz mövqelərini qorumaq üçün ağır itkilərə getməkdən çəkinmir, öz əsgərlərinin kütləvi ölümü hesabına təvazökar uğura imza atmaq yolunu tutur. Necə ki, II Dünya müharibəsində də məhz 20 milyondan çox insanını qurban verməklə Pirr qələbəsi qazanmışdı. O dövrdən indiyədək Rusiyanın döyüş taktikası dəyişilməyib".
Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, indiki mərhələdə Ukrayna müharibəsinin taleyini Moskva deyil, Pekin müəyyən edir: “Çin istəsə, Rusiya ordusu cəbhədə irəliləyə bilməz. İstəməsə, Kreml yalnız müdafiəyə ümid edə bilər. Bu, Kremlin özünü "böyük güc" kimi göstərmək iddiasının, sadəcə, illüziya olduğunu bir daha sübut edir. Rusiya ordusunun taktiki vəziyyəti göstərir ki, müdafiədə müəyyən uğurlar qazanır, amma hücum əməliyyatlarını sistemli şəkildə həyata keçirə bilmir. Dneprin sağ sahillərindəki məğlubiyyətlər bunu təsdiqləyir. Moskva ağır itkilər hesabına kiçik uğurlara nail olmağa davam edir. Klassik “Pirr qələbəsi” modelini təkrarlayır, amma müasir dövrdə bu taktika yalnız resurs və insan itkisinə gətirib çıxarır. Maliyyə aktivlərinə və neft ixracına tətbiq olunan sanksiyalar Rusiya üçün strateji təzyiq vasitəsi kimi effektivdir. Pekin dəstəyi dayandırsa, Kremlin qarşısında yalnız müdafiə və parçalanmaq yolu qalır. Ukrayna isə indiki zəif Rusiya ordusu və Qərbin təzyiqi fonunda mövqeyini gücləndirir. İndiki halda Çin istədiyi an müharibənin gedişatını dəyişə bilər, amma maraqlarına uyğun olmadığı üçün hələlik susur. Moskvanın taleyi indiki məqamda strateji olaraq Pekinin əlinə keçib. Yəni Rusiyanın Ukrayna müharibəsindəki mövcud mövqeyi heç də Kremlin öz iradəsi ilə idarə etdiyi bir proses deyil".
Hərbi ekspert deyir ki, Çin faktoru, sadəcə, Rusiya üçün qərar verici roluna yaxınlaşır: “Rəsmi Pekin Kremlin hərbi əməliyyatlarını sürətlə dayandırmaq imkanındadır. Pekin bir qədər fasilə versə, Moskva yalnız cəbhədə mövqelərini qismən saxlaya bilər, genişmiqyaslı hücumlara qadir deyil. Rusiya ordusunun taktiki xüsusiyyətlərinə baxanda da paradoks müşahidə olunur. Hücumda sistemli zəifliklər aşkardır, müdafiədə müəyyən qabiliyyət nümayiş etdirir. II Dünya müharibəsindən fərqli olaraq, günümüzdə texnologiya və kütləvi informasiya müharibəsi dövründə belə modelinin davam etdirilməsi Moskvanı çıxılmaz duruma qoyur. İndiki məqamda taleyini Ukrayna özü həll edir, amma Çin və digər strateji oyunçuların mövqeyi Moskvanın hərəkət imkanlarını ciddi şəkildə müəyyənləşdirir. Qeyd etdiyim kimi, Pekin dəstəyi dayandırsa, Moskvanın qarşısında qalan yol yalnız müdafiə və parçalanmaqdır. Çin bu oyunda Rusiya üçün mühüm amildir və onun niyyəti müharibənin sonunu təyin edə bilər”.
Hərbi ekspert deyib ki, Kremlin strateji asılılığı və hərbi imkanları getdikcə tükənir: “Hazırda Ukrayna üçün əsas məqam Rusiya ordusunun zəif və strateji baxımdan sərhədli olması, həm də Qərbin maliyyə və sanksiya təzyiqlərinin davam etməsidir. Bu vəziyyət müharibənin taleyini həll edəcək”.
- 0