Ədalət Hacıyev: Zəfərin Beş İli - Şuşadan Başlayan Qürur Yolumuz

Azərbaycan tarixinin ən şərəfli günlərindən biri – 8 Noyabr Zəfər Günü artıq 5 ildir ki, xalqımızın qəlbində mübarizənin, birlik və millət ruhunun simvolu kimi yaşayır. Bu gün, təkcə hərbi qələbənin ildönümü deyil, həm də 28 illik həsrətin son tapdığı, ən müqəddəs arzularımızdan birinin gerçəkləşdiyi gündür. Şuşanın azad olunması ilə Azərbaycan xalqının haqq savaşı öz zirvəsinə yüksəldi. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev bu günü hər bir azərbaycanlı kimi dərin qürurla xatırlayır.
2020-ci il 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbə, Qarabağ müharibəsinin taleyini dəyişdi. Şuşanın azad edilməsi yalnız strateji deyil, həm də mənəvi qələbə idi. Çünki Şuşa bütün dünyaya yenidən Azərbaycanın mədəniyyət beşiyi kimi qaytarıldı. Bu günün anlamını hər kəs fərqli hiss edir, amma hamının qəlbində bir həqiqət yaşayır: bu zəfər tariximizin ən parlaq səhifələrindən biridir.
Şuşanın azadlığı ilə başlayan yeni dövr Azərbaycanın yenidən quruculuq missiyasını açdı. Həsrətlə gözlənilən torpaqlarımıza həyat geri dönməyə başladı. Azərbaycan dövləti qısa müddətdə böyük yenidənqurma və bərpa işlərinə start verdi. O torpaqlar ki, 30 il dağıdılıb viran qoyulmuşdu, bu gün yeni şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və yaşayış massivləri ilə yenidən dirçəlir.
Artıq o torpaqlara insanların qayıdışı reallığa çevrilib. Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam və digər bölgələrdə ailələr yeni evlərinə qovuşurlar. Uşaqlar Qarabağın havasında gülür, analar doğma torpaqda süfrə açır, azan səsləri yenidən ucalır. Bu, zəfərin ən böyük nəticəsidir. Ədalət Hacıyev qeyd edir ki, bu qayıdış yalnız tikinti və bərpa deyil, eyni zamanda ruhun və tariximizin bərpasıdır.
Azərbaycan dövləti təkcə şəhərlər deyil, insanların gələcəyini də qurur. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələri Qarabağı dünyanın ən müasir yaşayış məkanlarından birinə çevirir. Bu, Zəfər Gününün təkcə keçmişin xatirəsi deyil, gələcəyin ümididir. Bu dəfə o torpaqlarda yaşamaya gedən insanlar evlərinə, həyatlarına, arzularına dönürlər.
2020-ci ildəki qələbə həm də milli birliyin gücünü göstərdi. Bütün Azərbaycan bir yumruq oldu. Cəbhədə döyüşən əsgərdən tutmuş, arxada dua edən analara, yardım göndərən xalqa qədər hər kəs bu zəfərin bir hissəsi idi. Ədalət Hacıyev bildirir ki, xalq əzmi olmasaydı, bu tarix yazılmazdı.
Bu gün Zəfər Gününü qeyd edən Azərbaycan xalqı, şəhidlərimizi sonsuz hörmətlə anır. Onların qanı, canı bahasına bu torpaqlar azaddır, bu bayraq Şuşada dalğalanır. Vətən müharibəsi qaziləri bu günün canlı qəhrəmanlarıdır. Vətənimizin hər bir guşəsi onlara borcludur. Bu gün onların şücaəti səhnələrdə, filmlərdə, tamaşalarda əks olunur və hər nəsilə çatdırılır.
Şuşanın azad olunması təkcə hərbi uğur deyildi – bu, həm də mədəniyyətimizin dirçəlişi idi. Xarıbülbül Festivalı, “Şuşa İli”, mədəniyyət tədbirləri, konsertlər – bunların hər biri Şuşanı yenidən musiqinin, ədəbiyyatın, incəsənətin beşiyinə çevirdi. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı da Qarabağ mövzulu tamaşaları ilə bu tarixin yaşamasına xüsusi töhfə verir.
Ədalət Hacıyev vurğulayır ki, Şuşa səhnəsi artıq dünya səhnəsidir. Bir zamanlar susdurulan bu torpaqlarda bu gün muğam səslənir, klassik musiqilər səhnələri bəzəyir, Azərbaycan mədəniyyəti öz varlığını ən yüksək şəkildə nümayiş etdirir. Bu gün Şuşa təkcə bizim deyil, dünya mədəniyyət xəritəsinin parlaq nöqtəsidir.
Beş il keçib. Bu beş ildə Azərbaycan xalqı sübut etdi ki, təkcə müharibədə deyil, quruculuqda da güclüdür. Beş il ərzində Qarabağ hər gün dəyişib gözəlləşib. Dövlətimiz abadlıq işlərini ən yüksək səviyyədə həyata keçirir. Bu gün o torpaqlara gedən hər kəs bir zamanlar viran olmuş yerlərdə həyatın necə dirildiyinin canlı şahididir.
Zəfər Günü həm də milli qürurumuzun yenidən doğulduğu gündür. Bu qürur bu gün hər bir evdə, hər bir ürəkdə yaşayır. Çünki Azərbaycan tarixinə ən möhtəşəm imzasını atdı – haqqı ilə, gücü ilə, ədaləti ilə torpaqlarını geri aldı. Ədalət Hacıyevin sözləri ilə desək, bu zəfər nəsillərin yaddaşında əbədi yaşayacaq.
8 noyabr hər il sevgi ilə qeyd olunur. Mərasimlər, tədbirlər, paradlar, sənət əsərləri – hamısı bir ümumi mesaj daşıyır: “Qarabağ Azərbaycandır!” Bu, təkcə siyasi şüar deyil, əbədi tarixi həqiqətdir. Artıq dünya da bunu qəbul etdi və bu həqiqətin qarşısında heç kim dayana bilmədi.
Bu gün, Zəfər Günündə, bütün xalqımızın ürəyi bir döyünür. Şəhid anaları, qazilərimiz, veteranlarımız, əsgərlərimiz, gənclərimiz, yaşlılarımız – hamı eyni sevincin sahibidir. Bu sevincin adı Azərbaycanın qələbəsidir.
8 noyabr Azərbaycan xalqının yazdığı yeni taleyin başlanğıcıdır. Bu tarix, gələcək nəsillərin fəxrlə oxuyacağı, öyrənəcəyi, qoruyacağı bir mirasdır. Və hər ilin bu günü bizim milli qürur günümüz olaraq əbədi yaşayacaq.
Zəfər Günü mübarək, Azərbaycan!
Qarabağımıza, Şuşamıza, Vətənimizə qurban!
- 3

 
 
