Xalqı birləşdirən Qələbə
Azərbaycan xalqının tarixində milli birliyi və həmrəyliyi ən yüksək səviyyədə nümayiş etdirən hadisə şanlı Qələbəmizdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, bu Qələbə dövlətin gücünün, xalqın iradəsinin və ordumuzun peşəkarlığının məntiqi nəticəsidir.
Dövlət başçısı çıxışlarında xüsusi vurğulamışdır ki, “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Dövlət başçısının sözlərinə görə, məhz xalq–ordu–lider birliyi Qələbəni şərtləndirən əsas amil oldu. Bu birlik cəmiyyətin bütün təbəqələrini əhatə etdi və milli həmrəyliyin əsl nümunəsinə çevrildi.
Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”
- 2

