Əliqara Hüseynov: İlham Əliyev – Zamanın Sınaqlarından Güclənərək Çıxan Azərbaycanın Prezidenti
Dövlət idarəçiliyinin əsl çəkisi sakit və rahat dövrlərdə deyil, mürəkkəb tarixi məqamlarda üzə çıxır. Dünyada siyasi münasibətlərin dəyişdiyi, iqtisadi böhranların, müharibələrin və yeni geosiyasi qarşıdurmaların meydana gəldiyi bir zamanda dövlətin sabitliyini qorumaq, milli maraqlarından geri çəkilməmək və gələcəyini düşünərək qərarlar vermək böyük məsuliyyət tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan məhz belə mürəkkəb bir dövrdən keçərək öz dövlətçilik imkanlarını genişləndirib və qarşısında yeni inkişaf perspektivləri açıb.
İlham Əliyevin siyasi xəttində diqqəti çəkən mühüm cəhətlərdən biri Azərbaycanın heç vaxt imkanlarından daha kiçik məqsədlərlə kifayətlənməməsidir. Dövlətin iqtisadi əsaslarının möhkəmləndirilməsi ilə yanaşı, onun strateji əhəmiyyətinin artırılması istiqamətində ardıcıl siyasət həyata keçirilib. Enerji layihələri Azərbaycanın dünya bazarları ilə əlaqələrini genişləndirib, nəqliyyat infrastrukturu ölkəni mühüm tranzit məkanlarından birinə çevirib, yeni iqtisadi təşəbbüslər isə Azərbaycanın gələcək inkişafı üçün əlavə imkanlar yaradıb.
Bu illərin ən mühüm xüsusiyyətlərindən biri də ölkənin öz təhlükəsizliyini təmin edə biləcək gücə sahib olması istiqamətində görülən işlərdir. Ordunun müasirləşdirilməsi, hərbi hazırlığın yüksəldilməsi və müdafiə imkanlarının genişləndirilməsi uzun illər davam etdirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Azərbaycan xalqının qarşısında isə həllini gözləyən bir böyük tarixi məsələ dayanırdı – Qarabağ.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın müasir tarixində tamamilə yeni səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində uzun illər işğal altında qalmış ərazilərin mühüm hissəsi azad edildi və tarixi Zəfər qazanıldı. Sonrakı proseslər nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin təmin edilməsi dövlətimizin qarşısında onilliklər boyu dayanan ən böyük milli məsələlərdən birinin həllini rəsmiləşdirdi. Bu hadisələr Azərbaycan xalqının siyasi və milli yaddaşında xüsusi yer tutan tarixi dönüş nöqtəsinə çevrildi.
Qələbənin qiyməti isə hər şeydən əvvəl şəhidlərimizin müqəddəs qanı və qazilərimizin göstərdiyi fədakarlıqla ölçülür. Vətən uğrunda həyatından keçən hər bir şəhid Azərbaycanın azadlığına öz əbədi imzasını atıb. Onların ailələrinin dövlət qayğısı ilə əhatə olunması, qazilərin müalicəsi, reabilitasiyası və sosial təminatı istiqamətində görülən tədbirlər dövlətin öz qəhrəmanlarına münasibətinin mühüm göstəricisidir. Azərbaycan xalqının qazandığı tarixi Qələbə haqqında danışılan hər yerdə şəhidlərin xatirəsi ehtiramla anılmalı, qazilərin qəhrəmanlığı yüksək qiymətləndirilməlidir.
Müharibənin başa çatması ilə dövlət qarşısında yeni bir məsuliyyət yarandı: azad edilmiş torpaqları yenidən yaşatmaq. Bu dəfə səngərdə deyil, tikinti meydanlarında böyük mübarizə başladı. Qarabağ və Şərqi Zəngəzurda yollar çəkildi, tunellər və körpülər inşa olundu, yaşayış məhəllələri salındı, enerji infrastrukturu quruldu, məktəblər və digər sosial obyektlər yaradıldı. Bir neçə il əvvəl dağıntılarla yadda qalan ərazilərdə bu gün yeni yaşayış məkanlarının meydana gəlməsi Azərbaycanın quruculuq potensialının göstəricisinə çevrilib.
Böyük Qayıdış isə görülən bütün bu işlərə xüsusi məna verir. Çünki şəhəri yenidən qurmağın ən böyük nəticəsi orada insan həyatının başlanmasıdır. Uzun illər doğma yurduna uzaqdan baxmağa məcbur olmuş insanların geri dönməsi, ailələrin yeni evlərində məskunlaşması, uşaqların azad Qarabağda böyüməsi xalqımızın tarixində yeni bir nəslin başlanğıcıdır. Bu gün həmin torpaqlarda doğulan və böyüyən uşaqlar Qarabağı artıq həsrətin deyil, öz gündəlik həyatlarının ünvanı kimi tanıyacaqlar.
Azərbaycanın qarşısında duran yeni məqsədlər bununla bitmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın neft və qazdan kənar sahələrinin inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, sahibkarlar üçün yeni imkanların yaradılması və kənd təsərrüfatının müasirləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Yaşıl enerji və rəqəmsal texnologiyaların geniş tətbiqi isə Azərbaycanın gələcəyin iqtisadi çağırışlarına hazırlaşmasının mühüm istiqamətləri sırasında yer alır.
Ölkənin beynəlxalq münasibətlərdə qazandığı imkanlar da Azərbaycan dövlətinin siyasi çəkisinin formalaşmasında mühüm rol oynayır. Enerji və nəqliyyat marşrutlarının kəsişdiyi mühüm coğrafiyada yerləşən Azərbaycan müxtəlif dövlətlər üçün əhəmiyyətli tərəfdaşdır. Bakı beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Prezident İlham Əliyevin xarici siyasətdə milli maraqlara söykənən mövqeyi isə Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil qərarlar verən dövlət kimi çıxış etməsinə yönəlib.
Bütün böyük layihələrin və tarixi qərarların arxasında isə bir əsas məqsəd dayanır: daha güclü Azərbaycan yaratmaq. Güclü dövlət yalnız qalib ordusu və inkişaf edən iqtisadiyyatı ilə deyil, vətəndaşının rifahı, gənclərinin gələcəyə inamı, şəhid ailəsinə göstərdiyi ehtiram və gələcək nəsillərə buraxdığı imkanlarla bütövləşir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ağır sınaqlardan keçərək tarixinin mühüm məqsədlərindən birinə çatıb. İndi isə qarşıda Qələbənin gücünü quruculuğa, iqtisadi tərəqqiyə və daha yüksək rifaha çevirmək kimi böyük bir yol dayanır. Azərbaycanın yeni tarixinin növbəti səhifələri də məhz bu böyük məqsədlərin həyata keçirilməsi ilə yazılır.
- 1


