Nurəngiz Bəşirova – Sağlamlıq Sahəsində Fərqlənən Fəaliyyət və Səmərəli Xidmət
Nurəngiz Bəşirova, Sabunçu Tibb Mərkəzinin direktoru olaraq, sağlamlıq sahəsində misilsiz bir xidmət nümunəsi nümayiş etdirir. O, rəhbərliyə gəldiyi ilk gündən etibarən, tibb mərkəzinin fəaliyyətində ciddi dəyişikliklərə və inkişaflara imza atmış, Sabunçu Tibb Mərkəzini Bakı şəhərindəki ən nümunəvi xəstəxanalardan birinə çevirmişdir. Onun rəhbərliyi altında, Sabunçu Tibb Mərkəzi yalnız yüksək keyfiyyətli tibbi xidmət təqdim etməkdə deyil, həm də müasir tibb texnologiyalarını tətbiq etməklə müalicə prosesini daha səmərəli və effektiv etmişdir.
Nurəngiz Bəşirova, Sabunçu Tibb Mərkəzini əsaslı şəkildə yeniləyərək, müasir tibbin tələblərinə uyğun yüksək standartlara cavab verən bir qurum halına gətirmişdir. O, tibb mərkəzinin strukturunu gücləndirərək, hər bir şöbənin fəaliyyətini optimallaşdırmış, həkim və tibb işçiləri üçün müasir tədris və təlimlər təşkil edərək, onlara daha yaxşı xidmət göstərmə imkanı yaratmışdır.
Tibb mərkəzindəki tibbi avadanlıqların ən son texnologiyalarla təchiz edilməsi və müasir müalicə üsullarının tətbiqi də Bəşirovanın rəhbərliyi altında həyata keçirilmişdir. Bunun nəticəsində, Sabunçu Tibb Mərkəzi xəstələrinə yüksək səviyyədə xidmət göstərərək, onların sağlamlıq problemlərinin həllinə mühüm töhfələr vermişdir.
Nurəngiz Bəşirovanın şəhid qazilərə olan dərin hörməti və onları dəstəkləməsi də diqqətə layiqdir. O, hər zaman tibb mərkəzində müalicə olunan qazilərimizin sağlamlığının bərpası üçün əlindən gələni əsirgəməyib, onların müalicə və reabilitasiya proseslərinə xüsusi diqqət yetirib. Həmçinin, şəhid ailələri ilə də daim əlaqə saxlayaraq onlara hər cür dəstək göstərmişdir.
Nurəngiz Bəşirova, həm də dövlətçiliyə sadiq, ölkəmizin inkişafı üçün əzmlə çalışan bir insandır. Onun rəhbərliyi altında, Sabunçu Tibb Mərkəzi yalnız tibbi xidmət sahəsində deyil, eyni zamanda dövlətin sağlamlıq sahəsindəki siyasətinə uyğun fəaliyyətini davam etdirərək cəmiyyətə faydalı bir təsisata çevrilmişdir.
Onun rəhbərliyi altında Sabunçu Tibb Mərkəzi, təməl prinsiplərdən biri olan xəstələrə qarşı yüksək mərhəmət və hörmət prinsipini həmişə ön planda tutmuş və hər bir xəstəyə fərdi yanaşma ilə tibbi xidmət göstərmişdir. Bəşirovanın idarəçiliyi, Sabunçu rayonunun sakinləri üçün möhkəm sağlamlıq təməli yaratmış, sağlamlığın qorunmasına və inkişafına xidmət etmişdir.
Nurəngiz Bəşirovanın çalışdığı müddət ərzində, Sabunçu Tibb Mərkəzi bir çox beynəlxalq tibbi sertifikatlar və mükafatlarla təltif edilmişdir. O, həmçinin tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə müasir tibb təhsili və tədqiqatlarının tətbiqini gücləndirmişdir.
Sabunçu Tibb Mərkəzinin direktorunun səmərəli və effektiv rəhbərliyi sayəsində, bu mərkəz artıq çoxsaylı xəstələrin üz tutduğu bir səhiyyə mərkəzinə çevrilmişdir və Nurəngiz Bəşirova, öz sahəsində böyük təcrübəsi və müsbət işləri ilə tanınır.
Tibb mərkəzinin inkişafı, şəhid və qazi ailələrinə verdiyi dəstək və dövlətçilik prinsiplərinə sadiqliyi, Nurəngiz Bəşirovanın xidmətlərinin dəyərini artıran amillərdəndir.
Nurəngiz Bəşirova: “Sabunçu Tibb Mərkəzi artıq nümunəvi xəstəxanalardan birinə çevrilib”
“İdarəçi təbiblər” layihəsi davam edir
“Tibb müəssisəsində son dövrlər bir çox yeni əməliyyatların icrasına başlanılıb”.
“Bu gün Mərkəzdə KT, MRT və digər radioloji xidmətlər ən yüksək səviyyədə qurulub. Əlavə yeni avadanlıqların alınması nəzərdə tutulub”.
“Cərrahi profilli reanimasiya, Əməliyyat bloku əsaslı təmir olunub və tamamilə yeni, ən müasir tibbi avadanlıqlarla təchiz olunub”.
“Anestezioloji xidmət üçün zəruri olan bütün təchizat yenilənib”.
“Yaxın zamanlarda oftalmoloji əməliyyatların da icrasına başlamağı planlaşdırırıq”.
“Gələn il terapevtik, cərrahi təcili tibbi yardım və s. kimi şöbələrin yenidən təmir olunması nəzərdə tutulub”.
“İdarəçi təbiblər” layihəsində növbəti müsahibimiz Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovadır.
- Hər vaxtınız xeyir, Nurəngiz xanım!
İlk olaraq Sabunçu Tibb Mərkəzi və tabeli müəssisələri barədə məlumat verməyinizi istərdik.
- Sabunçu Tibb Mərkəzi (Mərkəz) ölkəmizin çoxprofilli tibb müəssisələrindən biridir. 27 tibbi şöbədən ibarət olan Mərkəzin tabeliyində eyni zamanda bir neçə böyük tibb müəssisəsi də fəaliyyət göstərir. Bura 2 nömrəli Doğum Evi, Maştağa Xəstəxanası və Məhəmmədli modul tipli xəstəxana aiddir. Qeyd etdiyim bu tibb müəssisələri də daxil olmaqla, Mərkəz ümumilikdə 845 çarpayıdan (Sabunçu Tibb Mərkəzinin özü 625, 2 saylı Doğum Evi 120, Maştağa Xəstəxanası 100, Məhəmmədli modul tipli xəstəxana 200 çarpayı) ibarətdir.
Tibb müəssisəsində təkcə paytaxt Bakı deyil, eləcə də digər şəhər və rayonlardan hospitalizasiya olunan vətəndaşlara xidmət göstərilir.
- Artıq 1 ildən çoxdur ki, fəaliyyətinizi Sabunçu Tibb Mərkəzində davam etdirirsiniz. Bu müddət ərzində nələr dəyişib?
- 2023-cü ilin iyul ayında tibb müəssisəsinə direktor təyin olunmuşam. Hesab edirəm ki, bu müddət ərzində, həqiqətən, əsaslı dəyişikliklər baş tutub. Tibb müəssisəsində tibbi xidmətin keyfiyyətinin artırılması, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində bir çox yeniliklər - yeni şöbələrin yaradılması, müasir tibbi avadanlıqların alınması, uzman həkimlərin, peşəkar tibbi kadrların cəlb edilməsi, təmizlikdən tutmuş nizam-intizama kimi gözəçarpacaq dərəcədə dəyişikliklər baş verib.
Məlumat üçün deyim ki, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə 2023-cü ilin dekabr ayında Cərrahi profilli reanimasiya, Əməliyyat bloku əsaslı təmir olunub və tamamilə yeni, ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
Cərrahi profilli reanimasiya şöbəsi süni tənəffüs aparatları, defibrilyator, çətin intubasiya üçün videolarinqoskop, EKQ aparatları, infuzomat, xəstəyanı monitorlarla və s. təmin olunub.
Anestezioloji xidmət üçün zəruri olan bütün təchizat yenilənib. Reanimasiya otaqları 22 çarpayı ilə təchiz olunub. Həmçinin infeksion xəstələrin müalicəsi üçün izolyasiya otağı ayrılıb.
Əməliyyat bloku isə müasir tələblərə cavab verən narkoz aparatları, monitorlar, masalar, laporoskopik cihaz, alətlər, endoskopiya, C-qollu rentgen, beyin əməliyyatları üçün mikroskop və s. cihazlar, eləcə də alətlərlə təchiz olunub.
Həmin müddətdə eyni zamanda çoxməqsədli cərrahi və tibbi alətlərin ekspres sterilizasiyası üçün ən müasir avadanlıqlara təchiz olunan Sterilizasiya bölməsi də istifadəyə verilib.
2024-cü ilin iyun ayında isə Şüa-diaqnostika şöbəsinin açılışı baş tutub. Yeni şöbə tibbi texnologiyanın ən müasir avadanlıqları ilə kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT), doppler ultrasəs diaqnostika (USM) və ürəyin ulturasəs müayinəsi üçün exokardioqrafiya (EXO) aparatları isə təchiz olunub.
Eyni zamanda aparılan yeniliklər nəticəsində müasir, çoxsaylı tibbi əməliyyatların icrası imkanları genişləndirilib və üz-çənə əməliyyatlarının icrasına başlanılıb. Hazırda həkimlərimizə ölkənin bir çox şəhər və rayonlarından vətəndaşlar müraciət edir.
- Yəqin ki, siz bununla kifayətlənmirsiniz, əlavə planlar da olmamış olmaz. Gələcək planlar haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, yeniliklər bununla bitmir. Mütləq gələn il də dəyişikliklər davamlı olacaq. Ümumiyyətlə, TƏBİB rəhbərliyinin məqsədi budur ki, Sabunçu Tibb Mərkəzi tamamilə yenilənsin, ölkənin ən müasir tibb mərkəzlərindən birinə çevirilsin. Qısa zamanda bu məqsədə doğru bir çox yeniliklərimiz oldu, lakin bu, hələ yolun başlanğıcdır.
Tibb müəssisəsi ən çox müraciət edilən xəstəxanalardan biridir, ona görə də planlı surətdə təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda Endoskopiya şöbəsi təmir olunur və istifadəyə verilmək üzrədir. Daha sonra terapevtik, eləcə də cərrahi təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin təmir olunması planlarımız arasındadır.
Tibb müəssisəsinə edilən müraciətlər və digər müəssisələrdən də göndərişlə müraciət edən pasiyentlərin çoxluğu səbəbindən Şüa-diaqnostika şöbəsinin əlavə olaraq KT və MRT cihazları ilə təmin olunması da nəzərdə tutulub. Məlumat üçün bildirim ki, iyun ayından etibarən vətəndaşlar 9 minə yaxın radioloji tibbi xidmətlərdən yararlana bilib.
Eyni zamanda bir müddətdir ki, üz-çənə əməliyyatlarına başlamışıq. Qısa müddətdə Üz-çənə cərrahiyyəsi şöbəsinin də fəaliyyətə başlaması nəzərdə tutulub.
Tibb mərkəzində otolarinqoloji əməliyyatların icrasına başlanılıb, neyrocərrahi əməliyyatlar uğurla davam etdirilir, bu yaxınlarda isə oftalmoloji əməliyyatların da icrasına başlayacağıq.
- Tibb müəssisəsi bu gün ən çox müraciət edilən xəstəxanalardan biridir deyirsiniz. Daha çox hansı sahələr üzrə pasiyent müraciətləri qeydə alınır?
- Ən çox müraciətlər Terapiya, Travmatologiya, Cərrahiyyə və Radiologiya şöbəsinə olur. Sözügedən sahələr üzrə statistik göstəricilər yüksəkdir. Ümumilikdə mərkəzimizə günlük fərdi müraciət sayı 1 700-2 200 arası olur ki, bunların da yarıdan çoxu həmin tibbi xidmətlər üzrədir. Xidmətlərlə birgə bu rəqəm 6 500-8 000-dir. Ay ərzində isə 55 000-65 000 pasiyent müraciəti, 195 000-198 000 xidmət sayı qeydə alınır.
2024-cü ilin 10 ayı ərzində 650 000-dən çox vətəndaşın Sabunçu Tibb Mərkəzinə müraciəti qeydə alınıb.
- Tibb müəssisəsində neçə həkim fəaliyyət göstərir? Onlar arasında uzman həkimlər varmı?
- Təkcə Sabunçu Tibb Mərkəzində 266 həkim, digər tabeli tibb müəssisələrimizdə isə ümumilikdə 132 həkim fəaliyyət göstərir. Hazırda xəstəxanada 7 uzman çalışır və yaxın zamanlarda bu sayın artması gözlənilir.
Son 1 ildə Mərkəzin özündə 66 həkim işə götürülüb. Tibb və qeyri-tibb heyətinə xüsusilə diqqətlə yanaşırıq. Onların bilik və bacarıqlarının artırılması istiqamətində də zəruri işlər görülür.
- Heç kimə sirr deyil ki, əvvəllər “Sabunçu xəstəxanası” adına bağlı çoxsaylı neqativ xəbərlər olub. TƏBİB-in tabeliyinə veriləndən sonra isə burada yeni idarəetmə sistemi quruldu, yenidənqurmalar başladı, sizin də qeyd etdiyiniz kimi, işə yeni həkimlər, uzmanlar cəlb olundu. Bəs gözlənilən nəticəni əldə etmək mümkün oldumu?
- Məlumat üçün deyim ki, bu gün paytaxt Bakıda avtoqəzalarda xəsarət alanların böyük bir qismi Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunur. Buna səbəb tibb müəssisəsinin iki böyük magistral yola yaxın yerləşməsidir. Bildiyimiz kimi, magistral yollarda yol-nəqliyyat hadisələri daha çox olur. Eyni zamanda təkcə yaxın ərazilərdən deyil, respublikanın digər ərazilərində də baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində qəzaya düşən şəxslər tibb müəssisəsinə hospitalizasiya oluna bilir. Mərkəzdə ən ağır xəstələr qəbul edilir və onlara tibbi xidmətlər göstərilir.
Vətəndaşlar Sabunçu Tibb Mərkəzində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.
Mən özüm də tez-tez qeydiyyat hissələrində, Təcili tibbi yardım və digər şöbələrdə oluram. Müşahidəm zamanı əksər vətəndaşların razılıqlarını görürəm, ümumiyyətlə, vətəndaşların məmnunluğu ilə bağlı çox işlər görürük. Vətəndaşlar özləri bizə yaxınlaşır, təşəkkür edirlər.
Bir müsahibəmdə bildirmişdim ki, tibb müəssisəsi adı artıq müsbət xəbərlərlə xatırlanacaq. Arzumuza çatmışıq. Sabunçu Tibb Mərkəzi qısa zamanda nümunəvi xəstəxanalardan birinə çevrilib. Şöbələrdə demək olar ki, ölüm halları qeydə alınmır. Çox az sayda reanimasion xəstələrdə, yəni xəstəxanaya olduqca kritik, aqonal vəziyyətdə gətirilən ağır yaralılarda ölüm halı ola bilər.
- Azərbaycanda hər bir dövlət qurumlarının və ya böyük müəssisələrin rəhbər vəzifələrində çalışan kifayət qədər xanımlar var. Bu, ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Bəs bir xanımın belə bir məsuliyyətli vəzifələrdə çalışması, sizcə, ağırdır, yoxsa yox?
- Azərbaycanda qadınların dövlət qurumlarında, böyük müəssisələrdə və idarələrdə rəhbər vəzifələrdə çalışması həm cəmiyyətin inkişaf səviyyəsini, həm də gender bərabərliyinə verilən önəmi göstərir. Bu, qadınlara dövlət səviyyəsində verilən etimadın və onların bacarıqlarına olan inamın bariz nümunəsidir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin mükəmməl nümunəsini isə Prezident İlham Əliyev yaradıb. Bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını görürük. Ən böyük örnəyimiz isə Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. O həm ana, həm nənə, həm həyat yoldaşı, həm də ictimai-siyasi xadimdir.
Bir qadının rəhbər vəzifədə çalışması, əlbəttə, müəyyən çətinliklərlə müşayiət oluna bilər. Rəhbərlik, cinsindən asılı olmayaraq, böyük məsuliyyət tələb edən bir sahədir, işdir. Amma qadınların zərifliyi, məsuliyyət hissi, təşəbbüskarlığı və təşkilatçılıq qabiliyyəti belə vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan verir. Eyni ilə tibb sahəsində də bir çox qadın rəhbər öz peşəkarlığı və fədakarlığı ilə həm iş mühitində, həm də cəmiyyətdə nümunə yaratmağı bacarır.
25 yaşımdan idarəçi kimi fəaliyyət göstərirəm. Mənə görə ağır deyil və işim gündəlik həyatımın bir hissəsidir. Əsas məqam qadınlara bərabər imkanların yaradılması, onların təhsil alması və inkişaf etməsi üçün şəraitin təmin edilməsidir. Bu halda qadınlar həm ailə həyatını, həm də peşəkar karyerasını uğurla birləşdirə bilir. Təcrübəmdən də deyə bilərəm ki, qadınlara doğru dəstək və şərait yaradıldıqda hər bir məsuliyyətli vəzifənin öhdəsindən gələ bilirlər.
Nurəngiz Bəşirova Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində, 1990-1991-ci illərdə Ağdam Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
N.Bəşirova Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi fəaliyyətə başlayıb. O, daha sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi çalışıb və 2021-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.
2023-cü ildən etibarən isə Sabunçu Tibb Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, N.Bəşirova müharibə veteranıdır.
- 9