Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı
Cənab İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik.
Dövlət başçısı Xankəndi şəhərindən xalqa müraciətində tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib.
2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə yaxın günlərdə öz evlərinə qovuşacaqlar.
- 1