Misgər Məmmədov: 17 noyabr – milli həmrəyliyin müstəqilliyə yol açdığı gün

1988-ci ilin noyabrında Bakının indiki Azadlıq meydanına gələn insanların çoxu bir-birini tanımırdı. Onları bir araya gətirən Qarabağın taleyi ilə bağlı qayğı və Azərbaycanın gələcəyinə görə duyduqları məsuliyyət idi. Noyabrın 17-də başlayan mitinqlərdə xalqımız sovet rəhbərliyinin Qarabağ məsələsində tutduğu mövqeyə etirazını bildirdi. Meydanda səslənən tələblər günlər keçdikcə daha geniş ictimai dəstək qazandı və milli azadlıq hərəkatının güclənməsinə təkan verdi.
Dekabrın əvvəlində sovet daxili qoşunları mitinqləri dağıtdı. Meydanda öz sözünü açıq demiş cəmiyyətin siyasi iradəsi sonrakı illərdə də Azərbaycanın müstəqilliyə doğru atdığı addımlarda hiss olundu. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında həmin bayrağın ölkənin dövlət rəmzi kimi təsdiqlənməsi üçün vəsatət qaldırıldı. Bu qərar müstəqilliyin bərpası ərəfəsində Cümhuriyyətin dövlətçilik irsinə qayıdışın mühüm ifadəsi idi.
Bu gün 17 noyabrı torpaqlarımızın işğaldan azad edildiyi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu bir dövrdə qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər uzun illər doğma yurdundan ayrı düşmüş ailələrin geri dönməsinə yol açdı. Qarabağda doğma kəndinə qayıdan insanın öz övladına böyüdüyü yeri göstərə bilməsi bu tarixi dəyişikliyin mənasını hər birimizə yaxından hiss etdirir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin və döyüş iştirakçılarımızın fədakarlığını dərin hörmətlə xatırlayırıq.
Azərbaycan Dillər Universitetində həmkarlar ittifaqı işi ilə məşğul olan bir müəllim kimi həmrəyliyin dəyərini insanların çətin məqamda bir-birinə münasibətində görürəm. Əməkdaşı narahat edən məsələni vaxtında dinləmək, hüquqları ilə bağlı ona dəstək göstərmək və ümumi qərarlarda həmkarların rəyinə yer vermək kollektivdə etimadı möhkəmləndirir. Gənc müəllim də bu mühitdə öz fikrini daha sərbəst ifadə edir, təşəbbüs göstərir və təcrübəli həmkarlarının dəstəyindən yararlanır.
Milli Dirçəliş Günündə xalqımızın ortaq məsələ ətrafında necə birləşdiyini xatırlayırıq. Universitet həyatında həmin həmrəyliyə verilən dəyər gündəlik münasibətlərdə görünür. Hər bir əməkdaşın sözünün eşidildiyi, əməyinə hörmət göstərildiyi və hüquqlarının qorunduğu mühit yaratmaq həmkarlar ittifaqı qarşısında duran əsas vəzifədir.
Misgər Məmmədov
Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent
- 1

