Vətən müharibəsi dövründə Azərbaycan xalqı tək yumruq kimi birləşdi

Şuşa artıq bizimdir! O azaddır! Biz qayıtdıq! Bu bizim şanlı Zəfərimizin unudulmaz günlərindən biri oldu!
Azərbaycanın mədəniyyət paytaxtı, türk dünyasının beşiyi olan Şuşa hələ çox qayıdışlara şahid olacaq. Bu şücaəti döyüş meydanında qazandıq və sübut etdik.
Vətən müharibəsi dövründə Azərbaycan xalqı tək yumruq kimi birləşdi. Ön cəbhədə əsgərlərimiz vuruşduğu kimi, arxa cəbhədə hər bir vətənpərvər insan öz sahəsində bu mübarizəyə töhfə verdi. Könüllü yardımlar, sosial dəstək aksiyaları, informasiya müharibəsində fəal iştirak xalqın həmrəyliyini nümayiş etdirdi. Bu birlik Şuşaya gedən yolun ən güclü dayaqlarından biri oldu.
Şuşaya gedən yol sadə bir yürüş deyildi. Sıldırım qayalar, sıx meşələr və əlverişsiz hava şəraitində Azərbaycan Ordusunun göstərdiyi şücaət tarixə qızıl hərflərlə yazıldı. Şuşa əməliyyatı zamanı xüsusi təyinatlı qüvvələr gecə saatlarında dağlıq əraziləri piyada aşaraq şəhərə daxil oldular. Bu, dünyada nadir görülən hərbi taktikalardan biri kimi dəyərləndirilir.
Şuşa Azərbaycanın tarixində, mədəniyyətində və ruhunda xüsusi yer tutan müqəddəs bir şəhərdir. Qarabağın tacı adlanan bu şəhər uzun illər işğal altında qalmasına baxmayaraq, xalqımızın qəlbində azadlıq arzusu kimi yaşayırdı. 2020-ci ildə başlanan Vətən müharibəsi bu arzunun reallığa çevrildiyi, Şuşaya gedən yolun açıldığı tarixi bir dönüm nöqtəsi oldu.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbəri bütün Azərbaycan xalqını birləşdirdi. Bu gün artıq tariximizə Zəfər Günü kimi daxil oldu. Şuşanın işğaldan azad edilməsi təkcə hərbi qələbə deyil, mənəvi dirçəliş, xalqın milli qürurunun bərpası idi. Bu zəfər asanlıqla əldə edilmədi. Şəhidlərimizin qanı, qazilərimizin yaraları bu yolun ən qiymətli səhifələridir. Onların fədakarlığı sayəsində Şuşa yenidən azad edildi. Hər bir Azərbaycan vətəndaşı bu zəfərin arxasında duran qəhrəmanların adını qürurla yad edir və onları böyük ehtiramla xatırlayır.
Bu gün Şuşa yenidən qurulur, şəhərə həyat qayıdır. Mədəni tədbirlər, “Xarıbülbül” musiqi festivalının bərpası, tarixi abidələrin restavrasiyası Şuşanın əvvəlki şöhrətinə qayıtdığını göstərir. Şuşa artıq yalnız bir şəhər deyil, qəhrəmanlığın, birliyin və milli iradənin simvoluna çevrilmişdir.
Şuşa zəfərinə gedən yol şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi ilə yazılmışdır. Bu yol həm keçmişimizə sahib çıxmağın, həm də gələcəyimizə inamla baxmağın timsalıdır. Şuşa zəfəri göstərdi ki, bir millət bir yumruq kimi birləşəndə, ən çətin yollar belə fəth oluna bilər.
Balaxanı qəsəbəsi, 259 saylı tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi,
İbtidai sinif müəllimi Vəfa Tağıyeva
- 1

