Murad Axundov: “Əsrləri Aşan Lider - Heydər Əliyev – Azərbaycan Tarixinin Ən Parlaq Səlnaməsi”
2025-ci il mayın 10-da müasir Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizdə və xaricdə dərin ehtiramla qeyd olunur. Bu tarixi gün təkcə bir böyük insanın doğum günü deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin təməlini qoyan, onu təhlükələrdən qoruyaraq inkişaf yoluna çıxaran bir ideologiyanın və əbədiyaşar dəyərlərin bayramıdır.
Heydər Əliyev – Zəmanəsini Aşan Dahi Şəxsiyyət
1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyev, XX əsrin ən böyük dövlət adamlarından biri kimi yalnız Azərbaycan xalqının deyil, bütün türk və müsəlman dünyasının yaddaşında silinməz izlər buraxmışdır. O, hələ Sovetlər dönəmində Azərbaycanın ictimai-siyasi həyatında parlaq yüksəlişi ilə fərqlənərək, respublikanın rəhbəri olmuş, xalqını inkişaf yoluna çıxarmışdı. Lakin Heydər Əliyevin əsl böyüklüyü və müdrikliyi Azərbaycanın müstəqillik dövründə, ən çətin və taleyüklü məqamlarında daha parlaq şəkildə özünü göstərdi.
1990-cı illərin əvvəllərində ölkədə siyasi və iqtisadi xaos hökm sürərkən, milli birlik dağılmış, torpaqlar işğal altında qalmış, vətəndaş müharibəsinin astanasına gəlmiş Azərbaycan xalqı bir ümidaxtarışında idi. Elə bu vaxtda xalqın səsinə səs verən, öz xalqı üçün ölümə belə getməyə hazır olan Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını üzərinə götürdü.
Azərbaycançılıq Məfkurəsinin Banisi
Heydər Əliyevin siyasi ideologiyasının mərkəzində azərbaycançılıq dururdu. Bu anlayış təkcə bir etnik və coğrafi mənsubiyyət deyil, bütün azərbaycanlıların milli kimliyini, mədəni dəyərlərini və tarixi irsini əhatə edən bir məfkurədir. Heydər Əliyev azərbaycançılığı dövlət siyasətinə çevirdi. Dünya azərbaycanlılarını bir araya gətirmək üçün tarixi addımlar atdı, diaspor təşkilatlarını gücləndirdi, milli mənsubiyyət hissini möhkəmləndirdi.
Onun ideyası ilə bu gün biz yalnız coğrafi sərhədlərlə deyil, mənəvi bağlarla da bir millət kimi varıq.
Sabitliyin, İnkişafın və Qurtuluşun Simvolu
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yeni bir dövrə qədəm qoydu. O, ölkədə sabitlik yaratdı, vətəndaş müharibəsinin qarşısını aldı, dövlətçiliyin əsaslarını formalaşdırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi. Heydər Əliyev ölkənin enerji strategiyasını quraraq, Azərbaycanı beynəlxalq enerji bazarının aparıcı oyunçularından birinə çevirdi.
Dövlətin hər bir sahəsində islahatlar aparıldı: hüquqi baza möhkəmləndirildi, ordu quruculuğuna başlanıldı, təhsil və səhiyyə sistemləri yenidən quruldu. Və ən önəmlisi – xalqın dövlətə olan inamı bərpa edildi.
Heydər Əliyev və Qarabağ Həqiqətləri
Ulu Öndərin siyasətində Qarabağ problemi xüsusi yer tuturdu. O, hər zaman bildirib ki, "Dağlıq Qarabağ Azərbaycandır və nöqtə!". 1994-cü ildə əldə edilən atəşkəs razılaşması, münaqişənin dondurulması və diplomatik sahədə Azərbaycanın mövqelərinin gücləndirilməsi, gələcək qələbənin zəminini hazırladı.
Bugünkü 44 günlük Vətən Müharibəsində əldə olunan möhtəşəm Qələbənin ideya təməli məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Qarabağı azad etdi və bu zəfərin təməlində Heydər Əliyevin dövlət quruculuğu, ordu islahatları və diplomatik uğurları dayanır.
Heydər Əliyev İrsinə Sadiqlik və Azərbaycanın Uğur Yolu
Bu gün müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, iqtisadi strategiyalar, ordu quruculuğu, beynəlxalq əlaqələrin gücləndirilməsi – hamısı Ümummilli Liderin siyasi kursunun davamı və təkamülüdür.
Azərbaycan artıq regionda söz sahibi olan, sülhün və əməkdaşlığın təminatçısı, dünya birliyində etibarlı tərəfdaş kimi tanınır. Paytaxt Bakı dünya səviyyəli tədbirlərə ev sahibliyi edir, ölkəmiz kosmosdan tutmuş, süni intellekt və alternativ enerji sahələrinə qədər geniş inkişaf mərhələsinə qədəm qoyub. Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri geniş vüsət alır. Zəfər Qəhrəmanları – şəhidlərimiz, qazilərimiz dövlətin daim diqqət mərkəzindədir. Onların ailələrinə göstərilən dəstək, sosial layihələr və mənəvi ehtiram dövlətimizin humanist dəyərlərini nümayiş etdirir.
Əbədiyaşar Lider, Sönməz İdeologiya
Heydər Əliyev təkcə bir dövrün lideri deyildi – o, xalqın ruhunun simvolu, dövlətin dayağı, millətin güvənc yeri idi. Onun ideyaları bu gün də yaşayır, inkişaf edir və Azərbaycanı gələcəyə doğru aparır. Gənc nəsil bu dəyərlər əsasında formalaşır, milli ruh, vətənpərvərlik, dövlətçilik ənənələri ilə böyüyür.
Mayın 10-u – Heydər Əliyevin doğum günü, hər il Azərbaycan xalqı üçün yalnız bir təqvim tarixi deyil, ölkə sevgisinin, dövlətçilik ruhunun, birlik və bərabərlik ideyasının yenidən doğulduğu gündür.
Ulu Öndərin ruhu qarşısında baş əyərək, bu əminliyi qürurla deyə bilərik:
“Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır!”
- 3