Səttar Möhbalıyev: Bratislava Bəyanatı Azərbaycanın sarsılmaz İradəsinin və yeni Qafqaz siyasətinin qalib manifestidir

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış etdilər. Bu bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətinə, yeni strateji xəttinə, təhlükəsizlik, enerji, sənaye, nəqliyyat və yüksək texnologiyalar sahəsində perspektiv əməkdaşlığa dair dərin mesajlarla zəngin oldu. Bu səfər yalnız diplomatik gündəlik yox, həm də Azərbaycanın Avropadakı nüfuzunun, regional güc statusunun və qlobal enerji təhlükəsizliyindəki rolunun bir daha təsdiqi kimi dəyərləndirilir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu bəyanat strateji tərəfdaşlıq münasibətlərin ali siyasi formatıdır. Cənab Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq vurğuladı ki, “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.” Bu status təsadüfi deyil. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətləri ən yüksək siyasi mərhələyə çatdırmış oldu. Bu sənəd təkcə diplomatik jest deyil, həm də qarşıdakı illərdə siyasi, enerji, hərbi-sənaye, logistika və innovasiyalar sahəsində layihələrin hüquqi-siyasi bazasıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu sənəddən sonra “bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük”, deməklə Azərbaycan-Slovakiya münasibətlərinin dinamik xarakteri təsdiqlənmiş olur. Əslində Azərbaycan Slovakiyanın enerji təhlükəsizliyinin dayağıdır. Azərbaycan enerji sahəsində Avropanın strateji tərəfdaşına çevrilib. Tarixdə ilk dəfə olaraq ötən il Azərbaycan qazı Slovakiyaya çatdırıldı. Bu fakt Avropa enerji xəritəsində yeni reallığın formalaşdığını göstərir. Cnab Prezident İlham Əliyev bəyanatında bildirdi: “Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.” Bu mesaj yalnız texniki deyil, həm də strateji-siyasi məna daşıyır. Slovakiya enerji şaxələndirilməsinə nail olur. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetrdir, bunun yarısı Avropaya nəql olunur. Artıq Aİ-yə üzv 8 ölkə Azərbaycan qazını alır. Yeni yataqların işlənməsi isə təchizat həcmlərinin daha da artacağını göstərir. Azərbaycan bu gün boru kəmərləri ilə qaz ixracında regionun birinci ölkəsidir. Bu müstəvidə Slovakiya ilə əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Bratislava bəyanatında diqqət çəkən digər strateji xətt müdafiə sənayesi sahəsində əməkdaşlığa aid idi. Cənab Prezident İlham Əliyev mesaj verdi ki, bu əməkdaşlıq müharibə məqsədi daşımır, əksinə sənaye və texnoloji inkişaf üçün ortaq imkanlar yaradır: “Biz müharibə aparmaq fikrində deyilik. Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün maraqlı ola bilər.” Bu, Azərbaycanın müdafiə sənayesini modernləşdirmək, ixrac potensialını artırmaq və yerli istehsalı gücləndirmək strategiyasının mühüm hissəsidir. Slovakiya nümayəndə heyətinin 8 noyabr – Zəfər Günü tədbirlərində iştirakı isə siyasi etimadın, dostluğun və qarşılıqlı hörmətin real göstəricisi oldu. Cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın qlobal logistik xəritədə artan rolunu da bir daha ortaya qoydu: “Bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq.”
Millət vəkili onu da bildirib ki, son illərdə nəqliyyat sektoruna qoyulan sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Bu marşrut Orta Asiyanı Avropa ilə birləşdirir, yüklərin ən təhlükəsiz və sürətli keçidini təmin edir, Azərbaycanın geostrateji əhəmiyyətini artırır. Slovakiya–Azərbaycan əməkdaşlığında logistika və nəqliyyat sahəsi gələcək illər üçün böyük iqtisadi perspektiv vəd edir. Cənab Prezident İlham Əliyev Slovakiya ilə əməkdaşlığın yeni innovativ sahəsini də bəyan etdi: “Biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amildir.” Azərbaycanın üstünlükləri isə istifadə olunmayan 2 giqavatlıq enerji potensialı, yaxın 5 ildə bu rəqəmin 8 giqavata çatdırılması, soyuq iqlimə malik bölgələr – data mərkəzlər üçün ideal şərait, böyük həcmdə yaşıl enerji layihələridir. Bu amillər Azərbaycanın regional data habına çevrilməsi prosesini sürətləndirir və Slovakiya şirkətləri üçün yeni investisiya imkanları yaradır. Cənab Prezident İlham Əliyev Slovakiyanın müstəqil mövqeyini yüksək qiymətləndirərək dedi: “Slovakiya müstəqil xarici siyasət aparır. Buna görə müəyyən çətinliklərlə üzləşirsiniz, ancaq bu, Sizi yolunuzdan döndərmir.” Bu ifadə yalnız diplomatik kompliment deyil, həm də Avropada siyasi cəsarət və prinsipiallıq göstərən ölkəyə dərin hörmətin ifadəsidir. Slovakiyanın bu mövqeyi bölgəmizdə də yüksək dəyərləndirilir.
Cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Slovakiya münasibətlərinin dərin siyasi baza üzərində dayandığını göstərdi. Bu əməkdaşlığın əsas dayaqları strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi, sənaye texnologiyaları, nəqliyyat və loqistika dəhlizləri, rəqəmsal transformasiya və süni intellekt və qarşılıqlı etimad və dostluqdur. Bratislava görüşü təkcə iki ölkə arasında yeni siyasi səhifə açmaqla kifayətlənmədi, həm də Azərbaycanın Avropadakı strateji rolunu daha da gücləndirdi. Bu bəyanat həm regional proseslərə, həm də qlobal siyasətə Azərbaycanın baxışının növbəti siyasi manifesti oldu-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
- 1

