ZƏHMƏT VƏ QADIN İRADƏSİNİN QƏLƏBƏSİ

Abdullayev - Məmmədova Gülnur Elçin qızı. 2000-ci ildə Gəncə şəhərində doğulub.
Müasir Azərbaycan gəncliyi getdikcə daha çox uğurları ilə seçilir, elmi arenalarda, beynəlxalq tədbirlərdə və akademik dairələrdə ölkəmizi layiqincə təmsil edir. Bu gənclərdən biri də tibbi biliklərə, peşəkarlığa və zəhmətə söykənən uğur hekayəsi ilə seçilən gənc bir həkim, oftalmoloq rezidentidir. Onun elmi yolçuluğu bir gəncin fərdi inkişafından daha artıqdır — bu yol millətin gələcəyinin necə yetişdiyini göstərən canlı nümunədir.
. Uşaqlıqdan elmə, kitaba və insanlara kömək etməyə maraq göstərən bu gənc, Tibb Universitetinə qəbul olunduğu gündən etibarən yalnız akademik göstəriciləri ilə deyil, həm də fəal mövqeyi ilə seçilib. Universitetdə keçirdiyi illər ərzində hər bir semestri əla qiymətlərlə başa vuraraq, ali təhsilini qırmızı diplomla tamamlaması onun zəhmətə və özünə verdiyi dəyərin bariz nümunəsidir. O, tibb sahəsində yalnız nəzəri biliklərə yiyələnməklə kifayətlənməyib, eyni zamanda klinik bacarıqlarını inkişaf etdirmək, yeni tibbi yanaşmaları mənimsəmək üçün davamlı olaraq öz üzərində çalışıb.
Ali təhsilini başa vurduqdan sonra o, Azərbaycan Tibb Universitetinin rezidentura proqramına qəbul olunaraq oftalmologiya ixtisası üzrə təhsilini davam etdirməyə başlayıb. Hal-hazırda rezidenturanın ikinci kursunda oxuyan bu gənc həkim, peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşaraq göz xəstəlikləri sahəsində ixtisaslaşmaqdadır. Onun məqsədi təkcə yaxşı həkim olmaq deyil — həm də elmi yeniliklərə töhfə vermək, ölkəsində tibbi biliklərin inkişafına real təsir göstərməkdir.
Bu istək və məqsəd onu beynəlxalq arenaya da çıxardı. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş 7-ci Beynəlxalq Orta Şərq Ölkələri üzrə Oftalmologiya Konfransında ingilis dilində təqdim etdiyi elmi məruzə ilə iştirak edərək birinci yerin qalibi olmuşdur. Bu konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş həkimlər, alimlər və elmi tədqiqatçılar iştirak edirdilər. Belə bir mühitdə qalib gəlmək, yalnız elmi baxımdan yox, həm də təqdimat, məntiq və təmsilçilik baxımından yüksək səviyyə tələb edir. Onun məruzəsi konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və növbəti beynəlxalq tədbirlərdə ödənişsiz iştirak hüququ ilə mükafatlandırılmışdır.

Bu uğur təkcə şəxsi nailiyyət deyil. Bu, Azərbaycan qadınının, Azərbaycan gəncinin iradəsinin, zəhmətinin və elmi potensialının beynəlxalq səviyyədə tanınması deməkdir. Belə uğurlar həm də göstərir ki, ölkəmizdə gənclərin elmə, təhsilə marağı yüksəkdir və bu maraq dövlətin yaratdığı imkanlarla üst-üstə düşdükdə nəticələr özünü çox tez göstərir.
Gənc oftalmoloqun uğur hekayəsi yüzlərlə digər gəncə nümunə ola bilər. Onun timsalında bir daha əmin oluruq ki, məqsədyönlü çalışmaq, dayanmadan inkişaf etmək və öz peşəsinə məsuliyyətlə yanaşmaq hər zaman nəticə verir.

- 15

