DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. Daha sonra məhkəmədə hökm oxunub.
Hökmə əsasən, Elşən Nəcəfov 12 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törədə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.
- 0