Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti Azərbaycanın beynəlxalq etimadının və lider diplomatiyasının göstəricisidir "

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda söz sahibi olan dövlətlərdən birinə çevrilib. Bu reallığı bir daha təsdiqləyən hadisə cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət olunmasıdır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən bu sammitə dünyanın aparıcı dövlətlərinin rəhbərləri – ABŞ, Türkiyə, Fransa, İordaniya, Misir, Qətər, Bəhreyn, Almaniya, Böyük Britaniya, İtaliya və digər ölkələrin liderləri qatılıb. Qlobal təhlükəsizlik məsələlərinin, xüsusən Qəzza münaqişəsinin müzakirə edildiyi bu toplantıya Azərbaycan Prezidentinin dəvət olunması beynəlxalq siyasətdə ölkəmizin artan nüfuzunun və diplomatik xəttinin uğurunun bariz göstəricisidir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu sammit, təkcə Yaxın Şərqdə deyil, bütün dünyada sülh və sabitlik axtarışlarının mərkəzinə çevrilmişdi. Azərbaycan Prezidentinin bu dairəyə daxil edilməsi isə təsadüfi deyil. Çünki cənab Prezident İlham Əliyev bu tədbirə sadəcə müşahidəçi və ya region təmsilçisi kimi deyil, qalib ölkənin lideri, sülhün və beynəlxalq ədalətin təcəssümü kimi qatılıb. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun şəkildə, beynəlxalq təşkilatların deyil, öz gücü və iradəsi ilə bərpa etmiş yeganə dövlətlərdəndir. Bu, dünya miqyasında yeni bir ədalət modelidir – ədaləti kənardan deyil, daxildən bərpa edən model. Qalib Azərbaycanın lideri artıq sülhün yeni simvoludur. Cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı, Azərbaycanın artıq "bölgə dövlətindən" çox "qlobal aktor" statusuna yüksəldiyini göstərir. Qlobal münaqişələrin həlli, beynəlxalq humanitar təşəbbüslər və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın artan rolu dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyev təkcə Qarabağda ədaləti bərpa edən lider deyil, həm də beynəlxalq sülh arxitekturasına real töhfə verən siyasətçi kimi qəbul edilir. Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik diplomatiya, qlobal enerji bazarında sabitlik yaradan layihələri və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirib. Cənab Prezident İlham Əliyev bu sammitdə məhz bu keyfiyyətləri ilə seçilir – dünyanın parçalanmış coğrafiyalarına sülhün praktik modelini təqdim edən lider kimi. Bizim diplomatiyamızın uğuru hazırda beynəlxalq etimadın göstəricisidir. Azərbaycanın bu səviyyədə bir toplantıya dəvət olunması ölkəmizin diplomatik nüfuzunun yüksəlişini əyani şəkildə nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra həyata keçirdiyi sülh gündəliyi dünya siyasətində müsbət rezonans doğurub. Məhz bu siyasətin nəticəsidir ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevi Yaxın Şərq sülh prosesinin mühüm müzakirələrinə şəxsən dəvət edib.
Millət vəkili onu da bildirib ki, bu dəvət həm də iki mühüm mesaj daşıyır. Birincisi, Azərbaycanın sülh və sabitlik təşəbbüslərinin beynəlxalq miqyasda tanınması və yüksək qiymətləndirilməsi, ikincisi isə cənab Prezident İlham Əliyevin müstəqil, balanslı və ədalət yönümlü siyasətinin dünya liderləri tərəfindən qəbul olunmasıdır. Xatırladaq ki, ABŞ-da keçirilən son görüşlərdə – o cümlədən avqustun 8-də Vaşinqtonda təşkil olunan Azərbaycan–Ermənistan danışıqlarında cənab Prezident İlham Əliyevin praqmatik mövqeyi və sülhə yönəlik konkret təklifləri Donald Tramp tərəfindən yüksək qiymətləndirilib. Bu münasibət Yaxın Şərq Sammitinə dəvətin arxasında duran əsas amillərdən biridir. Azərbaycan bu gün yalnız öz regionunda deyil, digər coğrafiyalarda da humanitar və iqtisadi dəstək göstərən dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Suriyaya enerji dəstəyi, humanitar yardım proqramlarında iştirakı və qlobal iqlim gündəliyində fəal mövqeyi onun sülhsevər və məsuliyyətli lider obrazını daha da möhkəmləndirib. Bu mənada, İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq sülh missiyasına töhfə vermək niyyətinin təzahürüdür. Azərbaycan bu gün artıq "yardım alan" deyil, "yardım edən", "problemin bir hissəsi" deyil, "həllin bir hissəsi" kimi tanınır. Bi isə qlobal etimadın yeni mərhələsi kimi çox əhəmiyyətlidir. Şarm-əl-Şeyxdə keçirilən sammit dünyanın gələcək siyasi xəritəsini müəyyən edən tədbir kimi tarixə düşəcək. Burada cənab Prezident İlham Əliyevin iştirakı həm Azərbaycanın diplomatik gücünün, həm də beynəlxalq etimadının göstəricisidir. ABŞ, Türkiyə, Fransa, İordaniya, Qətər və Misir kimi dövlətlərin rəhbərləri ilə bir masa arxasında oturan Azərbaycan Prezidenti artıq qlobal sülh platformasının iştirakçısına çevrilib.
Azərbaycanın nüfuzunun bu səviyyəyə yüksəlməsi birbaşa cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, prinsipial mövqeyi və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Onun rəhbərliyi ilə Azərbaycan sülhün, inkişafın və ədalətin carçısına çevrilib. Bu sammit bir daha göstərdi ki, Azərbaycan dünyada təkcə enerji gücü ilə deyil, həm də mənəvi və siyasi gücü ilə tanınır. Cənab Prezident İlham Əliyevin adının sülh və ədalət anlayışları ilə yanaşı çəkilməsi, müasir dünyanın mürəkkəb çağırışları fonunda onun liderlik məktəbinin beynəlxalq səviyyədə qəbul olunmasının sübutudur-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.
---
- 2