Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi Parlamentin dekabrın 19-da keçirilən iclasında təsdiq olunub. Bu amnistiya aktı əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir. Bu sənəd bir daha göstərdi ki, cənab Prezident İlham Əliyevin siyasi baxışlarının mərkəzində məhz insan amili dayanır.
Bugünkü buraxılışımızda qəbul olunmuş amnistiya aktının mahiyyəti, eləcə də Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini səciyyələndirən bir çox məsələlər barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
Xoş gördük Sizi, Eldar müəllim. Ölkəmizin ictimai-siyasi həyatında cərəyan edən hadisələrin, gedən mütərəqqi proseslərin yüksək dinamikası bizim növbəti görüşümüzün vaxtının müəyyənləşməsinə də təsirsiz ötüşmədi. Hər dəfə olduğu kimi, Sizinlə görüşmək bizə çox xoşdur və ümid edirəm ki, bugünkü söhbətimizin mövzusu da kifayət qədər maraqlı və rəngarəng olacaq. Eldar müəllim, Milli Məclis Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Parlamentə təqdim etdiyi Amnistiya Qərarının layihəsini təsdiq etdi...
- Mən də sizi ürəkdən salamlayıram və növbəti dəfə sizinlə görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Bəli, dekabrın 19 Milli Məclis müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktını qəbul etdi. Bu təşəbbüsü ilə Ölkə Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin başlıca ideoloji sütunlarından birinin məhz humanizm prinsipi olduğunu bir daha nümayiş etdirdi. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi, ədalət və mərhəmət dəyərlərinin təşviqi bu siyasətin prioritet istiqamətlərini təşkil edir. Bu amnistiya aktı bir daha göstərdi ki, Azərbaycan dövlətinin gücü yalnız iqtisadi və hərbi potensialında deyil, eyni zamanda cəmiyyətə təqdim etdiyi humanist yanaşmada və sosial məsuliyyət fəlsəfəsində ifadə olunur. Müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan tarixi nailiyyətdir. Məhz bu kontekstdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində humanizm və mərhəmət ənənələrinə sadiqliyin bariz nümunəsi kimi cənab Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu addım cəzadan azad etmənin təkcə hüquqi deyil, həm də tərbiyəvi və sosial əhəmiyyət daşıdığına inamın ifadəsidir. Dövlət başçısı azadlığa qovuşacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına, cəmiyyətə inteqrasiya olunaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini nümayiş etdirir.
- Eldar müəllim, elə bu məqamda istərdim söhbətimizi cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri keçən müddət ərzində göstərdiyi fəaliyyətini səciyyələndirən əsas prinsiplər mövzusunda davam etdirək...
- Cənab Prezident İlham Əliyevin fəaliyyətindən danışarkən, ilk növbədə belə bir həlledici məqam diqqətə alınmalıdır ki, Azərbaycan xalqı hər zaman öz dövlət başçısını dəstəkləyib, ona sonsuz etimad göstərib. Dövlət başçımızın 22 illik fəaliyyətini səciyyələndirən əsas prinsiplər isə, mahiyyət etibarı ilə cənab Prezidentin 2024-cü ilin seçki platformasında qarşıya qoyulmuş hədəflərdə aydın şəkildə öz əksini tapıb. Bunlar hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, Milli maraqlara söykənən müstəqil xarici siyasət, Milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ və müasir təhsil, qabaqcıl səhiyyə, müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi. Etiraf edək ki, Azərbaycan bütün bu hədəf və məqsədlərə doğru 2003-cü ildən bəri inamla irəliləyir və onların bir çoxu bu gün bizim gündəlik həyatımızın tərkib hissəsidir.
- Elə bilirəm ki, cənab Prezidentin fəaliyyətindən danışarkən ordu quruculuğu sahəsində görülən işlər xüsusi vurğulanmalıdır. Bu barədə nə deyə bilərsiz?
- Sözsüz ki, silahlı qüvvələrin modernləşdirilməsi cənab Prezident İlham Əliyevin dövlət siyasətinin əsas strateji isiqamətlərindən biridir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması möhtərən dövlət başçımızın Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da vaxtında aparılan islahatlarla bağlıdır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qürurverici haldır ki, Azərbaycan MDB məkanında ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. 2020-ci il sentyabr-noyabr aylarında Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Birmənalı olaraq qeyd olunmalıdır ki, bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.
- Və əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdış Dövlət Proqramının uğurlu icrası da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin davamı kimi qiymətləndirilməlidir...
- Məlumdur ki, cənab Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Bununla da işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Bunu da qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Bütün bunlar hətta dünya miqyasında belə möhtəşəm nəticələrdir və bu nəticələr birbaşa cənab Prezident İlham Əliyevin özünün formalaşdırdığı və uğurla tətbiq etdiyi unikal idarəetmə mexanizmlərinin yüksək effektivliyi sayəsində əldə olunub.
- Eldar müəllim, bu gün Azərbaycan həm də dünyanın aparıcı dövlətlərinin əməkdaşlıq etməkdə son dərəcə maraqlı olduqlarını açıq-aydın nümayiş etdirdikləri bir ölkədir...
- Bəli, dövlət başçısının həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Əlbəttə ki, dünyada sülhü və konstruktiv əməkdaşlığı təbliğ edən cənab Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. 2026-cı ildə isə ölkəmiz bu mötəbər Təşkilata sədrlik edəcək. Bu gün Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Əlbəttə ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik Azərbaycanı Avropa İttifaqı üçün də əsl etibarlı tərəfdaşa çevirib.
- Amma təəssüflər olsun ki, Avropa Parlamenti tərəfindən bu günlərdə qəbul edilmiş növbəti qətnamə heç də dost münaibətlərinin inkişaf etdirilməsinə xidmət eləmir...
- Tamamilə sizinlə razıyam. İlk növbədə nəzərə almaq lazımdır ki, ölkəmizin yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olması Avropa ölkələrinin maraqlarına cavab verən məqamdır. Lakin Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsindən belə məlum olur ki, Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər. Bu isə o deməkdir ki, Avropa Parlamentinin fəaliyyəti hətta bu qurumun təmsil etdiyi ölkələrin və xalqların da maraqlarına ziddir. Azərbaycan digər dövlətlər kimi, öz təhlükəsizliyini və milli maraqlarını qorumaq hüququna malikdir. Qəbul edilən bu sənəd isə bir daha sübut edir ki, Avropa Parlamenti hüququ deyil, öz siyasi maraqlarını müdafiə edir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Milli Məclisi Avropa məlum qətnaməsi ilə əlaqədar bəyanat yayıb və bu bəyanatda biz növbəti dəfə böhtan xarakterli və heç bir hüquqi əsası olmayan bu sənədi qətiyyətlə pisləmişik, onun qəbuledilməz olduğunu bildirmişik. Lakin nəticə etibarı ilə belə qərarlar əlbəttə ki, nə Azərbaycanın inkişafına, nə də dövlətimizin daha da güclənməsinə qətiyyən mane ola bilməzlər. Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə öz haqq yoluna davam edəcək, güclənəcək və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.
- Eldar müəllim, artıq bir neçə gündən sonra bütün xalqımız, eləcə də planetin ən müxtəlif guşələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük coşqu ilə qeyd edəcəklər. Lakin bu möhtəşəm bayramdan da öncə Ölkə Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Düşünürəm ki, hər iki fərəh gətirən tarixlə bağlı Sizin deməyə ürək sözləriniz var...
- Əlbəttə ki, mən ilk növbədə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə dərin hörmət və minnətdarlıq hissi ilə təbrik edirəm. Dövlət başçımızın uzaqgörən, qətiyyətli və müdrik siyasəti müasir Azərbaycanın güclənməsinin əsas sütunudur. Tarixi zəfərlər, möhkəmlənən dövlətçilik və yüksələn beynəlxalq nüfuz məhz bu liderliyin parlaq nəticəsidir. Xalqın iradəsinə söykənən bu siyasi kurs ölkəmizi davamlı inkişafa aparır. Möhtərəm cənab Prezidentimizə möhkəm cansağlığı, uzun ömür və ali dövlətçilik missiyasında yeni uğurlar arzulayıram. Azərbaycan xalqı bu liderliyə güvənir və onunla fəxr edir. Həmçinin mən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Bu gün milli birliyimizin, ortaq kimliyimizin və tarixi köklərimizin qürurverici təcəssümüdür. Güclü dövlətçilik ənənələri və sarsılmaz həmrəylik ruhu xalqımızı daim ucaldan əsas dəyərlərdir. 2026-cı ilin hər bir azərbaycanlı ailəsinə sülh, rifah və firavanlıq gətirməsini arzulayıram. Qoy milli birlik iradəmiz gələcək zəfərlərin təməli olsun. Həmrəyliyimiz əbədi, yolumuz daim aydın olsun!
- Eldar müəllim, bir daha səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
Söhbətləşdi: Azər Məmmədov
aia.az
- 1

