Hər bir müstəqil dövlətin hüquqi təməlini onun konstitusiyası təşkil edir

Müstəqil Axərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik, hüquqi və dünyəvi bazasını inkişaf etdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini ümdə vəzifə kimi qarşıya qoydu.
Hər bir müstəqil dövlətin hüquqi təməlini onun konstitusiyası təşkil edir. Azərbaycan Respublikasının da dövlətçiliyinin əsasını qoyan, insan hüquq və azadlıqlarını təmin edən əsas qanunu – Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. Bu gün həmin gün ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının ilk Konstitusiyası 1918-ci ildə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmağa başlansa da, cəmi 23 ay mövcud olan Cümhuriyyət həmin sənədi qəbul etməyə imkan tapmadı. Sovet dövründə isə Azərbaycan SSR üçün bir neçə konstitusiya qəbul edilsə də, onlar müstəqil dövlət prinsiplərinə əsaslanmırdı. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğunun təməl prinsiplərinə uyğun olaraq yeni konstitusiyanın hazırlanmasına ehtiyac yarandı.
Azərbaycan Konstitusiyası müasir hüquqi prinsiplərə əsaslanan ilk demokratik sənəd olmaqla, ölkənin dövlət quruluşunu, hakimiyyət bölgüsünü (qanunverici, icraedici və məhkəmə), vətəndaşların hüquq və vəzifələrini, eyni zamanda, azad və hüquqi cəmiyyətin əsaslarını müəyyən edir.
Konstitusiyanın qəbulu ilə ölkədə hüquqi dövlət quruculuğu yolunda mühüm bir mərhələ başlanmış oldu. O vaxtdan bəri Konstitusiya dövlətçiliyimizin inkişafına, qanunvericilik bazasının təkmilləşməsinə, demokratik dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verib.
Bu gün Konstitusiya Günü ölkəmizdə hüquqi maarifləndirmə tədbirləri, tədris proqramları və müxtəlif ictimai tədbirlərlə qeyd olunur. Bu gün hər bir vətəndaşa xatırladır ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də müstəqil Azərbaycanın azad və hüquqa əsaslanan gələcəyinin təminatıdır.
N. Nərimanov adına 128 nömrəli tam orta məktəb
Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Əliyeva
- 1

