17 OKTYABR - FÜZULİ ŞƏHƏRİ GÜNÜ

Füzuli rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-şərq ətəklərində yerləşir. Rayon Babı, Əhmədalılar, Arğalı türbələri, Hacı Ələkbər məscidi və Qarğabazar karvansarası kimi tarixi-dini abidələrlə zəngin ərazi olub, Əcəmi memarlıq məktəbinin incilərini özündə birləşdirir.
Rayon 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində 55 mindən çox füzulili doğma yurdundan didərgin düşdü, yüzlərlə soydaşımız şəhid oldu, kəndlərimiz, abidələrimiz dağıdıldı. Ancaq ümid 1994-cü ildə Horadiz əməliyyatı ilə qayıtdı - Azərbaycan Ordusu 21 kəndi və strateji Horadiz qəsəbəsini azad etdi.
27 illik həsrətdən sonra 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ən şiddətli və mühüm əhəmiyyət kəsb edən döyüşlər məhz Füzuli istiqamətində getdi. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayon idi. Buna baxmayaraq Qəhrəman Ordumuz qəhrəmanlıq göstərərək 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və ətraf kəndləri düşməndən tam azad etdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu tarixi qələbəni elan etdi.
17 oktyabr təkcə bir şəhərin azadlığı deyildi. Bu tarix Şuşaya gedən yolun - sonradan Zəfər yolu adlanacaq yolun açılışı, 30 illik nisgilin sonu idi. Bu şanlı qələbənin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 17 oktyabr Füzuli şəhəri günü kimi təsis edildi. Vətən müharibəsində fərqlənən igidlərimiz isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olundu.
Azadlıqdan dərhal sonra Böyük Qayıdış Proqramı çərçivəsində Prezidentin tapşırığına əsasən rayonun yenidən qurulmasına başlandı. 16 noyabr 2020-ci ildə Füzuli şəhərində bayrağımız ucaldıldı, Füzuli-Şuşa Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının, Füzuli-Hadrut və Füzuli-Ağdam avtomobil yollarının, Dövlətyarlı kəndində Ağıllı kəndin, Rəqəmsal İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu.
Bərpa işlərində qardaş ölkələrin dəstəyi xüsusi yer tutur. Qardaş Özbəkistan Respublikasının maddi və mənəvi dəstəyi ilə Mirzə Uluqbəy adına müasir məktəb, qardaş Qazaxıstan Respublikasının dəstəyi ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edildi. Bu gün Füzuli Beynəlxalq Hava Limanı Qarabağa həyatın qayıtmasının simvoluna çevrilib.
17 oktyabrda bütün Azərbaycanda şəhidlərimiz anılır, məktəblərdə "Qarabağ Azərbaycandır!" mövzusunda açıq dərslər keçirilir. Füzuli şəhəri günü sadəcə bir rayonun günü deyil, bütün Azərbaycanın Zəfər salnaməsinin ilk səhifəsidir.
Hazırladı:Bakı şəhəri Sabunçu rayonu M.Ə.Sabir adına №259-li məktəbin informatika müəllimi
Alnağızadə Mülkanə
- 2

