COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

Müasir dövrdə iqlim dəyişmələri qlobal miqyasda bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri kimi çıxış edir. Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi artıq təkcə ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq ictimaiyyətin əsas gündəm mövzularındandır. Bu baxımdan iqlim diplomatiyasının gücləndirilməsi və dövlətlərarası əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi qlobal iqlim siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun, eləcə də Prezident İlham Əliyevin qlobal problemlərin həllinə verdiyi töhfələrin bariz göstəricisidir. Qısa zaman ərzində görülən hazırlıq işləri və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın bu məsuliyyətli missiyanı uğurla yerinə yetirdiyini sübut etmişdir. Azərbaycanın ekoloji siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər hələ 1990-cı illərin ortalarından etibarən ətraf mühitin mühafizəsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. 1998-ci ildə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 2001-ci ildə ölkəmizin bir sıra beynəlxalq ekoloji konvensiyalara qoşulması bu sahədə atılmış mühüm addımlar olmuşdur. Ulu öndər Heydər Əliyev təbiətin qorunmasını gələcək nəsillər qarşısında mənəvi məsuliyyət kimi dəyərləndirərək ekoloji məsələlərin davamlı inkişafla vəhdətdə həllinin vacibliyini vurğulamışdır. Bu strateji xətt bu gün cənab prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə Azərbaycan Paris İqlim Sazişini ratifikasiya edərək iqlim dəyişmələri ilə mübarizədə qlobal öhdəliklərə sadiqliyini nümayiş etdirmişdir. 2021-ci ildə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin “yaşıl enerji zonası” elan olunması isə ölkəmizin ekoloji siyasətində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu ərazilərdə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi bərpa olunan enerji mənbələrinin inkişafına geniş imkanlar yaratmışdır. COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və iqlim maliyyəsi kimi mühüm məsələlər müzakirə olunmuşdur. Konfrans zamanı qəbul edilən qərarlar xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürdüyü Bakı Maliyyə Məqsədi təşəbbüsü iqlim maliyyəsinin artırılması istiqamətində qlobal miqyasda yeni yanaşmanın formalaşmasına zəmin yaratmışdır. Bu təşəbbüs inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmləndirmişdir. Konfransda onlarla dövlət və hökumət başçısının, minlərlə nümayəndənin iştirakı ölkəmizin qlobal problemlərin müzakirə olunduğu nüfuzlu platformaya çevrildiyini göstərmişdir. Karbon bazarları ilə bağlı uzun müddət müzakirə edilən mexanizmlərin işə salınması iqlim diplomatiyasında mühüm irəliləyiş kimi dəyərləndirilir. COP29 təkcə iqlim məsələləri ilə bağlı deyil, eyni zamanda beynəlxalq həmrəyliyin, qarşılıqlı etimadın və qlobal məsuliyyətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu platformada fəal mövqe tutaraq göstərdi ki, qlobal çağırışların həlli yalnız birgə səylər və konstruktiv dialoq yolu ilə mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət ölkəmizi bu sahədə nümunəvi dövlətlərdən birinə çevirmişdir. Nəticə etibarilə, COP29-un Azərbaycanda keçirilməsi iqlim diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi tarixə düşmüşdür. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, ekoloji siyasətinin qlobal səviyyədə tanınmasına və gələcək nəsillər üçün daha təhlükəsiz dünyanın qurulmasına mühüm töhfə vermişdir. COP29 bir daha sübut etdi ki, Azərbaycan qlobal problemlərin həllində fəal, məsuliyyətli və təşəbbüskar dövlətdir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbinin
İbtidai sinif müəllimi Rəna Xudayeva
- 1

