Həzrət-Əli Temirov: Milli Dirçəliş Günü və azad Qarabağın iqtisadi gələcəyi

Bir məhsulun üzərində istehsal yeri kimi Ağdamın, Füzulinin və ya Zəngilanın adını oxumaq həm də orada çalışan insanların əməyini görməkdir. Həmin ünvanın arxasında torpağı becərən fermer, məhsulu emal edən müəssisə və onu alıcıya çatdıran insanlar dayanır. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu adlar iqtisadi həyatımıza da qayıdır. Milli Dirçəliş Gününün bugünkü mənasını sahibkar kimi bu dəyişiklikdə görürəm.
1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanına toplaşan insanlar Qarabağın taleyi ilə bağlı etirazlarını açıq şəkildə bildirirdilər. Sovet rəhbərliyinin mövqeyinə qarşı başlayan mitinqlər günlərlə davam etdi və milli azadlıq hərəkatının genişlənməsinə təkan verdi. Həmin günlər ölkənin gələcəyinə dair söz demək məsuliyyətini öz üzərinə götürən insanların qətiyyəti ilə yadda qaldı.
1990-cı il noyabrın 17-də həmin iradə Naxçıvanda tarixi qərarla ifadə olundu. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiya üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi təsdiqlənməsi üçün respublikanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Müstəqilliyin bərpasından əvvəl qəbul edilən bu qərar Cümhuriyyətin dövlətçilik irsini yenidən ölkənin siyasi gündəminə gətirdi.
Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər doğma yurdlarından didərgin düşmüş ailələrin geri qayıtmasına imkan yaradıb. Qarabağda və Şərqi Zəngəzurda yenidən məskunlaşan insanların öz peşələrini doğma yurdda davam etdirmək imkanı qayıdışın mühüm hissəsidir. Bu imkanı xalqımıza qazandıran şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizin və döyüş iştirakçılarımızın fədakarlığını dərin hörmətlə xatırlayıram.
Azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı yerli istehsalçının öz məhsulunu sabit şəkildə sata bilməsindən də asılıdır. Fermer məhsulunu kimə və hansı şərtlərlə satacağını əvvəlcədən biləndə növbəti mövsümü daha inamla planlaşdırır. Emal müəssisəsi yerli istehsalçı ilə uzunmüddətli əməkdaşlıq quranda qazanc bölgədə qalır və yeni iş imkanları yaranır. Sahibkarın quruculuğa verə biləcəyi töhfələrdən biri məhz belə etibarlı iş münasibətləri yaratmaqdır.
Milli Dirçəliş Günü bizə Qarabağın taleyini öz taleyi bilən insanların birliyini xatırladır. Bu gün həmin birliyə layiq olmaq doğma yurda qayıdan insanların əməyinə dəyər vermək və onların qurduğu təsərrüfatların, müəssisələrin uzun illər fəaliyyət göstərməsinə töhfə vermək deməkdir.
Həzrət-Əli Temirov
“Təməli Qrup”un təsisçi-direktoru
- 1

