Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət verdiyini söylədi- Qalmaqala görə bu cəza verildi
Tanınmış göz həkimi Azər Kərimov əməliyyat etdiyi şəxsin ailə üzvləri ilə məhkəmədə üz-üzə gəlib. Həkim xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək onun barəsində sosial şəbəkələrdə və mətbuatda təhqir səsləndirilən şəxsin cəzalandırılmasını istəyib.
Musavat.com xəbər verir ki, Azər Kərimov Gülşən Adışirinovanın gözünü əməliyyat edib. Lakin sonradan onun gözündə problemlər yaranıb.
Gülşən Adışirinovun oğlu İsmayıl Adışirinov və həyat yoldaşı F.Adışirinov mətbuatda və sosial şəbəkələrdə anasının gözündə yaranmış problemə görə həkimi ittiham edib.
Bundan sonra həkim məhkəməyə müraciət edərək Adışirinovların cəzalandırılmasını istəyib.
Həkim məhkəməyə təqdim etdiyi sübutlarda göstərir ki, Adışirinovlar əməliyyatın baş tutduğu “Kəpəz Hopital” klinikasına gələrək orada hay-küy salaraq onun ünvanına ittihamlar səsləndirirlər.
Narazı tərəf Azər Kərimova “şərəfsiz”, “erməni” deyərək aşağıdakı ittihamları irəli sürüb:
“Elgizin reklam etdiyi həkim yoldaşımı kor etdi. İnsanları aldadaraq əməliyyata cəlb edirlər. Oğlum qazidir. Ola bilsin ki, müharibədə Azər Kərimovun qohumlarına güllə atıb. Azər Kərimov “Dünyagöz” klinikasından bu əməllərinə görə qovulub. Hara gedir camaatı bədbəxt edir”.
Həmçinin Adışirinovlar çıxışlarında həkimin prokurora rüşvət verməsi ilə bağlı da ittiham səsləndirirlər.
Azər Kərimov məhkəməyə müraciətində barəsində böhtan xarakterli məlumatlar yayan, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, rüşvət verməkdə ittiham edilən şəxsin cəzalandırılmasını istəyib.
Həkim həmçinin qeyd edib ki, Adışirinovlar çalışdığı klinikaya gələrək onu dəfələrlə ölümlə təhdid ediblər, pul istəyiblər. Həkim telefonuna gələn təhdid mesajları ilə də bağlı polisə müraciət edib.
Adışirinov isə ittihamı qəbul etməyib. Deyib ki, həkimin səhlənkarlığı ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər. Həkimə “erməni” deyilməsi ilə bağlı ittihamı rədd edib.
Həkim məhkəməyə müraciətində Gülşən Adışirinovanın həyat yoldaşının cəzalandırılmasını istəyib. Xətai Rayon Məhkəməsi Adışirinovların xeyrinə (bəraət) qərar çıxarıb.
Bu qərardan narazı qalan Azər Kərimov Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Birinci instansiya məhkəməsinin hökmü qismən dəyişib. Belə ki, Adışirinov həkimə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada təqsirli bilinərək aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Adışirinov təhqir ittihamı ilə təqsirsiz bilinib.
Qeyd edək ki, Gülşən Adışirinovanın gözünün əməliyyatından sonra yaranan problemə görə həkim təqsirli bilinməyib. Ekspert rəyləri həkimi haqlı çıxarıb. Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işinin açılması ilə bağlı rədd qərarı qəbul edilib.
- 0