Kamaləddin Qafarov: “Azərbaycan Avropaya qaz təchizatını artıracaq”

“Məlum olduğu kimi, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclası keçirilib. Toplantıda bir çox digər vacib məsələlərlə yanaşı, ölkələrin enerji təhlükəsizliyi və sənaye təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub”.
Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Millət vəkili bildirib ki, mötəbər tədbirdə iştirak edən Cənab Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, bu gün enerji təhlükəsizliyi hər bir ölkə üçün milli təhlükəsizliyin ayrılmaz bir hissəsi olduğu kimi, artıq bunu sənaye təhlükəsizliyi haqqında da deyə bilərik.” Əlbəttə ki, sənayeni inkişaf etdirmək üçün, ilk növbədə, enerji ehtiyatları, neft-kimya məhsulları və digər strateji məhsullar tələb olunur. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı olmaqla bir çox ölkələrin enerji və sənaye təhlükəsizliyinin təmin olunmasında mühüm aktorlardan biri kimi çıxış edir. Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyi hər zaman ardıcıllığı ilə diqqəti cəlb edib. Bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət isə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir.”
K.Qafarov Azərbaycan qazının Avropaya təchizatı coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amil olduğunu vurğulayıb: “Son iki ildə Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində Cənub Qaz Dəhlizi layihəsinin durması, Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Onlarla bağlı müqavilələr artıq imzalanıb, işçi proqram həyata keçirilir. Bununla belə, Azərbaycan əmin olmalıdır ki, Avropada bizim təbii qaza ehtiyac növbəti bir neçə il üçün də olacaq. Belə bir təminat olmadan investorlar sərmayə yatırmayacaqlar. Bu isə təbii qazın böyük bir qıtlığına səbəb olacaq. Azərbaycanın mövcud ehtiyatları məlumdur və bu ehtiyatlardan istifadə üçün yeni yataqlardan hasilata başlamaq lazımdır. Öz çıxışında cənab Prezident birmənalı olaraq bildirdi ki, Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası genişlənəcək. Azərbaycan artıq qazpaylama şəbəkəsinin yaradılması ilə bağlı bəzi Avropa ölkələrində praktiki işlər görür”.
- 1