Ağdam – qəhrəmanlıq və dirçəliş simvolu

Ağdam şəhəri Azərbaycan xalqının qəhrəmanlıq və mətinlik rəmzlərindən biridir. Bu qədim diyar uzun illər işğal altında qalsa da, xalqımızın iradəsi, dövlətimizin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində azadlığa qovuşmuşdur. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ağdam şəhərini düşmən işğalından azad etmişdir. 20 noyabr tarixi bu böyük Qələbənin rəmzi olaraq Ağdam şəhəri günü kimi qeyd olunur.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını verir. Tarixi mənbələrə əsasən, bu ərazilərdə yaşamış türk tayfaları özlərini müdafiə etmək üçün daşdan kiçik qalalar tikmişlər. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan bu ərazidə qala inşa etdirmiş və həmin dövrdən “Ağdam” adı yaranmışdır. Bu söz həm də “günəş şüaları ilə nurlanmış işıqlı yer” mənasında işlədilir.
Ağdam rayonu 1930-cu ildə yaradılmış, 1094 kvadrat kilometr ərazini əhatə etmişdir. Qədim Qarabağın mərkəzində yerləşən bu bölgə tarix boyu mühüm strateji və mədəni əhəmiyyətə malik olmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu torpaqlarda hələ minilliklər öncə yüksək mədəniyyətə malik insanlar yaşamışdır.
1993-cü ilin iyul ayında 42 gün davam edən döyüşlərdən sonra Ağdamın 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə minlərlə dinc sakin doğma yurd-yuvasını tərk etməyə məcbur qalmış, rayonun kəndləri, məktəbləri, muzeyləri, məscidləri və tarixi abidələri tamamilə dağıdılmışdır. Ulu öndər Heydər Əliyev həmin dövrdə xalqı səbirli olmağa, birliyə və gələcəyə inamla baxmağa çağıraraq Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəni siyasi səviyyədə davam etdirmişdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il noyabrın 20-də Ağdam rayonunu işğaldan azad etmişdir. Bu tarixi hadisə 10 noyabr 2020-ci il bəyanatı əsasında həyata keçirilmiş, Ağdamın azad olunması ilə xalqımızın uzun illər həsrətlə gözlədiyi ədalət bərpa edilmişdir. Ağdamın azadlığı Azərbaycan xalqının milli birliyinin, vətənpərvərliyinin və dövlət rəhbərliyimizin müdrik siyasətinin parlaq təzahürüdür.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Bu addım həm Qələbə qazanan igidlərimizə, həm də doğma yurduna qayıdan soydaşlarımıza göstərilən yüksək ehtiramın ifadəsidir. Hazırda Ağdamın bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdamın Baş Planı təsdiqlənmiş, yeni yollar, sənaye parkları, yaşayış binaları, məktəblər və mədəniyyət ocaqları inşa olunur. Ağdam Sənaye Parkı, Muğam Mərkəzi, Dəmir Yolu və Avtovağzal kompleksi bu bölgənin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək mühüm layihələrdəndir.
Bu gün Ağdam şəhəri müasir memarlıq üslubunda yenidən qurulur. Şəhərdə çoxsaylı yaşayış massivləri, təhsil müəssisələri, istirahət parkları və istehsal sahələri yaradılır. Cənab Prezident İlham Əliyevin dediyi kimi:
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kəsdə bu barədə şübhə olmasın.”
Bu sözlər Ağdamın dirçəlişinə olan dərin inamın və xalqımızın əzmkarlığının ifadəsidir. Ağdamın işıqlı sabahı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik yolu və Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində reallığa çevrilir.
Bu gün Ağdam yalnız azad edilmiş bir şəhər deyil, həm də Azərbaycanın yenilməz ruhunun, qürurunun və əbədi Qələbəsinin rəmzidir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva
- 2

