Çin və Azərbaycan münasibətləri inkişaf edir

Bəyannamədə xüsusi olaraq qeyd edilir ki,1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlıq bir çox səmərəli nəticə verib. Həmçinin əməkdaşlığın gələcəkdə genişləndiriləcəyi, iki ölkənin maraqlarının müdafiə ediləcəyi, regional sülh və sabitliyin təmin ediləcəyi qeyd edilib.Bəyannamənin imzalanması Azərbaycan-Çin münasibətlərində yeni səhifə açacaq tarixi bir hadisədir. Qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Görüş zamanı rəhbərlər ölkələr arasındakı maraq doğuran bütün sahələrdə əməkdaşlıq etməyin xüsusiliyini, vacibliyini də vurğulayıblar.
İkitərəfli münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətdəki mühüm uğuru kimi qəbul edilir. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.
Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Bu təşəbbüs sahəsində Azərbaycan Çini dəstəkləyir və xeyli uğur əldə edilmişdir də demək olar.
Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Belə ki,iki ölkə arasında vizasız gediş-gəliş turizmin də inkişafına təkan verəcək.
Bəyannamədə digər sahələrlə yanaşı təhsil sahəsində də birgə işlərə imza atılıb. Belə ki, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyi qeyd edilib. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır.
- 0