Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də strateji baxımdan Azərbaycanın əvəzsiz incilərindən biridir

"Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını verir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə əsasən kiçik qalalar tikmişlər. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentir rolunu oynamışdır. Bu baxımdan, “Ağdam” günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını daşıyırdı.
Ağdam rayonu 1930-cu ildə yaradılmış, sahəsi 1094 kvadrat kilometrdir. Relyefi, əsasən,düzənlik, qismən dağlıqdır. Rayon Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərbində yerləşir.
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar göstərmişdir ki, Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Tədqiqatlar sübut etmişdir ki, burada ilk insanlar altı-səkkiz min il əvvəl – Eneolit dövründə (“misdaş” dövrü) yaşamış, əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşdular. Tapılan taxıl və üzüm dənələri göstərir ki, yerli əhali oturaq həyat sürmüş və yüksək əkinçilik bacarıqlarına malik olmuşdur.
Üzərriktəpədə aparılan arxeoloji tədqiqatlar nəticəsində bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin maddi-mədəniyyət abidələrindən biri olduğu təsdiqlənmişdir.
Ağdam uğrunda 42 gün davam edən döyüşlər 1993-cü il 23 iyul tarixində başa çatmış və rayonun 73%-i işğal olunmuşdur. İşğal nəticəsində rayonun 882 kvadrat kilometri, o cümlədən 90 kənd və mərkəz işğal olunmuşdur. 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, 6 mindən çox şəhid, minlərlə yaralı qeydə alınmışdır. İşğal zamanı 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi, yeganə Çörək muzeyi, 67 idarə və 99 klub tamamilə dağıdılmışdır.1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi də işğalın pislənməsini bəyan etmişdir. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara əməl etməmişdir.İşğalçı Ermənistan Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Ağdamda coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir. Bu hərəkətlər göstərir ki, Ermənistanın məqsədi hərbi təcavüz yolu ilə ərazi əldə etmək və etnik təmizləmə aparmaq olmuşdur.
Vətən müharibəsi nəticəsində 2020-ci il 20 noyabrda Ağdamın işğal olunmuş əraziləri Azərbaycana təhvil verilmişdir. Bununla da insan tələfatının qarşısı alınmışdır. Bu tarixi qələbəyə görə 2020-ci il 26 noyabrda “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş və 5,790 hərbi qulluqçu təltif olunmuşdur.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü elan edilmişdir.
Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edilmişdir. Şəhər azad edilmiş ərazilərin ən böyük bərpa layihələrindən biridir və Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək. Plan çərçivəsində 100 min nəfər əhalinin yaşayacağı, infrastrukturun, yolların, sənaye parklarının, yaşayış komplekslərinin, mədəniyyət və təhsil obyektlərinin qurulacağı nəzərdə tutulub.
Prezident İlham Əliyev azad olunmuş Ağdama bir neçə səfər etmişdir. Bu səfərlər zamanı dövlət bayrağının ucaldılması, Cümə məscidinin ziyarəti, Bərdə-Ağdam avtomobil yolunun, yaşayış komplekslərinin, Muğam Mərkəzinin, İmarət Kompleksinin, Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Hər bir layihə Ağdamın bərpası və modernləşdirilməsi üçün strateji əhəmiyyət kəsb edir.Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də strateji baxımdan Azərbaycanın əvəzsiz incilərindən biridir. Şəhərin bərpası və inkişafı işğalın fəsadlarını aradan qaldırmaqla yanaşı, Qarabağın gələcək nəsilləri üçün ümid və yeni həyat mənbəyi olmaqla, Azərbaycanın milli qələbəsini əbədiləşdirir.
Ramana qəsəbəsi, Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nuranə Hüseynzadə
- 3

