Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
Türkiyənin Antalya şəhərində keçirilən IV Diplomatiya Forumu çərçivəsində bu gün keçirilən müzakirələrdən biri də münaqişələrin həllində parlament diplomatiyasının roluna həsr olunub.
Forumun moderatoru Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay olub.
Müzakirələrdə Azərbaycan deputatları da daxil olmaqla, bir sıra ölkələrin parlamentariləri, siyasətçiləri və ekspertləri iştirak ediblər.
Fuat Oktay açılış nitqində qeyd edib ki, artıq ənənəvi diplomatiya təkbaşına münaqişələrin həlli üçün yetərli deyil:
“Ona görə də biz bütün imkanlardan, o cümlədən parlament diplomatiyasından da istifadə etməliyik. Münaqişələrin, münasibətlərin, savaşların həlli üçün daha çox dialoq, əməkdaşlıq və anlaşma mühiti formalaşdırmaq vacibdir”.
Paneldə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları da bu mövzuda fikirlərini bölüşüblər.
Deputat Ramil Həsən və Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbər Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, xüsusilə Qərbi azərbaycanlıların tarixi torpaqlarından zorla köçürülməsi, bu prosesdə baş verən qətliamlar və sürgünlər barədə ətraflı məlumat veriblər.
Onlar çıxışlarında vurğulayıblar ki, bütün savaşların sonunda sülh və diplomatiya qaçılmaz olur:
“Bugünkü reallıq da onu göstərir ki, Ermənistan-Azərbaycan münasibətləri hazırda məhz danışıqlar və diplomatik proses mərhələsindədir. Bu isə bir daha göstərir ki, diplomatiyanın və parlamentlərarası dialoqun rolu son dərəcə önəmlidir.”
Deputat Əziz Ələkbər çıxışında Qərbi azərbaycanlıların məsələsinin tarixi, bugünkü mərhələsi və gələcəyi ilə bağlı fikirlərini də iştirakçılarla bölüşüb.
Səhər saatlarında verilən məlumata görə, Antalya Diplomatiya Forumu paralel olaraq müxtəlif zallarda debat və oturumlarla davam edir. Aprelin 11-dən 12-nə qədər davam edəcək bu forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Prezident İlham Əliyev artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və bu barədə rəsmi məlumatlar yayılıb.
Forumun gedişi ərzində Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşlər və çıxışları gözlənilir.
- 0