Səttar Möhbalıyev: "Qələbə fəlsəfəsindən idman strategiyasına və Azərbaycanın güclü idman dövləti modeli"

Dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim təkcə bir ilin nəticələrinin təqdimatı deyil, müstəqil Azərbaycanın formalaşdırdığı idman dövlətçiliyinin konseptual hesabatı kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin mərasimdə iştirakı və çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanda idman sahəsi epizodik uğurların deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin məhsuludur.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, 2025-ci il Azərbaycan idmanı üçün rekordlar ili olub. Beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması təsadüfi göstərici deyil. Bu rəqəmlər dövlətin idmana sistemli yanaşmasının, infrastrukturun, insan kapitalına sərmayənin və uzunmüddətli strategiyanın real nəticəsidir. Burada əsas məqam odur ki, cənab Prezident bu uğurları yalnız idmançıların fərdi nailiyyəti kimi deyil, dövlət siyasətinin məntiqi davamı kimi təqdim edir. Medalların ildən-ilə artması göstərir ki, Azərbaycanda idman inkişafı öz dinamikasını tapıb və bu dinamika dayanıqlıdır. Azərbaycanda idmanın inkişafının dövlət siyasəti səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsinin bariz nümunəsidir. Bu gün ölkədə idman infrastrukturu faktiki olaraq sıfırdan qurulub və regionların sosial inkişafının ayrılmaz hissəsinə çevrilib. Gəncə və Yevlaxda istifadəyə verilən iki yeni Olimpiya İdman Kompleksi ilə birlikdə bölgələrdə bu komplekslərin sayı 46-ya çatıb. Bu, sadəcə idman obyektləri deyil, sağlam həyat tərzinin, sosial aktivliyin və milli ruhun mərkəzləridir. Cənab Prezidentin çıxışında xüsusi vurğuladığı kimi, bölgələrdə yaradılan bu şərait gəncləri idmana cəlb edir və sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri də idmanın vətənpərvərlik və mənəvi tərbiyə vasitəsi kimi təqdim olunmasıdır. Dövlət başçısı açıq şəkildə bildirir ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Bu vəhdət olmadan nə idmanda, nə də dövlət quruculuğunda davamlı uğur mümkündür. Xüsusilə Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra idmançıların üzərinə düşən məsuliyyət daha da artıb. Onlar artıq beynəlxalq arenalarda müzəffər xalqın nümayəndələri kimi çıxış edirlər. Dövlət Bayrağının qaldırılması bu gün təkcə idman qələbəsi deyil, milli qürurun, siyasi gücün və tarixi haqqın təcəssümüdür.
Millət vəkili onu da vurğulayıb ki, 2025-ci ildə Azərbaycanda keçirilən III MDB Oyunları ölkəmizin idman diplomatiyasının yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Oyunların təkcə Bakıda deyil, Gəncə, digər şəhərlər və Xankəndidə keçirilməsi Azərbaycanın ərazi bütövlüyünü, infrastruktur potensialını və regional inkişaf modelini dünyaya göstərdi. Minlərlə xarici qonağın bölgələrdə yüksək səviyyədə qarşılanması, yaradılan şərait və təşkilati mükəmməllik bir daha sübut etdi ki, Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin etibarlı ünvanıdır. UFC turnirinin ilk dəfə Bakıda keçirilməsi, Formula 1 yarışlarının davamlı uğuru və bütün biletlərin əvvəlcədən satılması Azərbaycanın artıq qlobal idman bazarında marka şəhər statusu qazandığını göstərir. Yarım milyardlıq auditoriyaya malik Formula 1 yarışları vasitəsilə Bakı təkcə idman deyil, mədəniyyət, turizm və müasirlik mərkəzi kimi təqdim olunur. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq aparıcı dünya şəhərləri Bakı təcrübəsinə baxaraq Formula 1-in şəhər mərhələlərinə xüsusi maraq göstərirlər. Bu fakt Azərbaycanın beynəlxalq idman məkanında trend yaradan ölkəyə çevrildiyini təsdiqləyir. Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır. Bu, ölkəmizin yalnız yay və salon idman növlərində deyil, qış idmanında da iddialı olduğunu göstərir. Şahdağda yaradılan infrastruktur, artan tras uzunluğu, özəl sektorun marağı və minlərlə iş yerinin yaradılması idmanın regional iqtisadiyyata verdiyi töhfənin real nümunəsidir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində gördüyü işlərə verilən beynəlxalq qiymət və etimadın rəmzidir. Bu ad təkcə fəxarət deyil, həm də böyük məsuliyyətdir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan bu adı ləyaqətlə daşımaq əzmindədir.
2025-ci ilin idman yekunları bir daha göstərdi ki, Azərbaycanda idman sadəcə yarış və medal deyil. O, dövlət gücünün, milli ideologiyanın, gənclər siyasətinin və beynəlxalq imicin ayrılmaz tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu idman modeli ölkəmizin gələcək onilliklərdə də qələbə fəlsəfəsinə sadiq qalacağının ən möhkəm təminatıdır. Azərbaycan bu gün idman meydanlarında da Bayrağı qaldırılan, himni səslənən, qüruru yaşanan qalib dövlət, ölkə kimi tanınır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
- 1

