Azərbaycan Avropa birliyində Mərkəzi Asiya ölkələri ilə fəaliyyət göstərən inteqrasiya məkanı yaratmağa tam nail olmuş yeganə ölkədir

Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya dövlət səfəri və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü qardaşlığın təcəssümü ilə yanaşı strateji tərəfdaşlığın möhkəmlənməsində yeni bir mərhələ oldu. Astanada keçirilən danışıqlar zamanı prezidentlər bir sıra mühüm sənədlər imzaladılar. Bunlara Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi münasibətilə qəbul edilən birgə bəyanat, habelə Ali Hökumətlərarası Şuranın iki qərarı – ikitərəfli əməkdaşlığın inkişafı və Azərbaycan ilə Qazaxıstanın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiqi daxildir.
Prezident İlham Əliyev Qazaxıstana səkkizinci səfəri zamanı çıxışında iki ölkənin sadəcə tərəfdaş deyil – Mərkəzi Avrasiyada qarşılıqlı əməkdaşlığını inkişaf etdirən müttəfiq olduğunu söyləmişdir. Bizim əsas əməkdaş olduğumuz sahələr energetika və tranzitdir. Qazaxıstan dünya bazarlarına neft ixracı üçün Azərbaycanın infrastrukturundan fəal şəkildə istifadə edir ki, bu da Bakının etibarlı tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Transxəzər dəhlizinin inkişafı, Ələt və Aktau limanlarının istifadəsinin genişləndirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi – bütün bunlar türk dövlətlərinin təhlükəsiz yük daşınmasının inkişafı üçün atılan mühüm addımlardır.
Prezident İlham Əliyev Qazaxıstanda həyata keçirilən islahatlar, müasir texnologiyaların istifadəsi, o cümlədən süni intellektin inkişafı, modernləşmək sahəsində atılan addımları yüksək qiymətləndirdiyini vurğulamışdır.
Cənab İlham Əliyev bildirdi ki, geniş Avrasiya layihələri həyata keçirildikcə, Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və artıq vahid coğrafi məkan çərçivəsində çıxış etməyə başlayır. Güclü iqtisadi və coğrafi potensiala malik Qazaxıstan türk dövlətlərinin maraqlarının bir-birini tamamladığı və gücləndirdiyi vahid Avrasiya məkanının formalaşmasında Bakının təbii tərəfdaşıdır.
Prezident regional məsələlərdən danışarkən Azərbaycanın Ermənistan tərəfinə tətbiq etdiyi tranzit yük daşınmasında məhdudiyyətin aradan qaldırıldığını da bildirmişdir. Xatırladaq ki, bu məhdudiyyət torpaqlarımızın işğalı dövründə qüvvədə idi. İlk yük daşınması isə simvolik, eyni zamanda strateji əhəmiyyət daşıyan Qazaxıstandan Ermənistana göndərilən taxıl partiyası olmuşdur.
Daha sonra Qarabağın bərpası məsələsinə toxunan dövlət başçısı, Qazaxıstanın dəstəyini xüsusi vurğuladı. Xüsusilə, Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikərək bizə hədiyyə etməsi qardaşlığın ən gözəl nümunəsidir.
Azərbaycan Avropa birliyində Mərkəzi Asiya ölkələri ilə fəaliyyət göstərən inteqrasiya məkanı yaratmağa tam nail olmuş yeganə ölkədir. Mərkəzi Asiya ilə xüsusəndə Qazaxıstanla xalqlarımızı birləşdirən bir çox amillər var: ortaq tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz, etnik və dil qohumluğumuz. Bu baxımdan Azərbaycan və Qazaxıstan energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və humanitar əlaqələr sahəsində birgə layihələri uğurla həyata keçirirlər.
Cənab İlham Əliyev Zəngəzur dəhlizinin yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacağına inamını bildirmişdir. Bu strateji nəqliyyat yolunun ən geci 2028-ci ilin sonunadək açılması üçün planların olduğunu bildirdi.
Sabunçu qəsəbəsi, 67 Nömrəli tam orta məktəbin
Tarix müəllimi Gülnar Həbibova
- 4

