Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə və Dəlidağdır. Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcər ölkənin ən yüksək dağ rayonu, qədim insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi diyardır. Kəlbəcər qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, saf ab-havasına, əsrarəngiz mənzərələrinə və saymaqla bitməyən digər sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edə bilməyəcəyimiz zəngin bir məkandır. Kəlbəcər bir təbiət möcüzəsidir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən noyabrın 25-də azadlığına qovuşdu. Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi.
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva
- 3

