Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir

Müstəqilliyini qazandığı ilk illərdən bu yana Azərbaycan dünya birliyinə fəal inteqrasiya edən ölkələr sırasında birincilərdəndir.Planetin ən mötəbər təşkilatları ölkəmizi çox həvəslə üzvlüyə qəbul edir ki, bu da respublikada yaradılan sağlam-psixoloji mühit və öhdəliklər qarşısında cavabdehlik missiyasının layiqincə yerinə yetirilməsi baxımından dəyərləndirilən amil kimi diqqət çəkir.
Dünya miqyasında böyük nüfuza malik qurum olaraq tanınan İslam Əməkdaşlıq Təşkilatı iki əsrin ayrıcında beynəlxalq münasibətlərin tənzimləməsində müstəsna rol oynamış və bu gün də belə bir rola malikdir.
1969-cu ilin avqust ayında Qüds şəhərindəki Əl-Əqsa məscidində yanğınla nəticələnən terror hadisəsinin müzakirəsi üçün təşkil olunan təcili toplantı belə bir təşkilatın təsisatı zəruriliyi haqqında Səudiyyə kralının etdiyi təklifə qoşuldu.Nəticədə Rabatda İslam Konfransı Təşkilatının (İKT) yaradıldığı elan edildi.Təsisat konfransında üzv olan dövlətlərin öz aralarında iqtisadi,elmi və humanitar sahələrdə sıx əməkdaşlıq,yanacaq-enerji təhlükəsizliyi məsələlərinin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi nəzərdə tutulurdu.
Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.
2011-ci ildə təşkilatın Astana sammitində qurumun adı İƏT-ə,yəni İslam Əməkdaşlıq Təşkilatına dəyişdirilmişdir.Azərbaycan son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi etmişdir.
2017-ci ildə İƏT-lə əməkdaşlıq çərçivəsində görülmüş tədbirlər arasında İƏT-in mənzil-qərargahında Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilmişdir.
2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə təqaüd ayrılmışdır.
Zabrat qəsəbəsi, 192 saylı tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov
- 1

