Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Ümummilli Lider ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ 44 Günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.
Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri sayəsində artıq ikinci ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftixar hissi ilə qeyd edilir.
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova
- 1

