AzTU-nun beynəlxalq uğuru - 20 tədris proqramı akkreditasiyadan keçdi
Azərbaycan Texniki Universitetinin (AzTU) 20 ixtisası Almaniyanın nüfuzlu keyfiyyət təminatı agentliyi olan AQAS (Agency for Quality Assurance through Accreditation of Study Programmes) tərəfindən 6 il müddətinə beynəlxalq akkreditasiya sertifikatı alıb.
“Qafqazinfo” xəbər verir ki, AQAS-ın beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti akkreditasiya prosesi çərçivəsində universitetdə dörd ixtisas klasteri üzrə qiymətləndirmə aparıb.
Ekspertlər ixtisasları Avropa Ali Təhsil Məkanının Keyfiyyət Təminatı Standartları və Təlimatlarına (ESG) uyğun olaraq kurikulumun məzmunu, tədris və qiymətləndirmə mexanizmləri, keyfiyyət təminatı sistemi, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə və maddi-texniki baza baxımından dəyərləndiriblər.
Beynəlxalq akkreditasiya qazanan proqramlar:
- Maşın mühəndisliyi;
- Materiallar mühəndisliyi (bakalavr və magistr);
- Metallurgiya mühəndisliyi (bakalavr və magistr);
- Maşın mühəndisliyi (bakalavr və magistr);
- Elektrik mühəndisliyi;
- Elektrik və elektronika mühəndisliyi (bakalavr və magistr);
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (bakalavr və magistr);
- Energetika mühəndisliyi (magistr);
- Kompüter mühəndisliyi və informasiya texnologiyaları;
- Kompüter mühəndisliyi (bakalavr və magistr);
- Radiotexnika və telekommunikasiya mühəndisliyi (bakalavr və magistr);
- İnformasiya texnologiyaları (bakalavr və magistr);
- Nəqliyyat və logistika;
- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (bakalavr və magistr);
- Nəqliyyat mühəndisliyi (magistr).
Beynəlxalq akkreditasiya AzTU tələbələri, məzunları və universitet üçün mühüm üstünlüklər yaradır. Akkreditə olunmuş proqramlar məzunların diplomlarının beynəlxalq tanınmasını gücləndirir, onların xarici ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlavə imkanlar yaradır. Eyni zamanda, akkreditasiya universitetin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsinə, xarici tələbələr üçün cəlbediciliyinin artmasına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verir.
Əldə olunan nəticə AzTU-da keyfiyyət təminatı sahəsində həyata keçirilən davamlı islahatların və təhsil proqramlarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinin növbəti mühüm göstəricisidir. Bu uğur universitetin beynəlxalq rəqabət qabiliyyətinin, reytinqlərdə mövqeyinin və Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da güclənməsinə xidmət edir.
- 0


