Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan xalqının taleyini dəyişdi”

“12 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün yalnız tarixi bir xatırlatma deyil, həm də dövlətçilik təfəkkürünün yenidən qiymətləndirildiyi, milli iradənin formalaşmasının dərin mahiyyətinə nəzər salınan xüsusi bir gündür. Hər il olduğu kimi bu il də xalqımız dahi liderin ölkəmizin taleyinə həsr etdiyi ömrü böyük ehtiramla yad edir. Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində dönüş nöqtəsi, milli yaddaşda isə qurtuluş, təhlükəsizlik, sabitlik və inkişaf rəmzi kimi yaşayır. Çünki Ulu Öndərin hakimiyyətə gəlişi təkcə siyasi rəhbər dəyişikliyi deyil, dövlətçilik məfkurəsinin möhkəmləndirilməsi, xalqın öz gələcəyinə inamının bərpası demək idi.”
Bu sözləri 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə mətbuata verdiyi açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.
Müsahibimiz daha sonra Azərbaycanda müasir dövlət quruculuğu işinin əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqət mərkəzinə çəkib: “XX əsrin sonlarında Azərbaycan üçün son dərəcə mürəkkəb və ziddiyyətli bir dövr yaşanırdı. Təhlükəsizlik böhranı, separatizm və idarəetmədə xaos yeni müstəqil dövlətin mövcudluğunu sual altına qoymuşdu. Məhz belə bir həssas məqamda Heydər Əliyevin siyasi səhnəyə qayıdışı millətin taleyində dönüş yaratdı. Ulu Öndərin qətiyyətli iradəsi, siyasi müdrikliyi və geniş təcrübəsi sayəsində ölkədə sabitlik bərpa edildi, dövlət quruculuğu prosesləri sistemli xarakter aldı. O dövrdə Azərbaycan üçün ən mühüm məsələ dövlət aparatı, ordu, hüquq-mühafizə və idarəçilik sistemlərinin yenidən qurulması idi. Ümummilli Lider bu proseslərin hər birinə şəxsən rəhbərlik etməklə müstəqilliyin qorunmasını təmin etdi. Bu səbəbdən də 1993-cü il siyasi tariximizdə dövlətçiliyimizin xilas olduğu il kimi yadda qaldı. Dövlətçilik fəlsəfəsi Heydər Əliyevin fəaliyyətində mərkəzi yer tuturdu. Ulu Öndər Azərbaycanı təhdidlərdən qorumaqla kifayətlənmədi, həm də ölkənin müasir dünya sisteminə inteqrasiyası üçün möhkəm baza formalaşdırdı. Əsrin müqaviləsinin imzalanması bunun ən bariz nümunəsidir. Bu tarixi sənəd təkcə iqtisadi inkişafa yol açmadı, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynadı. Ölkəyə sərmayələr cəlb edildi, enerji strategiyası formalaşdı, Azərbaycanın dünyaya açılan güc mərkəzi kimi mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanı regionda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi görən dövlətlər Ulu Öndərin uzaqgörən siyasətini daha aydın dərk edirlər. Əlbəttə ki, Ümummilli Liderin mühüm tarixi xidmətlərindən biri də milli həmrəylik fəlsəfəsinin dövlət idarəçiliyində əsas prinsipə çevrilməsidir. Heydər Əliyev bütün çıxışlarında xalqın birliyinin dövlətin sütunu olduğunu vurğulayırdı. Bu gün müstəqil Azərbaycan cəmiyyətində müşahidə olunan həmrəylik və birlik ənənəsi məhz Ulu Öndərin yaratdığı ideoloji zəmin üzərində formalaşıb. Bununla yanaşı, Ümummilli Lider təhsil, mədəniyyət, ordu quruculuğu və gənclər siyasəti kimi sahələrdə də sistemli islahatların əsasını qoydu. Xüsusilə ordu quruculuğu istiqamətində atılan addımlar sonralar Azərbaycanın hərbi-siyasi qüdrətinin təməlini təşkil etdi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər də məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı ordunun, kadr potensialının və hərbi strategiyanın davamı idi.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin qeyd edib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən son dərəcə uğurlu siyasi strategiya da Heydər Əliyev ideyalarının məntiqi davamıdır: “Müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın qlobal nüfuzunun yüksəldilməsi, iqtisadi və hərbi gücünün artırılması Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına söykənir. Məhz bu davamlılıq sayəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücünə çevrilib. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri ilə münasibətləri balanslı şəkildə inkişaf edir, ölkəmizin suverenliyi və təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Dövlət başçısının müəyyən etdiyi strateji xətt ölkənin hərbi-siyasi mövqelərini getdikcə möhkəmləndirir. Bu gün Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və sülhün təminatçısı kimi çıxış edir. Ordu quruculuğunda əldə olunan nəticələr, həyata keçirilən sosial-iqtisadi islahatlar və möhkəm siyasi sabitlik Heydər Əliyev ideyalarının bu gün də dövlət idarəçiliyinin əsasını təşkil etdiyini göstərir. Sonda bir fikrimi də xüsusi olaraq qeyd etmək istərdim. 12 dekabr təkcə bir anım günü deyil — bu tarix hər birimiz üçün milli kimliyimizin, dövlətçiliyimizin və gələcək hədəflərimizin yenidən dərk edilməsinə imkan verir. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, onun ideyaları, siyasi irsi və dövlətçilik modeli əsrlər boyu yaşayacaq, Azərbaycan xalqına yol göstərəcək. Bu gün Azərbaycan öz xalqının taleyini dəyişən xilaskar oğlunun, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini sonsuz ehtiramla anır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
- 2

