8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının tarixi Qələbəsi

Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan 8 Noyabr – Zəfər Günü xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması və ərazi bütövlüyümüzün bərpası yolunda əldə etdiyi tarixi Qələbənin təcəssümüdür. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli iradəsinin nümayişi kimi tarixə düşdü. Beləliklə, 8 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, gələcək nəsillər üçün də qəhrəmanlıq və vətənpərvərlik nümunəsinə çevrildi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr isə uzun illər ərzində real nəticə verməmişdi. Belə bir şəraitdə Azərbaycan dövləti bir tərəfdən diplomatik müstəvidə öz mövqeyini müdafiə edir, digər tərəfdən isə hərbi potensialın gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə müdafiə xərclərinin artırılması, müasir silah və texnikanın alınması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun güclü ordularından birinə çevrildi. Dövlət başçısının qeyd etdiyi kimi, “Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq”. Beləliklə, 2003-cü ildən etibarən həyata keçirilən siyasətin əsas məqsədlərindən biri Azərbaycanın gücləndirilməsi və torpaqlarımızın azad edilməsi üçün zəruri şəraitin yaradılması idi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə 44 günlük Vətən müharibəsi başlandı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyərək işğal altında olan ərazilərimizi bir-birinin ardınca azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin azad edilməsindən sonra noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması müharibənin taleyində həlledici mərhələyə çevrildi. Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. 44 gün ərzində Azərbaycan Ordusunun hər gün irəliyə getməsi, hərbçilərimizin “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə atılması, xalqımızın arxa cəbhədə nümayiş etdirdiyi birlik və həmrəylik tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadı. Müharibə dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına və milli birliyin möhkəmlənməsinə xidmət etdi. Şuşanın azad edildiyi 8 noyabr tarixinin Zəfər Günü elan olunması bu hadisənin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqlədi. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın tarixi Qələbəsinin nümayişinə çevrildi.
Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri dövlət suverenliyinin bütün ərazilərdə təmin edilməsi və bölgədə davamlı sülhün yaradılması idi. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, həmin il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı qüvvələrin silahlı fəaliyyətinə son qoyulması və sentyabrın 20-də dövlət suverenliyimizin tam bərpa edilməsi bu istiqamətdə mühüm tarixi hadisələr oldu. Bununla yanaşı, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində də ardıcıl siyasət həyata keçirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması normallaşma prosesində mühüm mərhələ oldu. Artıq qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bununla yanaşı, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi, qazilərin reabilitasiyası və məşğulluğunun təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Beləliklə, 8 Noyabr – Zəfər Günü yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın milli birliyinin və şəhidlərimizin qəhrəmanlığının rəmzidir. Bu şanlı tarix gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq və Azərbaycan xalqı öz tarixi Qələbəsi ilə haqlı olaraq fəxr edəcəkdir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova
- 1

