Mehi Həsənov: Regional sülh və əməkdaşlıq yeni geosiyasi persektivlər yaradır

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə iki qonşu ölkənin əlaqəsi deyil, bu, illərlə sınaqdan keçmiş strateji tərəfdaşlıq və sarsılmaz dostluq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana mütəmadi səfərləri bu münasibətlərin nə qədər dərin və dinamik olduğunu bir daha sübut edir.
Azərbaycan və Gürcüstanı birləşdirən ortaq keçmiş və coğrafi mövqe bu iki ölkəni bir-birindən asılı və bir-birinə dəstək olan tərəfdaşlara çevirib. Güclü Gürcüstan Azərbaycan üçün, güclü Azərbaycan isə Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə daim dəstəkləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Erzurum qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Gürcüstanın tranzit imkanlarını artırır, Azərbaycanın isə enerji resurslarının təhlükəsiz daşınmasını təmin edir.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan sazişlə Xəzər dənizinin külək enerjisinin Gürcüstan vasitəsilə Avropaya çatdırılması hədəflənir. Bu, iki ölkəni həm də gələcəyin enerji xəritəsində əsas oyunçulara çevirir.Eyni zamanda, Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik naminə irəli sürdüyü təşəbbüslərdə Gürcüstanın neytral və səmimi vasitəçilik rolu yüksək qiymətləndirilir.
Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan-Gürcüstan əməkdaşlığı regionda daimi sülhün ən güclü zəmanətidir. İki ölkə arasındakı qarşılıqlı hörmət və ərazi bütövlüyünün tanınması digər dövlətlər üçün də bir model rolunu oynayır. Cənubi Qafqaz regionu bu gün əməkdaşlıq mərkəzinə çevrilməkdədir.
Prezident İlham Əliyevin Gürcüstan səfəri zamanı hər iki xalqın rifahına xidmət edən konkret istiqamətlər müəyyən edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim dostluğumuz sarsılmazdır: “Biz hər zaman bir-birimizin yanındayıq və birlikdə böyük işlər görməyə davam edəcəyik”. İqtisadi və siyasi əlaqələrin arxasında dayanan ən böyük güc isə xalqlar arasındakı tarixi bağlılıqdır. Mədəni mübadilə və humanitar layihələr bu siyasi iradəni daha da möhkəmləndirir. Bu münasibətlər sübut edir ki, düzgün qurulan qonşuluq siyasəti hər iki dövləti daha güclü, regionu isə daha təhlükəsiz edir. Azərbaycan və Gürcüstan sadəcə qonşu deyil, eyni yolda inamla addımlayan strateji yol yoldaşlarıdır.
- 1

