Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra keçən beşinci ili yola salmaq ərəfəsindədir. Ölkəmizdə Konstitusiya və Suverenlik İli elan olunmuş 2025-ci il xalqımız üçün bir çox önəmli hadisələrlə əlamətdar oldu. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, qlobal miqyasda mövqelərinin möhkəmlənməsinə xidmət edən bu hadisələr istər ölkə ictimaiyyəti tərəfindən, istərsə də planetar miqyasda dövlətimizin xarici siyasət kursunun uğuru, Azərbaycan diplomatiyasının yüksək effektivliyi kimi dəyərləndirilir. Əlbəttə ki, il ərzində şahidi olduğumuz ən mühüm hadisələrdən biri cənab Prezident İlham Əliyevin avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfər oldu. Bu səfər istər Azərbaycan-Amerika münasibətlərinin yeni, strateji əməkdaşlığı özündə ehtiva edən mərhələyə keçidi üçün möhkəm zəminin yaradılması, istərsə də Ermənistanla imzalanacaq sülh sazişinin paraflanması və buna dair Birgə Bəyannamənin qəbul edilməsi ilə bağlı müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda da bu səfərin gedişində əldə olunmuş tarixi nəticələr Azərbaycanın Avropa ölkələri ilə münasibətlərin formalaşması və davam etdirilməsi baxımından mövqelərini daha da möhkəmləndirmişdir. Bunu dövlət başçımızın dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfərinin gedişində də aydın şəkildə müşahidə etmək oldu. Beləliklə, Azərbaycan 2025-ci ili böyük uğurlar və mühüm nəticələrlə başa vurur.
Bugünkü buraxılışımızda ilin ən mühüm hadisələri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur. Bugünkü söhbətimizin mövzusu yola salmaqda olduğumuz ilin ən mühüm hadisələri ilə bağlı olacaq...
- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən çox məmnun olduğumu bildirmək istəyirəm. İlk növbədə birmənalı olaraq qeyd edilməlidir ki, 2025-ci ildə ölkləmizin ictimai-siyasi həyatında baş vermiş ən mühüm hadisə əlbəttə ki, cənab Prezident İlham Əliyevin ABŞ Prezidentinin təşəbbüsü və dəvəti ilə avqustun 7-də Vaşinqtona etdiyi rəsmi səfər olmuşdur. Bu, həqiqətən də tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin Ağ Evdə keçirilməsi rəsmi Vaşiqtonun bu gün artıq Cənubi Qafqazda gedən proseslərə tamamilə fərqli prizmadan yanaşdığını deməyə əsas verir. Prezident Trampın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səyləri düzgün şəkildə yüksək qiymətləndirməsi və bir çox başqa amillər ölkələrimiz arasında artıq Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərar verilməsinə şərait yaratdı. Ümumilikdə isə, cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri bir neçə mühüm nailiyyətlə əlamətdar oldu. Həmin tarixi səfərdən keçən dörd ay ərzində də biz Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin regionumuzda gedən konstruktiv proseslərin əsas istiqamətlərinin müəyyən edilməsinə ən çox təsir edən mühüm amillərdən biri olduğunu aşkar şəkildə izləmək imkanına malik olmuşuq.
- Razıyam sizinlə, Eldar müəllim. Əlbəttə ki, bu səfər həqiqətən də tarixi hadisədir və biz bu gün Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin təkcə regional proseslərə deyil, həmçinin ölkəmizin Avropa dövlətləri ilə münasibətlərinin formalaşması prosesinə önəmli təsir etdiyini də deyə bilərik. Bu baxımdan cənab Prezident İlham Əliyevin Slovakiyaya səfərini necə şərh edərdiniz?
- Hər şeydən öncə deməliyəm ki, dövlət başçımızın dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini nümayiş etdirdi. Hər iki ölkənin Prezidentləri mətbuata verdikləri bəyanatlarında ikitərəfli münasibətləri sadəcə diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir müstəvidə inkişaf etdirdiklərinə dair aşkar mesajlarını verdilər. Cənab Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri yalnız siyasi deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik müstəvilərində ən yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin vurğuladığı kimi, bu sənədin imzalanmasından sonra əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş etdirirlər. Prezident Pelleqrini isə slovak xalqı adından Azərbaycanı Ermənistan ilə sülh müqaviləsinin mətninin paraflanması münasibətilə təbrik edərkən bu hadisənin Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə baş verdiyini xüsusi vurğuladı. Bununla da Azərbaycan-ABŞ münasibətlərinin Avropada diqqətlə izləndiyi və təhlil olunduğu bir daha öz təsdiqini tapmış oldu.
- Eyni zamanda Slovakiya Prezidentinin səsləndirdiyi fikirlərin qarşılıqlı siyasi iradənin təkcə Bakının deyil, həm də Bratislavanın prioritet yanaşması olduğunu nümayiş etdirdi...
- Tamamilə doğrudur. Elə Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri də rəsmi Bratislava tərəfindən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması perspektivi Azərbaycanın Avropa üçün yalnız bugünün deyil, həm də yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xətti təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir.
- Eldar müəllim, elə bilirəm ki, biz indi Azərbaycan-Avropa tərəfdaşlıq əlaqələri mövzusunu davam etdirmək istəsək, ölkəmizlə münasibətləri inkişaf etdirməkdə maraqlı olan bir çox dövlətlərin adlarını çəkə bilərik ki, bunların da sırasında qitənin istər siyasi, istərsə də iqtisadi baxımdan lider ölkələri yer alıblar. Bu barədə nə deyə bilərsiz?
- Bu gün Azərbaycanla təkcə Avropanın deyil, dünyanın aparıcı dövlətləri əməkdaşlıq etməkdə son dərəcə maraqlı olduqlarını açıq-aydın nümayiş etdirirlər. Əgər biz sırf Avropa ölkələrindən danışırıqsa, bu zaman qitənin İtaliya və Almaniya kimi aparıcı mövqelərdə duran dövlətlərini qeyd edə bilərik. Məsələn, bu ilin aprel ayında Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də bu deyilənlərin daha bir önəmli təsdiqidir. Səfər çərçivəsində Azərbaycan və Almaniya dövlət başçılarının keçirdikləri görüşlərdə müzakirə olunan əsas mövzulardan birinin də Ermənistanla sülh sazişinin imzalanması barədə olması Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında Almaniyanın xüsusilə maraqlı olduğunu deməyə əsas verir. Hələ də davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük təhdidlər törətməkdədir. Bu səbəbdən yeni enerji mənbələri axtaran Avropa İttifaqı üçün Azərbaycanın önəmi getdikcə daha qabarıq formada özünü göstərir. Zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Avropanın seçiminə təsir edən əsas amillərdəndir. Bütün bunlar Azərbaycanı Avropa İttifaqı üçün əsl etibarlı tərəfdaşa çevirib. Belə olan halda ölkəmizin yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olması da əlbəttə ki, Avropa ölkələrinin, o cümlədən Almaniyanın maraqlarına cavab verən məqamdır. Azərbaycan və Almaniya dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda da bütün bu məqamlar öz əksini tapmışdır. Almaniya Prezidenti o cümlədən Orta Dəhlizin öz ölkəsi üçün vacibliyini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlı olan Almaniya Orta Dəhlizin vəd etdiyi perspektivləri yüksək dəyərləndirir və getdikcə bu perspektivlər daha da cəlbedici olacaqdır.
- Yeri gəlmişkən, İtaliya Prezidentinin sentyabr ayında ölkəmizə etdiyi rəsmi səfəri də kifayət qədər önəmli hadisə kimi dəyərləndirilə bilər...
Əlbəttə ki, Prezident Mattarellanın Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edən bir hadisə idi. Həm də bu səfərin önəmi təkcə Azərbaycan-İtaliya əlaqələrinin deyil, həmçinin Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-NATO əlaqələrinin də dərinləşməsinə və daha da möhkəmlənməsinə verə biləcəyi dəyərli töhfələrlə bağlıdır. İtaliya ilə münasibətlər Azərbaycanın Qərblə əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Dövlət başçımızın da öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımların atılmasında da bu dəstək öz təzahürlərini tapır. Əlbəttə, bu gün İtaliya ilə münasibətlər onsuz da çox yüksək səviyyədə inkişaf etməkdədir və bu fakt öz təsdiqini cənab Prezident İlham Əliyevin sentyabr ayında mətbuata verdiyi bəyanatında da tapmışdır. Bununla belə dövlət başçısı xüsusi olaraq vurğuladı ki, mövcud əlaqələrin dayanıqlılığı yalnız energetika layihələri ilə məhdudlaşmamalıdır. Təqdirəlayiq haldır ki, bu münasibətlərin getdikcə daha çox sahəyə sirayət etməsi üçün bu gün həm Azərbaycan, həm də İtaliya tərəfindən məqsədyönlü addımlar atılır, əlaqələrin institusional formatda genişlənməsi üçün tədbirlər görülür. Əlbəttə ki, Azərbaycan və İtaliya arasında parlamentlərarası platformaların, gənclər forumlarının gücləndirilməsi, vətəndaş cəmiyyəti təmaslarının təşviqi bu məsələyə önəmli töhfələr verə bilər. O cümlədən İtaliya-Azərbaycan Universiteti kimi layihələr strateji tərəfdaşlığın mədəni və təhsil aspektinə uğurlu keçidinin bariz göstəricisidir. Həm də bu cür layihələrin çox önəmli mənəvi-siyasi dəyər daşıyıcısı olduqlarını da diqqətdən kənarda qoymaq olmaz.
Söhbətləşdi: Azər Məmmədov
ardı var...
- 1

