AZADLIQ GÜNÜNÜ ÖZ İŞİMİZLƏ YAXINLAŞDIRDIQ, ZƏFƏR GÜNÜ ÜRƏKLƏRDƏ BAYRAMA ÇEVRİLDİ

Qarabağ Azərbaycandır!
8 Noyabr tariximizə qızıl hərflərlə yazılmış gündür. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xalqımızın ürəyində ümid çırağı yandırdı, Zəfərə gedən yolun son mərhələsini işıqlandırdı. Bu tarix hər il Zəfər Günü kimi qeyd olunur və onun mənası bir cümlədə ifadə olunur: Vətən uğrunda verilən hər qurban boşa getmədi.
Azərbaycan torpaqları otuz ilə yaxın işğal altında qaldı. Bu illərdə beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmədi, "dondurulmuş münaqişə" adlanan vəziyyət ədalətsizliyi uzatdı. Lakin Azərbaycan xalqı heç vaxt haqq işindən əl çəkmədi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq.
Həqiqətən də, Zəfər gözlə gəlməmiş, əməklə, düşüncə ilə və qətiyyətlə yaxınlaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri, cənab Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində Azərbaycan iqtisadi və hərbi cəhətdən güclənmişdir. Büdcədə hərbi xərclərin artırılması Silahlı Qüvvələrimizi daha da gücləndirmiş, güclü və peşəkar ordunun yaradılması əsas vəzifə kimi həyata keçirilmişdir.
Beynəlxalq hüquq baxımından da Azərbaycanın mövqeyi aydın idi. BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir və işğalçı qüvvələrin çıxarılmasını tələb edirdi. Bu qətnamələr illərlə kağız üzərində qaldığı üçün Azərbaycan öz suveren ərazilərini azad etmək hüququndan istifadə etdi. Ədalətə söykənən bu hüquq Zəfərimizi əbədi edən əsas amildir.
44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə getdi. Hərbçilərimiz "öldü var, döndü yoxdur" şüarı ilə döyüşlərə atıldılar, hər qarış torpaq üçün canlarını fəda etdilər. Şəhidlərimizin qanı ilə yazılmış bu Zəfər tarixə Azərbaycanın tarixi Qələbəsi kimi daxil oldu. Onların xatirəsi qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Bu gün Azərbaycan Zəfərin verdiyi gücə arxalanaraq sülh və inkişaf yolunda irəliləyir. Azərbaycan sülh istəyir, lakin ədalətli sülh istəyir. Çünki yalnız beynəlxalq hüquqa əsaslanan sülh davamlı ola bilər. Bizim borcumuz isə Zəfər tarixini yaşatmaq, gənc nəsillərə Vətən sevgisi aşılamaq və Azərbaycanın sabahını daha da işıqlı etməkdir.
Heydərli Fərzanə
Bakı şəhəri Sabunçu rayonu Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
- 1

