Səttar Möhbalıyev: "Dövlətçilik zirvəsinin memarı cənab Prezident İlham Əliyevin liderlik fenomeni Azərbaycanı qələbədən Zəfərə və sülhə uzanan qətiyyətli yola gətirdi"

Azərbaycan tarixinin ən şərəfli dövrü XXI əsrin ilk 20 ilində yazıldı. Bu dövrün memarı, bu siyasi modelin müəllifi, bu qələbələrin ideya və əməli rəhbəri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu. Onun rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, beynəlxalq münasibətlər sisteminin ən dinamik şəkildə yüksələn ölkəsinə çevrildi. Bu gün cənab Prezident İlham Əliyevin siyasi irsi təkcə daxili idarəetmə deyil, həm də müdrik dövlətçilik məktəbi, strateji hədəfləri dəqiqliklə reallaşdıran liderlik nümunəsidir. Onun fəaliyyətinə nəzər salanda bir həqiqət ortaya çıxır: Azərbaycanın müasir tarixi İlham Əliyevin adı ilə yazılır.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində səsləndirilən bu sözlər yeni siyasi mərhələnin fəlsəfəsini izah edirdi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.” Bu bəyanat, həm tarixi ədalətin bərpasının, həm də 30 il davam edən işğalın birdəfəlik sona çatmasının rəmzi mərkəzinə çevrildi. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün suveren ərazidə keçirildi. Bu, yalnız seçki deyildi – bu, Zəfərin siyasi təsdiqi idi. 2024-cü ilin seçkiləri xalqın öz Ali Baş Komandanına mükəmməl rəğbətinin göstəricisi oldu: 92,12% etimad – bu rəqəm bir millətin liderinə sonsuz ehtiramıdır. Cənab Prezident İlham Əliyevin dövlət başçısına xas intellektual gücü onun formalaşma mərhələsindən başlayır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil, tarix elmləri namizədi kimi akademik dərinliyi, MGİMO-da müəllimlik fəaliyyəti – bütün bunlar onun sonrakı siyasi fəaliyyətinə strateji təfəkkür əlavə etdi. Dövlət Neft Şirkətində vitse-prezidentlik, parlament təcrübəsi, Milli Olimpiya Komitəsinin rəhbərliyi, Avropa Şurası Parlament Assambleyasındakı mövqeyi – bunlar yalnız bir karyera deyil, Azərbaycan üçün tələb olunan mükəmməl lider obrazının yetişməsi idi. Ən mühüm tarixi faktorlardan biri Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində səslənən bu sözlərdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu yalnız siyasi varislik deyildi: bu, Azərbaycanda stabilliyin, dövlətçilik davamlılığının strateji təminatı idi. 2003-cü ildən bu günə qədər xalqın ardıcıl dəstəyi – 76%, 88%, 84%, 86% və nəhayət Zəfər seçkilərində 92% – liderin xalqla birliyinin sıx, ayrılmaz bağını göstərir. Cənab Prezident İlham Əliyevin siyasəti siyasi realizmə əsaslanır. Analitik təhlilə söykənən, faktlara arxalanan, emosionallıqdan uzaq, milli marağı prioritet edən bu model yeni siyasi mədəniyyət formalaşdırdı. Dövlət başçısı həm daxildə, həm də beynəlxalq arenada Azərbaycan üçün etibarlı tərəfdaş imici yaratdı. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan, cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq ünvanına çevrildi. UNESCO, BMT, ISESCO xətti ilə ölkəmizin nüfuzu görünməmiş dərəcədə yüksəldi.
Millət vəkili onu da bildirdi ki, cənab Prezident İlham Əliyevin gənclərə geniş imkanlar yaratması, onların dövlət idarəetməsində təmsilçiliyinə şərait yaratması bu gün müasir Azərbaycan modellərinin əsas sütunlarından biridir. Ən əsası – gənclərdə öz gücünə inam formalaşdı, vətənpərvərlik yeni ideoloji xətt kimi möhkəmləndi. Siyasi sistemdə isə dialoq və əməkdaşlıq mühiti – demokratik inkişafın yeni mərhələsi başladı. “Biz birlikdə güclüyük!” şüarı ölkədə milli həmrəyliyin yenidən formalaşmasına təkan verdi. Siyasi partiyaların imzaladığı 9 birgə bəyanat və 3 müraciət xalq-dövlət birliyinin nəticəsi idi. Cənab Prezident İlham Əliyevin bütün siyasi qüvvələrlə açıq dialoq siyasəti Azərbaycanda demokratik ənənələrin sistemli şəkildə dərinləşməsinə səbəb oldu. Azərbaycan bu gün dünyanın 155 dövlətinin etimad göstərdiyi ölkədir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü, Qoşulmama Hərəkatına sədrliyi, COP29 kimi nəhəng tədbirlərə ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunun zirvəsidir. Azərbaycan həm NATO-nun, həm İslam dünyasının, həm Türk dövlətlərinin etibarlı tərəfdaşıdır. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərini tarixi müttəfiqlik səviyyəsinə qaldırdı. ABŞ-la imzalanan sülh sənədi – Cənubi Qafqazın yeni geosiyasi arxitekturasını yaratdı. Bu gün bu addım Azərbaycan diplomatiyasının ən mühüm nailiyyətlərindən biridir. ABŞ vasitəçiliyi ilə imzalanmış sülh sənədi regionda 30 illik qarşıdurmanı rəsmi şəkildə başa çatdırdı, Ermənistan–Azərbaycan münasibətlərini yeni mərhələyə çıxardı. ABŞ Dövlət Departamenti bu sənədi “Cənubi Qafqazda sabitlik üçün tarixi imkan” adlandırdı. Sənədin imzalanması Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tanımasını, sərhədlərin delimitasiya prosesinin başlanmasını, kommunikasiyaların açılmasını, qarşılıqlı etimad mühitinin formalaşmasını təmin etdi. Bu uğurun memarı da şübhəsiz ki, cənab Prezident İlham Əliyevin dayanıqlı, prinsipial, lakin eyni zamanda çevik diplomatiyasıdır. Zəfərin 5 ili isə gücün, ədalətin və tarixi qayıdışın təntənəsi oldu. Bu gün Azərbaycan Zəfərin 5-ci ildönümünü yalnız qələbə kimi deyil, həm də yeni inkişaf dövrünün başlanğıcı kimi qeyd edir. Beş il ərzində Qarabağın bərpası üçün 13 milyard manatdan çox vəsait ayrıldı, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Xocavənd yenidən quruldu, 100-dən artıq kənd bərpa edildi, Zəngilan və Laçın aeroportu açıldı, Böyük Qayıdış proqramı çərçivəsində minlərlə vətəndaş yurduna döndü. Zəfər Azərbaycan ordusunun gücünün, xalqın birliyinin, liderin uzaqgörənliyinin nəticəsi idi. Cənab Prezident İlham Əliyev Zəfər Qələbəsini belə xarakterizə etmişdi: “Biz bu qələbəni döyüş meydanında qazandıq. Heç kim, heç bir qüvvə bizi dayandıra bilmədi.”
Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən güclü dövrünü yaşayır. Qələbələr, sülh, diplomatik uğurlar, iqtisadi inkişaf, siyasi sabitlik – bütün bu nailiyyətlərin mərkəzində bir liderin qətiyyəti dayanır. Bütün bunlar sübut edir ki, Azərbaycanın uğur modeli İlham Əliyev modelidir. Bu model isə ölkəmizi daha böyük hədəflərə aparan yol xəritəsidir-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.
- 1

