Şakir Qəniyev: Milli Dirçəliş Günü – üçrəngli bayrağın birləşdirdiyi nəsillər

Bu gün məktəbə gedən bir uşaq üçrəngli bayrağımızı öz ölkəsinin dövlət bayrağı kimi tanıyır. Onun babası isə həmin bayrağın yenidən dövlət rəmzi kimi qəbul edilməsini tarixi hadisə kimi xatırlayır. Bir ailənin yaddaşında belə iki fərqli təcrübə yaşayır. Milli Dirçəliş Günü bu nəsillərin bir-birinə Azərbaycanın müstəqilliyə gedən yolu haqqında danışması üçün əlamətdar gündür.
1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında başlayan mitinqlər həmin yolun mühüm mərhələsi idi. Qarabağın taleyi ilə bağlı narahatlıq insanları bir araya gətirmişdi. Onlar sovet rəhbərliyinin mövqeyinə açıq etiraz edir, Azərbaycanın öz torpağının taleyi barədə söz sahibi olmaq iradəsini bildirirdilər. Günlərlə davam edən mitinqlər ölkənin gələcəyinə dair qərarlarda xalqın iradəsinin nəzərə alınması tələbini gücləndirdi.
1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiya onun bütün Azərbaycan üzrə dövlət bayrağı kimi təsdiqlənməsi üçün respublikanın Ali Soveti qarşısında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olundu. Bu qərar Cümhuriyyətin dövlətçilik irsini müstəqilliyini bərpa etmək ərəfəsində olan Azərbaycana qaytardı.
Bu gün həmin bayraq işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər və Azərbaycanın suverenliyinin tam bərpası sayəsində uzun illər yurd həsrəti çəkən ailələr doğma şəhər və kəndlərinə dönürlər. Dünənə qədər övladlarına Qarabağdakı evlərini xatirələrdən danışan insanlar indi onlara doğulduqları yerləri göstərə bilirlər. Bu qayıdışı mümkün edən şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizin və döyüş iştirakçılarımızın fədakarlığını dərin hörmətlə xatırlayırıq.
Dövlətə xidmət edən hər bir əməkdaş üçün müstəqilliyin dəyəri gündəlik qərarlarda da görünür. Cəzaçəkmə müəssisəsində bir müraciətin vaxtında araşdırılması, qəbul edilən qərarın insana aydın izah olunması və onun ləyaqətinə hörmətlə yanaşılması qanuna bağlılığın konkret ifadəsidir. Cəzasını başa vuran şəxsin cəmiyyətə qayıdışına hazırlanması da bu işin vacib hissəsidir. Onun ailə bağlarını qorumasına və peşə bacarığı qazanmasına göstərilən dəstək azadlığa çıxdıqdan sonra həyatını yenidən qurmasına kömək edə bilər.
17 noyabrı anarkən xalqımızın öz gələcəyi barədə söz demək üçün göstərdiyi qətiyyəti xatırlayırıq. Bizim xidmət sahəmizdə bu tarixi irsə layiq olmağın ölçüsü hər bir qərarı qanuna əsaslanaraq vermək və həmin qərarın insanın həyatına təsirini məsuliyyətlə nəzərə almaqdır.
Şakir Qəniyev
11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi
- 1

