“Əsas Qanunumuz – Dövlətçiliyimizin Zəmanəti”

“Konstitusiya — xalqın iradəsinin yazılı ifadəsi, dövlətin hüquqi əsasının bünövrəsidir.”
12 noyabr Azərbaycan Konstitusiyası Günü, müstəqil respublikamızın hüquqi-siyasi həyatında ən mühüm tarixlərdən biridir. 1995-ci il 12 noyabrda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ümumxalq səsverməsi – referendum vasitəsilə qəbul olundu. Bu sənəd, dövlətimizin müstəqil olaraq atdığı ən böyük hüquqi addım, xalqın iradəsinin ali təzahürü oldu.
Azərbaycan Konstitusiyası ölkəmizin dövlət quruluşunu müəyyən edir, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət modelinin əsaslarını təsbit etməklə, insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi elan etdi. Hər bir azərbaycanlı üçün onun maddələri həm qoruyucu bir qalxan, həm də vəzifələr sistemidir.
Bu gün Konstitusiyamız yalnız hüquqi sənəd deyil — həm də inkişaf strategiyamızdır. Zamanın çağırışlarına uyğun olaraq, mütəmadi şəkildə edilən dəyişikliklər və əlavələr ölkəmizin siyasi, sosial, iqtisadi tərəqqisini daha da gücləndirir. Güclü dövlət, güclü cəmiyyət və müasir idarəçilik məhz Konstitusiyanın tətbiqi və müdafiəsi ilə möhkəmlənir.
12 noyabr — hüququn, ədalətin, azadlığın və dövlətçiliyimizin bayramıdır. Bu tarix bizi həm keçmiş mübarizələrimizi xatırlamağa, həm də gələcəyə daha inamla baxmağa səsləyir.
“Konstitusiyaya sədaqət — Vətənə sədaqətdir.”
Bakı Qızlar Universiteti tələbəsi Sevinc Hüseyinova Nəsimi rayon gənci
- 2

